Şuşada böyük infrastruktur layihələri reallaşdırılır
May 14
10:09
2024
Ermənistan üzərindəki tarixi qələbəmizdən və Azərbaycan Ordusunun Qarabağda apardığı lokal xarakterli antiterror tədbirlərindən sonra doğma dədə-baba yurdlarından didərgin salınmış soydaşlarımız böyük coşqu ilə isti ocaqlarına qayıdırlar. Prezident İlham Əliyevin tapşırığı və tövsiyəsi əsasında işğaldan azad edilmiş ərazilərimizdə tikilmiş hər cür infrastruktura malik yaşayayış kompleksləri doğma yurdlarından didərgin salınmış soydaşlarımızın ixtiyarına verilib. Bugünlərdə şuşalıların da 32 illik həsrətinə son qoyuldu. Bir neçə gün əvvəl Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Cənab İlham Əliyev ilk köç edən sakinlər qarşısında çıxış edərək bildirdi: "Siz otuz iki il vətən həsrəti ilə yaşamısınız, amma bilirəm ki, bir an da Şuşanı unutmamısınız, bilirdiniz və inanırdınız ki, siz buraya qayıdacaqsınız. Mən də bilirdim, mən də inanırdım və Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim."
Sədaqət Vahidova,
Salyan rayonu, təqaüddə olan müəllim
Şuşanın azad edilməsi uğrunda gedən döyüşləri də xatırladaraq deyib ki, cəsur hərbçilərimiz bu döyüşlərdə elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar. Biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. 44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı. Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi.
Hazırda Şuşada genişmiqyaslı quruculuq işləri aparılır. Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyulmuşdur. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdu. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Bütün evlər gözəl memarlıq üslubunda Şuşanın ənənəvi üslubunda inşa edilir. Bununla yanaşı, Şuşada böyük infrastruktur layihələri reallaşdırılır. Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkildi. İndi isə daha geniş magistral avtomobil yolu çəkilir. Yeddi tuneli, doqquz viaduku, bir çox körpüləri olan dördzolaqlı gözəl bir yol çəkilir. Şuşanın tarixi abidələrinin bərpasına müharibədən dərhal sonra başlanılmışdır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Vaqifin məqbərəsi yenidən quruldu, onun əzəli görkəmi qaytarıldı. Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi bərpa olundu. Mamayı məscidinin bərpadan sonra açılışı oldu. Çöl Qala məscidində bərpa işləri başlanılıb. Mehmandarov məscidi və Mehmandarovun evi bərpa edilib. Artıq dörd mehmanxana fəaliyyət göstərir. Onların içində ən böyük beşulduzlu Şuşa mehmanxanası bu gün Şuşanın müasir görkəmini əks etdirir. Şirinsu hamamı əsaslı təmirdən sonra açılmışdır. Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Üzeyir Hacıbəylinin vəhşi düşmən tərəfindən dağıdılmış abidəsi yenidən öz yerinə qoyuldu, ermənilər tərəfindən dağıdılmış evi yenidən qurulur. Göründüyü kimi, Şuşanın dirçəldilməsi geniş vüsət alıb.
Şuşalılarla görüşü zamanı Prezident İlham Əliyev Şuşanın ermənilər tərəfindən işğal olunduğu günləri də xatırladaraq bildirib: "Hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün tör-töküntüləri, onların böyük əksəriyyəti Zəfərimizə sevinməyiblər. Bizim Qələbəmizə bu günə qədər kölgə salmağa, ermənilərlə əlbir olub Zəfərimizi aşağılamağa çalışırlar. Məhz onların hakimiyyətə can atmaları dövründə və ovaxtkı hakimiyyətin satqın, qorxaq olması səbəbindən Şuşa işğal altına düşdü. Şuşa yiyəsiz qalmışdı və Şuşanın düşmənə təhvil verilməsi Xalq Cəbhəsinə hakimiyyətə gəlmək üçün yol açdı. Şuşanı müdafiə etməyə söz verən, əks təqdirdə, öz başına güllə çaxmağa söz verən o ünsür görəsən indi hansı hisslər yaşayır? Əminəm ki, bu günə sevinmir”.
Qədim tarixi Azərbaycan şəhəri işğala baxmayaraq, öz ruhunu - Azərbaycan ruhunu qoruyub saxlaya bildi. Şəhər öz əyilməzliyi, sədaqəti ilə mübarizə apardı. Erməni işğalçıları hər yanı dağıtsa da, tarixi abidələri məhv etməyə, saxtalaşdırmağa çalışsa da Şuşa mətanətlə dayandı. İndi Şuşa təkcə Azərbaycanın deyil, bütün Qafqazın incisi, Türk və İslam dünyasının mədəniyyət paytaxtıdır. Bu isə bütün işğal altında olan ərazilərimizin azad ediləcəyinə hər zaman inanan və buna nail olan Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin parlaq düşünülmüş və həyata keçirilən strategiyası, rəşadətli ordumuzun, əsgər və zabitlərimizin qəhrəmanlığı, şəhid və qazilərimizin igidliyi sayəsində baş verdi. Bu gün dünyanın hansı yerində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının başı dik, alnı açıqdır, Azərbaycanlı olması ilə fəxr edir.
Sədaqət Vahidova,
Salyan rayonu, təqaüddə olan müəllim