Ötən il Heydər Əliyev Beynəlxalq Aeroportu 4 milyon sərnişinə xidmət göstərib
Yanvar 11
15:42
2018
Heydər Əliyev Beynəlxalq Aeroportu növbəti rekorda imza atıb.
Aeroportun mətbuat xidmətindən Musavat.com-a verilən xəbərə görə, 2017-ci ildə 4,06 mln. sərnişinə xidmət göstərilib. Bu ötən ilki göstərici ilə müqayisədə 23% çoxdur.
Cari ildə ümumilikdə 55 aviaşirkət müntəzəm və çarter reysləri yerinə yetirib. Heydər Əliyev Beynəlxalq Aeroportu 8 yeni aviadaşıyıcını – "Air Arabia”, "Wataniya Airways”, "ISR Air”, "Jazeera Airways”, "IrAero”, "Mahan Air”, "İkar” aviaşirkətini ("Pegasfly” brendi) və Azərbaycanın ilk loukosteri "Buta Airways”i qarşılayıb.
Hesabat dövründə "Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 2,2 mln. sərnişin, "Buta Airways” loukosterinin payına isə 92 min sərnişin düşüb. Eyni zamanda, 114 min tranzit, 50 min sərnişin isə çarter reysləri üzrə qeydə alınıb.Sərnişinlərin 85%-i beynəlxalq reyslərin payına düşüb. Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq daşımalarının 46%-i AZAL-ın və "Buta Airways”in, 54%-i isə xarici aviadaşıyıcıların payına düşüb.
Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna - Moskva, İstanbul, Dubay, Kiyev, Tehran, Antalya, Tbilisi, Bağdad, Doha və Sankt-Peterburq daxil olmuşdur. 2,52 mln. sərnişin bu istiqamətlərə uçub.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.
Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görülüb.
2017-ci ilin mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək "Skytrax World Airport Awards” mükafatına layiq görülüb.