SON XƏBƏR

Tenderlər araşdırılır: Abutalıbovla Eldar Əzizovu nə gözləyir?

May 04
20:10 2021
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ciddi problemlə üzləşib. 

Bu barədə "Jamaz.info" məlumat yayıb.

Bildirilir ki, araşdırmalar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçirdiyi tenderlərlə bağlıdır.

Məlumatda deyilir ki, hazırda Əzizovun Bakı meri təyin olduqdan sonra keçirilən tenderlər araşdırılır. Həmin tenderlər üzrə ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənmədiyi, rəqəmlərin şişirdildiyi, habelə yaxın çevrəyə aid olan şəxslərə verilməsinə dair tutarlı məlumatların olduğu deyilir. 

Qeyd edilir ki, məsələni araşdıran qurumlar qısa müddətdə 10-dan çox tenderlə bağlı qanun pozuntuları, habelə korrupsiya halları aşkarlayıblar. Elə bu səbəbdən də Əzizovun icra başçısı olduğu dövrdə BŞİH-nin keçirdiyi bütün tenderlərin araşdırımasına qərarı verilib.

Məlumatlarda o da qeyd olunur ki, aparılan araşdırmalardan sonra Eldar Əzizovun işdən çıxarılması reallaşa bilər, lakin məsələnin təkcə işdən çıxarılma ilə yekunlaşmaya da biləcəyi istisna edilmir. 

Bildirilir ki, prosesin gedişatı fonunda Bakı merinin mülkləri, biznesi dəymiş zərər müqabilində müsadirə oluna və ya əlindən alına bilər.

Son dövrlər icra başçılarının məhz korrupsiya faktlarına əsasən həbs edilməsi, Eldar Əzizov üçün də keçərli ola biləcəyi sualını gündəmə gətirir, lakin mənbələr həbs ehtimalını az hesab edirlər. 

Onların sözlərinə görə, Bakı kimi bir şəhərin merinin məhz korrupsiya məsələsi ilə həbs edilməsi hakimiyyət üçün heç də uğurlu tapıntı hesab olunmur. Ona görə də, buna gedəcəkləri inandırıcı deyil.

Məlumatda qeyd olunur ki, araşdırmalara Hacıbala Abutalıbovun dövründəki tenderlər də daxildir. 

Bakı Şəhər İcra Hakimiyyətindən xəbərə münasibət öyrənmək mümkan olmayıb. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook