SON XƏBƏR

Taxıl Fondunda vəziyyət necədir - fermerlərdən buğda gözləntisi...

Sentyabr 06
09:13 2016
Ekspertlər bildirirlər ki, aparılan islahatlar yetərli deyil, bəzi rəqəmlər isə şişirdilib...

Ölkədə yerli məhsulların istehsalının inkişaf etdirilməsi cəhdləri taxılçılıqda da irəliləyiş olacağını düşünməyə əsas verir. Taxıla görə subsidiyaların verilməsi, həmçinin taxılın alış qiymətinin artırılması kimi məsələlər bu sahədə inkişaf olması üçün atılan addımlar kimi qiymətləndirilir. Ekspertlərin fikrincə, bununla belə, bu sahədə problemlər qalmaqdadır. 

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondunun ehtiyatlarının ödənilməsi üçün yerli buğda satışının müddətinin noyabrın 1-dək uzadıldığını elan edib. Taxılın alış qiyməti 1 tona görə 250 manatdan 270 manatadək qaldırılıb. Taxılın alışı iyunun 21-də elan edilib. FHN-in mətbuat xidmətindən "Turan” agentliyinə bildiriblər ki, indiyədək yerli fermerlərdən alınan taxılın həcmi barədə məlumat yoxdur. "Alıcı şirkət barədə hesabat yerli taxılın tədarükü üçün ayrılan müddət bitdikdən sonra təqdim ediləcək”,- nazirliyin mətbuat katibi Oqtay Bayramov bildirib. Dövlət Taxıl Fondunun ehtiyatları buğda idxalının hesabına formalaşır. FHN-dən bildiriblər ki, yerli buğda Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli qərarla müəyyən etdiyi keyfiyyət parametrlərinə uyğun deyil. 2015-ci ildə hökumətin qərarı ilə tələb olunan dövlət taxıl ehtiyatlarının səviyyəsi 750 min tona çatdırılıb. "Turan” agentliyinin yerli fermerlərdən əldə etdiyi məlumata görə, ərzaq buğdasının bir tonu 250-260 manata, toxumluq buğdanın 1 tonu 350 manata satılır. 

Ekspert Qalib Toğrul musavat.com-a açıqlamasında bildirib ki, bu sahədə ciddi islahatlara, həmçinin şəffaflığa ehtiyac var: "Bütün sahələrdə, həm kənd təsərrüfatında, həm sənayedə normal investisiya mühiti olmalıdır. Gömrük sahəsində islahatlar, vergilərlə bağlı islahatlar aparılmalıdır. Yoxlayıcı orqanların bu cür sahibkarlıq subyektlərinin işinə müdaxiləsi ilə bağlı, eyni zamanda heç bir səlahiyyəti olmayan dövlət orqanlarının onların işlərinə müdaxiləsi ilə bağlı işlər aparılmalıdır. Onlar məhdudlaşdırılmalıdır ki, hər hansı nəticədən danışa bilək. Əgər bu gün hansısa kənd təsərrüfatında çalışan fermer istədiyi toxumu gətirib əkə bilmirsə və yaxud ölkədə olan toxumçuluqla bağlı institutların fəaliyyəti, dövlətin bu sahədəki siyasəti qaneedici deyilsə, hansısa yüksək səviyyəli məhsul istehsalından, məhsul götürülməsindən danışmaq yersizdir. Hesab edirəm ki, son vaxtlar bu sahədə müəyyən işlər görülür, amma yetərli deyil. İslahatlar bütün sahələrdə aparılmalıdır. Eyni zamanda maliyyə təminatı ilə bağlı, maliyyə çıxışının sadələşdirilməsi ilə bağlı işlər görülməlidir. Bütövlükdə bank sektoru tamamilə iflas vəziyyətindədir. Ona görə hansısa yüksək məhsul istehsalından danışmaq, rəqabət qabiliyyətli bir məhsul istehsalından danışmaq tezdir. Taxılçılıqla bağlı da, baxmayaraq ki, kənd təsərrüfatına 1999-cu ildən başlayaraq güzəştlər olub, vergi güzəştləri tətbiq edilib, vəziyyət yaxşı deyil. Kənd təsərrüfatı məhsulu istehsalçıları torpaq vergisindən başqa heç bir vergi ödəmirlər, buna baxmayaraq, hətta bu da onlarda inkişafa stimul verməkdən daha çox arxayınçılıq yaradır. Daha çox güzəşt pullarının alınmasına fokuslaşma yaradır. Yəni onların əsas məqsədi yüksək məhsul götürmək deyil. Bunu onların hamısına aid etmirəm. Tək-tək fermer təsərrüfatları var ki, onlara şamil etmirəm. Amma bütövlükdə götürəndə, fermerləri taxıl istehsalı maraqlandırmır. Taxılçılıqla məşğul olanlarda güzəştlərin məbləği daha çoxdur, amma fermerləri yüksək taxıl istehsalı deyıl, güzəşt almaq maraqlandırır. Burada söhbət məhsulu hansısa xarici bazara çıxarmaq, yaxud Taxıl Fonduna təqdim olunacaq keyfiyyətdə məhsul istehsalından getmir. Özünü təmin edəcək qədər və yerli bazarda çox məhdud, özünə yetəcək qədər məhsul istehsalından söhbət gedə bilər. Həmçinin kənd təsərrüfatı məhsullarına qulluqla bağlı heç bir qaydaya əməl olunmur. Aqrotexniki qaydalara əməl olunmur. Gübrənin verilməsi ilə bağlı heç bir qaydalara əməl olunmur. Toxumçuluqla bağlı şərtlərə əməl olunmur, kim harada əlinə nə düşsə, onu əkir. Bunlar nizamlanmasa, tənzimlənməsə, hansısa məhsul istehsalından, ölkənin müəyyən bir hansısa kənd təsərrüfatı məhsulu ilə təmin olunmasından söhbət gedə bilməz”. 

Qeyd edək ki, 2016-cı ildə Azərbaycanda 2 milyon 820 min ton taxıl istehsal olunduğu bildirilir. Bu göstəricinin ötən illə müqayisədə 2 faiz çox olduğu vurğulanır. Bu haqda kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev danışıb. AzərTAc-ın xəbərinə görə, nazir müavini ötən ilə nisbətən bu il ölkədə taxılçılıq sahəsində inkişafa nail olunduğunu vurğulayıb. "Eyni zamanda bu il 1 milyon 844 min ton buğda istehsal edilib. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 10 faiz çoxdur",- nazir müavini bildirib. 2016-cı il üçün taxıl istehsalına dair gözləntinin 3 milyon ton olduğu bildirilirdi.

Nazir müavininin açıqlamasını Meydan TV-yə şərh edən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov isə hesab edir ki, nazirlik əvvəlki illərdən fərqli olaraq daha çox "pripiska”ya, rəqəmlərin şişirdilməsinə yol verib: "Misal üçün, ötən il nazirlik iddia edirdi ki, 2 milyon 999 min ton taxıl istehsal olunub. 2015-ci ildə ölkəyə 1 milyon 353 ton buğda və meslin, 22 ton çovdar, 54 min arpa, 378 ton yulaf, 181 min ton qarğıdalı, 26 min ton düyü, o cümlədən, 30-40 ton un idxal olunub. Ümumilikdə, keçən il ölkəyə 1 milyon 700 min tondan çox taxıl idxal olunub. Ölkənin buğdaya olan tələbatı 1,3 milyon tondur. Amma idxal bundan çox olub. Elə hökumət ötən il də 1,8 milyon ton buğda istehsal etdiklərini iddia edirdi. Təsəvvür edin, ölkənin tələbatı 100 faiz idxalın hesabına ödənildiyi halda bu qədər buğda hara gedir? Yaxşı, bu qədər buğda varsa, niyə yumurtaya, ətə, südə olan tələbatını tam ödəmir? Əlbəttə ki, nazirlik əvvəlki illərdə olduğu kimi bu il də rəqəmləri tam şişirdib”.

V.Məhərrəmov bildirib ki, ölkə əhalisi ayda təxminən 110 min ton buğda istehlak edir, deməli, 7 aylıq ərzaq buğdasına olan tələbat tamamilə idxalın hesabına ödənib: "2015-ci ildə də ərzaq buğdasına olan tələbat idxalın hesabına ödənmişdi, bu il də. O zaman sual yaranır: nazirliyin istehsal etdiyi buğda hanı? Yəni idxalı gizlətmək mümkün deyil. Təəssüf ki, nazirliyin yalanının qarşısını alan hər hansı rəhbər yoxdur, hər il kənd təsərrüfatı ilə bağlı yalan məlumatlar yayırlar. İndi bütün faktlar ortada olduğu halda, 2 milyon 800 min tondan çox taxıl istehsal olunduğunu iddia etmək saxta rəqəmlər uydurmaq deməkdir. Əminliklə deyirəm, nazirlik istehsalla məşğul olmur və rayonlardan gələn xəbərlər olduqca çox pisdir".

Dövlət Statistika Komitəsi avqustun 9-da bildirmişdi ki, 2016-cı ildə taxıl sahələrinin 1 hektarından əldə olunan məhsuldarlıq 0,8 sentner azalıb. Artım isə əkin sahələrinin artması hesabınadır. 2016-cı ildə orta məhsuldarlıq 29,7 ha/sentner olub. Kənd Təsərrüfatı Nazirliyi məhsuldarlığın aşağı olmasını hava şəraiti ilə əlaqələndirmişdi.
 
Ekspertlər bildirirlər ki, İlham Quliyevin açıqlaması onun çalışdığı Kənd Təsərrüfatı Nazirliyinin indiyə qədərki bilgiləri ilə üst-üstə düşmür. Nazirlik bundan əvvəl açıqlamışdı ki, 2015-ci ildə ölkədə 2 milyon 999 min ton taxıl istehsal edilib. Dövlət Statistika Komitəsinin rəsmi statistik bilgilərində də belə deyilir. 2016-cı il üçün taxıl istehsalı gözləntilərinin 3 milyon ton olduğu bildirilirdi.
 
(Musavat.com)

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook