Teatr mədəniyyətin inkişafında başlıca şərtdir
Mart 11
13:03
2016
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamına əsasən, hər il martın 10-u ölkəmizdə "Milli Teatr Günü” kimi qeyd edilir.
Azərbaycanda teatr sənətinin tarixi çox qədimdir. Xalqımızın yaratdığı xalq oyunları, xalq komediyaları, meydan və qaravəlli tamaşaları, bayram məzhəkələri teatr sənətimizin ilk nümunələridir. Qədim tarixə malik "Sayaçı”, "Novruz”, "Kosa-kosa”, "Maral oyunu”, "Kilimarası”, "Gəvsəc” və başqa mərasim və oyunlarda səhnə sənətimizin ilk elementlərini görürük. Min illər boyu xalqımız bu mərasimləri, oyunları açıq havada, şəhər meydanında, kənd içində, bazarda və başqa yerlərdə göstərmişdir. Hovuzüstü, həngə, nəzərgah, nümayişgah və başqa adlar daşıyan bu yerlərdə xalq oyunları, xalq mərasimləri nümayiş etdirilmişdir.
Azərbaycan peşəkar teatrı isə XIX əsrin sonlarında yaranmışdır.
1873-cü ilin mart ayında M.F.Axundzadənin "Lənkəran xanının vəziri” tamaşası ilə əsası qoyulmuş Azərbaycan peşəkar teatrı çətin və şərəfli inkişaf yolu keçmişdir. 143 il bundan əvvəl Şərqdə ilk peşəkar teatrın Azərbaycanda yaranması mədəniyyət tariximizin şərəfli səhifəsidir. Bu dövrdə Azərbaycan ziyalıları teatrımızın inkişafında böyük fədakarlıq göstərmiş, xüsusilə Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlovun milli teatrımızın yaradılmasında xüsusi xidmətləri olmuşdur.
Teatr sənətimiz yarandığı gündən böyük bəşəri və milli məsələləri səhnəyə gətirməklə işıqlı amallar carçısına çevrilmiş, xalqımızın mənəvi və estetik tərbiyəsində, milli dirçəlişin, milli şüurun formalaşmasında mühüm rol oynamışdır.
Azərbaycan teatrının əsaslı inkişafı, teatrlarımızın yaradıcılıq axtarışlarının genişləndirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Teatra, sənət adamlarına böyük diqqət və qayğı göstərən ulu öndərimizin qayğısı ilə ötən əsrin 70-ci illərindən başlayaraq milli teatr sənətimiz yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Ümummilli liderimiz xalqımızın teatr sənətinə böyük qiymət verərək demişdir: "Teatr Azərbaycanda mədəniyyətin, xalqımızın milli ruhunun, milli dirçəlişinin inkişafında, ümumiyyətlə, xalqımızın mədəni səviyyəsinin yüksəldilməsində böyük rol oynamışdır”.
Müstəqillik illərində ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə səhnə sənətimiz yeni inkişaf mərhələsinə qədəm qoymuş, bu sahədə böyük uğurlar qazanılmışdır. Bu dövrdən başlayaraq teatrlara diqqət və qayğı artırılmış, yazıçı, aktyor və rejissorların yaradıcılıq şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, onların əməyi qiymətləndirilmişdir. Teatr kollektivlərinin əməkhaqları artırılmış, aktyorların, rejissorların, dramaturqların yubileyləri geniş qeyd edilmiş, Azərbaycan teatrının beynəlxalq əlaqələri genişlənmişdir.
Teatrlara diqqət və qayğı bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. Son illər bu sahədə mühüm islahatlar həyata keçirilmiş, teatr binaları yenidən qurulmuşdur. Hazırda ölkəmizdə 27 dövlət, 50-dən çox xalq teatrı fəaliyyət göstərir. 2006-cı ildə qəbul olunmuş "Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, ölkə başçısının "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 19 fevral tarixli Sərəncamı, 2009-cu ildə təsdiq edilmiş "Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı” milli teatrımızın maddi-texniki bazasının möhkəmləndirilməsi, kollektivlərin yaradıcılıq potensialının inkişaf etdirilməsi baxımından mühüm dövlət sənədləridir.
Naxçıvan Muxtar Respublikasında teatrların fəaliyyətinə hərtərəfli qayğı göstərilir. Son illər muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, teatr binalarının hamısı yenidən qurulmuş və ya əsaslı təmir olunaraq istifadəyə verilmişdir.
Bu gün muxtar respublikada fəaliyyət göstərən C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, 5 xalq teatrı, Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası tamaşaçıların mənəvi və estetik zövqünün formalaşmasında, asudə vaxtının mənalı təşkilində əhəmiyyətli rol oynayır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qədim diyarımızda teatr ənənələrinin inkişafına yüksək qiymət verərək demişdir: "Naxçıvan teatrı fəaliyyət göstərdiyi bütün dövrlərdə mütərəqqi ideyaları dəstəkləmiş, günün aktual məsələlərinə nüfuz etmiş, xalqın milli oyanışına çalışmışdır”.
