Tahir Süleymanov Akif İsmayılov haqda: "Dedi, generalı mən yola verərəm"
Fevral 26
18:40
2016
Xəbər verdiyimiz kimi, Tofiq Bəhramov adına Respublika stadionunun sabiq direktoru Akif İsmayılovun dünyasının dəyişdiyi bu gün məlum olub.
Qaynar.info xəbər verir ki, "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov mərhumla bağlı xatirələrini bölüşüb. O, Avropa Liqasının qrup mərhələsində "Neftçi"nin Bakıda İtaliyanın "İnter" komandası ilə oyunu öncəsi İsmayılovla bağlı dialoqunu xatırlayıb:
"52 yaş nə yaşdır ki... Çox üzücü bir xəbər oldu. Akif İsmayılovun dünyadan köçməsi xəbəri... Gülərüz, baş əyməyən, futbolu dərindən bilən, üst səviyyədə keyfiyyətlərə malik bir insan...
Elə bil indicə Azərbaycan futbol tarixində ilk dəfə baş tutacaq Avroliqanın qrupunda "Neftçi" - "İnter" oyunu start götürəcək... Və Akif müəllim, müəllim yox, qardaşımız telefon açacaq: "Tahir, qardaşım, "İnter"in azarkeşlərini köhnə V.İ.P. "A" sektoruna kim göndərib, yerləşdirib? Ora bilet satışı təmirdən sonra qadağandır. Onlar I-II sektorlarda olmalıdırlar axı. General burda aləmi qatıb ki, kim icazə verib". Cavabında: "Qardaş, çöldə 10 minlərlə azarkeş bilet axtarır, 80 italyana görə 5 min yeri necə boş saxlayım?! Biletləri satışa çıxardıq". Gülərüz səslə: "Yaxşı, ay Tahir, klub üçün, azarkeş üçün edirsən, başa düşürəm. UEFA nümayəndəsi sənlikdir, generalı mən yola verərəm".
Akif müəllim öz BÖYÜKLÜYÜ ilə hər şeyi dərk edən bir insan, dost idi... Çoxlarının 100 ilə qazanmadığı hörməti Akif İsmayılov yarım əsrə qazandı".
Qeyd edək ki, Akif İsmayılov 52 yaşında səhhətində yaranan xəstəlikdən dolayı vəfat edib.
Qlobal.az