SON XƏBƏR

Tədqiqatçı: "Quba məzarlığının basdırılması böyük bir cinayətdir"

Fevral 11
15:22 2018
"2007-ci ilin aprel ayında təsadüfən aşkar edilən və böyük əziyyətlər bahasına tədqiq edilərək dünya ictimaiyyətinə nümayiş etdirilən Quba soyqırım məzarlığı 11 ildən sonra, torpaq altına basdırılır. Halbuki 2009-cu ilin sentyabr ayının 18-də Cənab Prezident Quba məzarlığını ilk dəfə ziyarət edəndə məzarlığın şüşə örtük altında saxlanılması ideyasını bəyənmişdi”. 

Bunu Quba soyqırımı məzarlığının tədqiqatçısı, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Qəhrəman Ağayev Modern.az saytına açıqlamasında deyib.
 


O, Quba məzarlığının torpaq altına basdırılmasına etiraz edir:

"Ulu öndər Heydər Əliyevin xüsusi sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı günü kimi qeyd edilir. Nəyə görə məhz azərbaycanlıların soyqırımının 100 illiyi ərəfəsində, məzarlıq torpaq altına basdırılır? Axı ermənilərə göz dağı olan, onların vəhşiliklərinin, murdar sifətlərinin, türk xalqlarına və ümumiyyətlə, müsəlmanlara qarşı törətdikləri acı cinayətlərinin yeganə canlı sübutu olan bu məzarlıq nəyə görə torpaq altına basdırılmalıdır?! Məzarlığın yanında Heydər Əliyev Fondu tərəfindən memorial soyqırımı kompleksi tikilməklə, bir-birini tamamlayan  möhtəşəm Quba Soyqırımı Memorial Kompleksi yaradılıb. Erməni vəhşiliklərini, onların murdar cinayət və siyasətlərini dünya ictimaiyyətinə daha qabarıq halda nümayiş etdirən, soyqırım memorial kompleksinin əsas hissəsi olan, torpaq altından çıxarılan məzarlıq, yenidən torpağa nəyə görə basdırılmalıdır?... ".

Q.Ağayev qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyinin Bərpaçılıq İnstitutu məzarlığın germetik şüşə altında saxlanılması və Memorial Komplekslə məzarlıq arasındakı boşluğun aradan qaldırılması üçün xüsusi layihə hazırlamışdı:

"Hətta deformasiyasının qarşısını almaq üçün, məzarlıqdan müəyyən miqdarda  götürülən sümüklər təcrübə üçün AMEA-nın Fizika İnstitutuna da verilmiş və nəticəsi  müsbət olmuşdu. Quba məzarlığı ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasında Nazirlər Kabinetinin, Mədəniyyət Nazirliyinin, Respublika Layihə İnstitutunun,  Fövqalədə Hallar Nazirliyinin ayrı-ayrı qurumlarının və Elmlər Akademiyasının müvafiq İnstitututlarının iştirakı ilə dəfələrlə müşavirələr keçirilmiş və müəyyən işlər görülmüşdü. Müşavirə iştirakçıları Quba məzarlığının bir mənalı olaraq şüşə örtük altında saxlanılması tərəfdarı olmuşdular. Belə olacağı təqdirdə bütün bu işlər nəyə lazımdır”. 

Müsahibimiz deyib ki, 11 ildir həm yerli və həm də xarici qonaqlar bu məzarlığı olduğu kimi ziyarət ediblər:

"İkinci dəfə bu məzarlı ziyarət etməyə gələn həmin insanlar bu acınacaqlı vəziyyəti görsələr nə fikirləşəcəklər?... Hələ AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu məzarlıqda tədqiqat işləri aparan müddətdə dəfələrlə telefon zənglərinə cavab verdiyimiz erməni millətçiləri, Quba məzarlığında ermənilərin basdırıldığını və vaxtı gələndə bunu bizə sübut edəcəklərini də demişdilər. İndi onların bu sübutunun qətiyyətlə deməklərinin vaxtı gəlib çatıb. Son 30 ildir ki, ermənilərlə münaqişə və müharibə şəraitində yaşayırıq. Belə bir şəraitdə olduğumuz  vaxtda həm tarixi və həm də böyük siyasi əhəmiyyəti olan Quba məzarlığının torpaq altına basdırılması ən azından böyük bir cinayətdir.

Mən şəxsən yuxarıda qeyd etdiklərimi nəzərə almaqla məzarlığın torpaq altına basdırılmasının qəti əleyhinəyəm.  Buna görə də bu haqsız qərarın ləğv edilməsini, aid təşkilatlardan xahiş etməklə, Vətənini, Xalqını, Dövlətini sevən hər bir Azərbaycan vətəndaşından bu işdə dəstək olmalarını xahiş edirəm”. 

Qeyd edək ki, Milli Məclisin deputatı Vahid Əhmədov saytımıza eksklüziv açıqlamasında Quba məzarlığının müsəlman adətləri ilə torpaq altına basdırıldığını deyib.  O qeyd edib ki, məzarlığın  yerində soyqırımı abidəsi ucaldılacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook