TENDER ALƏMİNİN “STONE CONSTRUCTİON” “AVTORİTETİ”... - Bina təmirindən rəqs paltarı, “Kamaz” təkəri, odun satışına qədər milyonlar qazandıran “biznes”
Dekabr 17
09:26
2021
Nə qədər deyilsə, yazılsa, tənqid olunsa da Azərbaycanda dövlət qurumlarının tender və dövlət satınalmaları "siyasəti” dəyişmir. Sanki dövlət büdcəsi və ümumilikdə ölkə iqtisadiyyatı, biznes mühiti üçün həyati əhəmiyyət kəsb edən bu sahə lənətlənib. Hətta ölkə başçısı səviyyəsində belə dəfələrlə tender və satınalmalarda yol verilən nöqsanlar, çatışmazlıqlar tənqid olunsa da, bunun heç bir nəticəsi yoxdur. Yenə nazirlik və digər dövlət qurumları özlərinə yaxın, yaxud da uzun illər boyu "tender əjdahaları”na çevrilmiş, bu sahədə inhisarçılığa yiyələnmiş şirkətlərlə "işləyirlər”. Nəticədə dövlətin milyonları, on milyonları, hətta yüz milyonları müxtəlif əyri-üyrü yollardan keçib, kimlərinsə ciblərinə axır...
Son illər "tender meydanlarında at oynadan” şirkətlərdən biri də "Stone Construction” QSC-dir. Nizamnamə kapitalı 2010 manat olan şirkətin qanuni təmsilçisi Hacızadə Elman Xalid oğludur.
QSC-nin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pros., ev 29-da yerləşir. Ancaq real biznes aləmində nə adıçəkilən şəxsi tanıyan var, nə də sözügedən ünvanda hansısa böyük bir şirkət yerləşir. Bu isə "tender əjdahaları” üçün xarakterik haldır – bir mənzilə bir neçə şirkət qeydiyyata salınır, axtaranda isə adətən heç birini tapmaq olmur...
Rəsmi sənədlərdən belə aydın olur ki, şirkətin əsas müştəriləri icra hakimiyyəti orqanları və nazirliklərdir. Onların da sırasında Mədəniyyət Nazirliyi və Təhsil Nsazirliyi ən öndə gedir.
Məsələn, cari ilin oktyabrında keçirilən tenderin nəticəsinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən bir sıra təhsil müəssisələrinə içməli suların və bir sıra təhsil müəssisələrində yaranan çirkab suların nəqliyyat vasitəsilə daşınması xidmətlərinə görə "Stone Construction” QSC-yə 4 milyon 517 min 630 manat ödəyəcək. İlk baxışdan burada rəqəmin böyüklüyündən və açıq-aşkar şişirtməyə yol verildiyinə dair şübhə yaratmasından başqa qeyri-adi heç nə yoxdur.
Doğrudan da müqavilədən aydın olur ki, "Stone Construction” QSC Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə 161 896 manat dəyərində 19 600 ton su satacaq. Mətbuatda dərc edilən hesablamalardan aydın olunur ki, qurum 1 kub metr içməli su üçün 8.26 AZN (1 ton su = 1,0183 kub metr) ödəməlidir. Hazırda Azərbaycanda əhali üçün 1 kub metr suyun qiyməti 70 qəpik, qeyri-əhali üçün isə 1 manatdır. Beləliklə, "Stone Construction” QSC 1 manatlıq suyu 8 manata satır. Hətta bu qablaşdırılmış su olsa belə, yenə də qiymət dəfələrlə bahadır.
Ancaq məsələ bununla da bitmir. Məsələ ondadır ki, sözügedən şirkət o dərəcədə "universal imkanlara” malikdir ki, eyni zamanda həm çirkab suları daşıya, həm də xor kollektivləri üçn üst geyimi, rəqs paltarları təşkil edə bilir.
Uzandıqca uzanan siyahıdan belə çıxır ki, az qala yuxarıda adı sadalanan dövlət qurumlarının elə bir tenderi yoxdur ki, orada "Stone Consrtaction”-un "barmağı” və payı olmasın. Özü də odun yanacağından rəqs geyiminə qədər hər şey satır, cari təmirdən dövlət müəssisələrinə subsidiyaların verilməsinə qədər tamamilə fərqli profillər və istiqamətlər üzrə bütün xidmətləri göstərir. Axı, bu, ən azından fiziki cəhətdən mümkün deyil. Bəlkə də dünyada bütün bu işləri eyni zamanda görə biləcək şirkət yoxdur, çünki bunlar hamısı tamamilə fərqli sahələrə aiddir. Ancaq nə möcüzədirsə Azərbaycanda bütün bu fərqli işləri görə bilən şirkətlər var və onların sırası yalnız "Stone Consrtaction”-la məhdudlaşmır.
Deməli, belə nəticəyə gəlmək olar ki, bu cür şirkətlər sadəcə, vasitəçi rolu oynayırlar və tenderlərin də çoxu kağız üzərində reallaşır. Ya da görülən işlərdən vasitəçiliyə görə faiz götürürlər. Bu variantların hansından istifadə olunmasına baxmayaraq, ortada dövlət vəsaitlərinin bu və ya digər yollarla mənimsənilməsinə, saxtakarlığa yol verilməsinə dair ciddi şübhələr yaarnır.
Ancaq nə işdirsə, nə hüquq-mühafizə və prokuroprluq orqanları, nə də bu sahəyə nəzarət edən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, böyük ehtimalla, arxasında iri məmurların dayandığı belə şirkətləri ifşa etməsinə, nöqsan və saxtakarlıqları üzə çıxarmasına dair rəsmi məlumatlara rast gəlinmir...