Müstəqillik illərində Naxçıvan Dövlət Musiqili Dram Teatrının yaradıcılıq axtarışları, qastrol səfərləri genişlənmiş, kollektiv milli dəyərlərimizin peşəkar təbliğatçısına çevrilmişdir. 130 ildən artıq yaşı olan Naxçıvan teatrı bu illərdə Türkiyə Respublikasının Ankara, İstanbul, Bursa, Ərzurum, İqdır, Dənizli, Tarsus, İran İslam Respublikasının Təbriz, Maku, Urmiya şəhərlərində olmuş, göstərdiyi tamaşalarla dost və qonşu ölkələrin teatrsevərlərinin rəğbətini qazanmışdır. Naxçıvan teatrının Bakı, Gəncə, Qazax, Lənkəran, Qəbələ, Yevlax, Şəmkir, Gədəbəy, Cəlilabad, Masallı və başqa yerlərdə göstərdiyi tamaşalar maraqla qarşılanmış, istedadlı aktyorlarımız geniş tamaşaçı sevgisi qazanmışlar.
Teatrımız repertuar zənginliyini daim diqqət mərkəzində saxlayır, klassik və çağdaş dramaturgiyamızın dəyərli nümunələrindən, dünya klassiklərinin əsərlərindən tamaşalar hazırlayır. Hazırda teatrda yazıçı-dramaturq Həmid Arzulunun "Əlincə qalası” tarixi dramının məşqləri gedir.
M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı da fəaliyyəti boyunca yüksək qayğı ilə əhatə olunmuşdur. 2004-cü ildə müasir bina ilə təmin olunan kukla teatrının qonşu Türkiyə və İran İslam respublikalarına səfərləri beynəlxalq mədəni əlaqələrin qurulmasında əhəmiyyətli rol oynamışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 4 oktyabr tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq Teatrı müxtəlif illərdə hazırladığı tamaşalarla balacaların qəlbinə yol tapmağı bacarmışdır. Hazırda kollektiv görkəmli yazıçı-dramaturq Abdulla Şaiqin "Danışan kukla” tamaşasını uşaqlara təqdim etməyə hazırlaşır.
Həmçinin muxtar respublikanın şəhər və rayonlarında xalq teatrları da uğurla fəaliyyət göstərir. Təkcə 2016-cı ilin ötən dövrü ərzində xalq teatrları tərəfindən hazırlanmış "Kamança”, "Ac həriflər”, "Xəcalət”, "Şöhrət ardınca” kimi tamaşalar ictimaiyyətə təqdim olunmuşdur.
Son illər Naxçıvan teatrının tədqiqi ilə bağlı bir sıra uğurlu işlər həyata keçirilmiş, monoqrafiya və kitablar nəşr olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə nəşr olunan "Naxçıvan teatrının salnaməsi” bu baxımdan yüksək qiymətə layiqdir. Kitabda ilk dəfə olaraq Naxçıvan teatrı ilə bağlı çoxsaylı mühüm elmi əhəmiyyətə malik sənədlər, fotoşəkillər və digər məlumatlar öz əksini tapmışdır.
Teatr o zaman davamlı inkişaf yolunda olar ki, orada gənc aktyorlar nəsli yetişsin.
Muxtar respublikada bu sahədə də mühüm addımlar atılmış, Naxçıvan Dövlət Universitetində Aktyorluq sənəti ixtisası yaradılmışdır. Bunun nəticəsidir ki, hər il istər dövlət, istərsə də xalq teatrlarının heyətinə onlarla gənc qatılır, yaratdıqları obrazlarla teatrsevərlərin qəlbinə yol tapırlar.
Muxtar respublikada teatr sənətinə könül verənlərin əməyi də dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2008-ci ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illiyi yüksək səviyyədə qeyd edilmiş, yaradıcı insanlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, orden və medallara, Prezident təqaüdü və mükafatlarına layiq görülmüşdür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 15 fevral tarixli Sərəncamına əsasən, bu il Naxçıvan teatrının yaradıcılarından olan görkəmli şəxsiyyətin yubileyi qədim diyarımızda geniş qeyd edilir. Bu sərəncam Naxçıvan teatr sənətinə, mədəniyyət tariximizə diqqət və ehtiramın daha bir ifadəsidir.
Xalqımızın zəngin mədəniyyətini yaşatmaq, gənclərin vətənpərvərlik duyğularını gücləndirmək, yüksək estetik-mənəvi təsirə malik olan əsərləri səhnəyə gətirmək bu gün teatrlarımızın qarşısında duran əsas vəzifədir. Ötən illərdə olduğu kimi, bundan sonra da Naxçıvan teatrları milli dəyərləri qorumaq və təbliğ etmək, tariximizin şərəfli səhifələrini yaşatmaq missiyasını layiqincə yerinə yetirəcəklər.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti
Qlobal.az