Şuşa bizim əyilməz ruhumuzun rəmzidir
May 14
09:54
2024
32 ildən sonra şuşalıların doğma yurda qayıtması ilə Qarabağın döyünən ürəyi, ölkəmizin, İslam dünyasının mədəniyyət paytaxtı olan Şuşanın tarixində yeni dövr başlayır.
Bildiyimiz kimi, ölkə prezidenti cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva 10 may 2024-cü il tarixində Şuşa şəhərinə səfər etmişdir. Bu tarix, Prezidentin Şuşa sakinləri ilə görüşü zamanı dediyi kimi, Şuşanın yeni tarixinin başlanğıcı idi. Otuz iki ildən sonra artıq Şuşada yeni həyat başlayır. Şuşalılar düşməndən azad olunmuş öz doğma yurdlarına, el-obalarına geri dönüş edirlər. Təbii ki, bu, çox mühüm tarixi hadisədir. Digər mühüm əhəmiyyəti isə bu tarixi hadisənin məhz Ulu Öndər Heydər Əliyevin 101 illiyi günü baş tutmasıdır. Hər kəsə məlumdur ki, işğal olunmuş torpaqlarımızı azad görmək, sakinlərin yurdlarına geri qayıdışını təmin etmək Heydər Əliyevin ən böyük amalı, arzusu idi və əsas hədəf bu arzunu reallaşdırmaq üzrə qurulmuşdu. Ümummilli liderin başlanğıcını qoyduğu və vəsiyyəti olan bu hədəfin reallaşdırılması Prezident İlham Əliyevin sonlandırması ilə nəticələndi.
Prezident Şuşa sakinləri ilə mətbuata açıq xüsusi görüş keçirdi. Görüş zamanı Prezident bir çox məqamlara toxundu. Təbii ki, ilk olaraq, bu qələbəni bizə bəxş edən igid, qəhrəman oğullarımızı yad etmək xüsusi önəm kəsb edir. Prezidentin də dediyi kimi "Bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər”.
Prezident sakinlərlə görüş zaman Şuşada baş tutan quruculuq işləri, təmir edilən qədim memarlıq abidələri, sakinlər üçün tikilən yeni yaşayış kompleksləri, geniş infrastruktur layihələri haqqında sakinləri və mətbuatı məlumatlandırdı.
O qeyd etdi: "Hər şey çox müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur. Bu bərpa-yenidənqurma işlərinə dünyanın aparıcı şirkətləri cəlb olunub. Həm Şuşada, həm də artıq inşa edilmiş digər qəsəbə və şəhərlərdə məşğulluq məsələləri də həll olunur, treninqlər keçirilir, buraya qayıdacaq insanların işlə təmin olunması məsələlərinə də çox diqqətlə baxılır və bu işlər öz həllini tapır”.
Aygün Xudiyeva,
Salyan rayon Şorsulu kənd ümumi orta məktəbin direktor əvəzi