SON XƏBƏR

Tamadalıq, klounluq etməyə məcbur aktyorlar…

Mart 02
22:18 2016
Allahverdi Yolçuyev: " … münasibətlə qarın doymur axı”
 
Deputat: "Elə bir qurum yaratmaq istəyirik ki, musiqi, sənət adamları orda cəmləşsin”
 
Azərbaycanda sıravi aktyorların vəziyyəti çox acınacaqlıdır. Aldıqları cüzi miqdarda maaş onların yaşayışına yetmir. Yalnız xalq artisti adı alan aktyorlar ayda prezident təqaüdü, prezident mükafatı aldıqlarından maddi durumlarından, yaşayış səviyyəsindən razılıq edirlər. Lakin xalq artisti adını alan aktyorlar çox deyil. Əməkdar artist və sıravi aktyorların əksəriyyəti maddi gəlir əldə etmək üçün toylarda tamadalıq edir, xınayaxdı məclislərinə gedirlər. Restoran və şadlıq evlərində klounluq etmək məcburiyyətində olan aktyorlarımız da kifayət qədərdir. Maddi imkansızlıqdan şikayətlənən aktyorlardan biri də Allahverdi Yolçuyevdir. Daha çox Azərbaycan televiziyasında yaratdığı "ovçu Pirim” obrazı ilə tanınan aktyor bu günlərdə sosial şəbəkədə millət vəkillərinə, aidiyyatı qurumlara səslənərək həmkarlarının maaşlarının artırılmasını istəmişdi. Bəs ömrünün 38 ilini sənətə həsr edən, çoxlu filmə çəkilən, tamaşalar oynayan, bu günədək minlərlə film səsləndirən, buna baxmayaraq cüzi miqdarda maaş alan aktyorun səsini eşidən oldumu?
 
Aktyor Allahverdi Yolçuyev bu barədə "Yeni Müsavat”a açıqlama verib: "Tamaşaçılar, ayrı-ayrı insanlar mənim statusuma cavab yazdılar. Amma heç bir qurumdan mənə müraciət olmadı. Xalq artistləri deyə bilər ki, onların maddi durumları, işi yaxşıdır. Lakin insan təkcə özünü düşünməməlidir axı. Onun ətrafındakı sıravi aktyorlar kirayədə yaşaya, borcla dolana bilər. Zamanında tanınmış, gözəl aktyorlarımız yolda gedəndə hamı arxasınca gedib onların geyimi, yerişi ilə maraqlanırdılar. Amma indi biz küçədə yeriyəndə heç kim bizimlə maraqlanmır. Nədən irəli gəlir? Bəli, aktyoru yetişdirən, yaşadan cəmiyyətdir, onu qiymətləndirən isə dövlətdir. Tutaq ki, mən kral, imperator, şah obrazı oynayıram. Metroda, basabasda, o, bu ayağımı tapdalayır və gəlib səhnədə kral oynamalıyam. Sizcə, o kral obrazını necə oynaya bilərəm? Mən 38 ildir ki, bu sənətdəyəm. Adi vətəndaşların mənə qarşı münasibəti çox yaxşıdır. Amma yaxşı münasibətlə qarın doymur axı. Demirəm ki, beş ildən sonra acından ölərəm. Şükür ki, övladlarım, nəvələrim, qardaşlarım, yaşamağa evim var. Öz əziyyətim, zəhmətimlə bu günə gəlmişəm. Amma niyə mən toylarda işləməliyəm? Niyə səhnədə oynamamlıyam? Xalq artisti prezident təqaüdü, mükafatı ala bilir və əlbəttə ki, hamısı yox. Amma adi aktyorları 160 və ya 100 manatdır, istəyirsən on, istəyirsən bir rol oyna, fərqi yoxdur. Lap olsun 300 manat. Bəs sonra? Xalqı mədəniyyətə yaxınlaşdırmaq lazımdır, uzaqlaşdırmaq deyil. Teatrlarda gözəl tamaşalar qoyulmalıdır. Özfəaliyyət çox əhəmiyyətlidir. Lakin onu efirə, səhnəyə gətirmək düzgün deyil. Özfəaliyyətin, professional yaradıcılığın hər birinin öz yeri var. Bu gün isə hər şey qarışıb bir-birinə”.
 
