TANAP layihəsi üçün məlumatlandırma iclası keçirilib
Aprel 19
14:37
2017
Türkiyənin Ərzurum valiliyi "TANAP Sosial və Regional İnvestisiyalar Proqramları" çərçivəsində iclas keçirib. "Report" "Habertürk" saytına istinadən xəbər verir ki, TANAP çərçivəsində keçirilən iclasda veriləcək qrantların tərkibi, qaydalar, müraciət forması, müraciət edə biləcək şəxslər, tətbiq müddəti kimi bir çox sahədə məlumatlar verilib. Bununla yanaşı TANAP layihəsi keçən ərazilərdə konsaltinq şirkətlərinin ödənişlə qrant dəstəyi layihələri hazırladığı və yerli əhali ilə ünsiyyətə keçdiyi bildirilir. "TANAP Sosial və Regional İnvestisiya Proqramları" layihəsinin heç bir yerli şirkətlə əlaqəsinin olmadığı qeyd olunub.
Qeyd edək ki, hazıda TANAP-ın büdcəsi 8,5 mlrd. dollar həcmində qiymətləndirilir.
Qeyd edək ki, hazıda TANAP-ın büdcəsi 8,5 mlrd. dollar həcmində qiymətləndirilir.
TANAP Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək.
2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməli qoyulub. 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılan boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin təxminən 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Əskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını "BOTAŞ" şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir. Kəmərin 19 km-lik hissəsi Mərmərə dənizindən keçəcək.