Tehranda Zəlimxan Yaqubun xatirəsi anılıb
Fevral 15
17:21
2016
Tədbirdə İran azərbaycanlıları, Tehran ictimaiyyətinin nümayəndələri və ziyalılar iştirak ediblər.
Mərasimdə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov çıxış edərək deyib ki, Zəlimxan Yaqub özündən sonra böyük irs qoyub. O, Azərbaycanın zəngin şeir ənənəsini uğurla davam etdirib, xalq yaradıcılığından bəhrələnərək aşıq sənətinin qorunub saxlanılmasında, təbliğində, irsinin tədqiqində böyük xidmətlər göstərib. Z.Yaqub şeirindəki Vətən və torpaq sevgisi onu oxuculara sevdirən başlıca amillərdəndir. Onun şeirlərinin toplandığı "Vətən yaraları”, "Sizi qınamıram”, "Od aldığım ocaqlar”, "Böyük ömrün dastanı” kitabları xalqın sevimli kitablarındandır.
Səfir bildirib ki. Z.Yaqubun ictimai fəaliyyəti də dövlət tərəfindən yüksək qiymətləndirilib. Xalq Şairi ədəbi-ictimai fəaliyyətinə görə Azərbaycan Respublikasının "Şöhrət” və "Şərəf” ordenlərinə layiq görülüb. Z.Yaqub millətin səsi və nəbzi idi, onun yaradıcılığı gənclərin vətənpərvərlik ruhunda formalaşmasında əhəmiyyətli rol oynayıb.
Mərasimdə İran Aşıqlar Birliyinin sədri Kövsərəli Şahbazi, İranın tanınmış şairi Əzim Ağayi, İran parlamentinin nümayəndəsi İlyas Həzrəti və başqaları çıxış edərək Z.Yaqubun yaradıcılığından, onun şeirinin fəzilətindən danışdılar.
Sonra Z.Yaqubun həyatından bəhs olunan sənədli film göstərilib, şeirləri bədii qiraət edilib. Təbrizdən, Zəncandan, Miyanadan, Ərdəbildən, Urmiyadan və İranın başqa şəhərlərindən mərasimə qatılan aşıq qrupları Z.Yaqubun şeirlərinə bəslədikləri aşıq mahnılarını ifa ediblər.
Mərasim iştirakçılarına Z.Yaqubun fars dilinə tərcümə olunmuş şeirlər kitabı təqdim edilib.