"Başqa aktyorlar kimi ölkəni tərk etmək fikriniz olubmu? " sualımıza aktyor belə cavab verdi: "Vətənin şad günündə yanında olursan, ağır günüdə qaçırsan, bu düzgün deyil. Belə şeyi qəbul etmirəm. Ac olsam da öz vətənimdə olaram. Məni burda hər kəs tanıyır, sevir, bu mənim üçün dünyadır”.
 
Milli Məclisin mədəniyyət komitəsinin sədri, deputat Rafael Hüseynov isə məsələyə bu cür münasibət bildirib: "90-cı illərin sonlarına yaxın prezident təqaüdləri və müxtəlif adlı təqaüdlər yarandıqdan sonra sənətkarlarımızın həyatında xeyli irəliləmə əmələ gəldi. Ttəbii ki, görüləsi işlər də çoxdur. Vaxtilə kino, teatr aktyorlarımızın çoxunun dolanışığı üçün yaxşı bir qaynaq, daimi dublyaj var idi və bu da onların həyatlarını xeyli yaxşılaşdırırdı. Təəssüf ki, bu məsələdə də ayrı-ayrı problemlər var. Doğrudur, televiziyalar dublyaj işini aparır, lakin onlar konkret olaraq həmişə üç-dörd aktyorla işləyirlər”.
 
Deputat, aktyorların, sənət adamlarının yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün bir sıra ideyaların irəli sürüldüyünü deyib: "Milli Məclisin mədəniyyət komitəsində bununla bağlı daim müzakirələr aparırıq. Bu istiqamətdə konkret ideyalar var. Bu, eyni zamanda ümumi büdcənin imkanlarına bağlı olan məsələdir. Təəssüflər olsun ki, son dövrlərdə qlobal böhran yaşanmaqdadır və bu sənətkarlarımızın da həyatında görünməkdədir. Bütün səylərimiz ilə çalışacağıq ki, bu istiqamətdə irəliləyişlər olsun. Çünki aktyor, sənətkar millətin, onun sərvətidir. Bu sərvəti də qorumaq və qayğı göstərmək vacibdir. Bu sadə arzu ilə olmur. İmkanla istək üst-üstə düşməlidir. Bunun hansı qaynaqların, mənbələrin hesabına olması barədə iqtisadi, maliyyə məsələləri ilə məşğul olan qurumlar düşünməlidir. Eyni zamanda vaxtaşırı Azərbaycanın müxtəlif bölgələrində maraqlı tamaşalar, konsertlər təşkil edilməlidir ki, onların dolanışıqları təmin olunsun. Bunun üçün yeni bir ideya var. Belə ki, bu yaxınlarda bir sıra musiqi, sənət xadimlərini bir yerə yığıb problemlərlə bağlı müzakirə keçirmək istəyirik. Elə bir qurum yaratmaq istəyirik ki, musiqi, sənət adamları orda cəmləşsin, toya gedən tamadanı, ayrı-ayrı şadlıq evlərində oxuyacaq ifaçıları artıq küçədən tutub gətirməsinlər, yalnız o birlik tərəfindən təşkil edilsin. Eyni zamanda o birlik sonradan xeyriyyə tədbirlərini də həyata keçirə bilsin. Birliyin repertuarlara da nəzarət etməsi nəzərdə tutulur, yəni ifaçılar toya və ya məclislərə gedəndə istədikləri hər şeyi ifa edə bilməsin. Bu zövq və tərbiyə səviyyəsinə, xeyli də maliyyə sərvətlərinin əldə edilməsinə səbəb ola bilər. Bununla da birliyə maddi problemləri olan, xəstələnən, müalicəyə ehtiyacı olan sənətkarlar da müraciət edə biləcək. Və yaxud hansısa böyük mədəni layihələrin reallaşmasını həyata keçirmək olar. Yəni, faktiki olaraq sənət adamlarının özlərinin zəhməti hesabına qazandıqları vəsait həm də öz həmkarlarının problemlərinə yardımçı olacaq. Belə zənn edirəm ki, bu cür icrası mümkün olan qənaətlərə gəlmək olar”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook