Tahir Eynullayev beynəlxalq festivalın münsiflər heyətində
Mart 23
15:28
2016
Azərbaycanın tanınmış rəqqas-xoreoqrafı, Əməkdar Artist Tahir Eynullayev aprelin 1-dən 3-dək Tbilisidə keçiriləcək uşaq və yeniyetmələrin xoreoqrafiya sənəti üzrə Vaxtanq Çabukiani adına üçüncü Beynəlxalq festival-müsabiqəsində münsiflər heyətinin üzvü qismində iştirak edəcək.
T.Eynullayev AZƏRTAC-a bildirib ki, müsabiqənin münsiflər heyətinə hər il olduğu kimi, bu il də müxtəlif ölkələrdən tanınmış rəqqaslar, musiqi mütəxəssisləri qatılıblar.
Festival-müsabiqə Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin dəstəyi, Gürcüstanın Dövlət İncəsənət Universitetinin kafedra müdiri, məşhur xoreoqraf Nataliya Digmelasşvilinin təşkilatçılığı ilə reallaşacaq.
Onun sözlərinə görə Azərbaycanın müxtəlif rəqs ansamblları bu festival-müsabiqədə artıq üçüncü dəfə təmsil olunacaq. Festivala Azərbaycanla yanaşı, Gürcüstan, Moldova, Rusiya, Türkiyə, Estoniya və başqa ölkələrdən ansambllar iştirak edəcək.
Müsabiqədə ölkəmizi "Təbəssüm” Uşaq Teatrı, "Zirvə” rəqs ansamblı, Bakı Xoreoqrafiya Akademiyasinin tələbələri və İncəsənət Gimnaziyasının şagirdləri təmsil edəcəklər.
Qeyd edək ki, tanınmış rəqqasımız bundan əvvəl ABŞ, Böyük Britaniya, İsveç, İtaliya və Türkiyədə keçirilmiş beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edib.
Qlobal.az