SON XƏBƏR

"Tərif səninkidi, meydan mənimki..."

Oktyabr 23
01:34 2018
1975-ci ilin iyun ayının əvvəli idi. Bərdə rayonunun Şirvanlı kəndində mərhum sənətkar (maşın təmir edən) Qəzənfərin qardaşı mühəndis Səfərin toyunun masabəyisi idim. Böyük məclis idi, iki mağar qurulmuşdu. Mənim də lap cavan vaxtım, sənətdə enerjili çağlarım idi. Məclisi xüsusi şövq ilə aparır, hər tosdan qabaq və sonra şeirlər səsləndirirdim. Sən demə, bu məclisdə şair Səfərin (Goranboy rayonunun Cinni-Boluslu kəndindən Həsənov Səfər) çoxlu kəndçiləri iştirak edirmiş. Bu ocaqla onların qohumluqları var imiş. Hətta, şair Səfər vaxtilə bu kənddə zootexnik işləyibmiş. 
 
Mənim odlu çıxışlarım, şeirlərim bunları açmayıb, elə hesab ediblər ki, onun-bunun şeirləridir, öz adıma deyirəm. Bərdədən Xanlar adlı maşını olan bir adam da onlara qoşulub, məclisdən çıxıb, sürətlə gedib şair Səfəri məclisə gətirmişdilər. Müğənni oxuyurdu, mən də çöldə fasilə edirdim. Bu anda Qəzənfər məni kənara çəkib, qolunu boynuma salıb dedi: – Şair Səfəri bu məqsədlə bura gətiriblər ki, səninlə qabaqlaşsın, deyişsin... Eloğlu, (Qəzənfərin kök-soyu da Qərbi Azərbaycandan idi) ağrın alım, möhkəm dur. Qəzənfər hətta Səfər məndən qabaq mağara keçəndə onu mənə göstərdi – nisbətən uzun, sarıyanız, çox da arıq olmayan adam idi. O vaxtlar 40-45 yaşında olardı. Səfər düz başa keçib mən əyləşdiyim masabəyi stulunda, onu gətirən Xanlar da ondan bir stul kənarda, onunla bir cərgədə əyləşmişdilər. İkisinin arasında bir stul boş idi və bir stul da Səfərdən bəri boş idi (yəqin ki, bu stullardan birini mənim üçün saxlamışdılar). Ancaq Səfər mənim masabəyi stulumda əyləşmişdi. Mən Qəzənfərə - arxayın ol- deyib mağara keçdim. Baxmayaraq ki, boş stul var idi, ancaq Səfəri stuldan qaldırmalı idim. Çünki camaat görmüşdü ki, o stul, masabəyi stuludur. Özü də mən əvvəldən o stulda əyləşmişdim. İndi ola bilməzdi ki, o stulu mən Səfərə verəm, özüm qeyri stulda əyləşəm. Bu elə məğlubiyyət demək idi.

Mən onlara yaxınlaşıb, ilk boş stulu arxa tərəfə keçirib, Səfərə müraciət etdim ki, o, dostunun (Xanların) yanındakı boş stula keçsin, mən öz stulumda əyləşim. O altdan yuxarı mənə mənalı baxıb, o biri stula keçdi. Mən öz əvvəlki stulumda əyləşdim. Məclisdə bir anlıq çox ciddi, çox maraqlı bir vəziyyət yarandı. O biri mağarın adamları da bu mağara daxil olmuşdular. Bütün nəzərlər bizə dikilmişdi. İki «qoç»un necə kəllələşəcəyini gözləyirdilər. Mənim keçmiş həmkəndlim, Bərdədə yaşayan mərhum dəllək Şura da məclisdə idi və gözü mənə dikilmişdi. Hətta işarə ilə mənə "möhkəm ol” deyirdi. Hər ikimiz sakit əyləşmişdik. Bu anda toybəyi Rəsul kişi dedi ki, – Şiruyə müəllim, təzə qonaqlarımız gəlib, onları dindirmək, alqışlamaq, onların şərəfinə tost demək lazımdır. Bu anda şair Səfəri gətirən, indi onunla yanaşı əyləşən Xanlar dedi ki, – indiyə kimi Şiruyə müəllim deyirdi, indi şair Səfər deyəcək. Bu anda dəllək Şura yerindən qalxıb, ucadan dedi: «Nə vaxt şair Şiruyənin sinəsindən söz qurtarsa Səfərə söz verilər». Mənə işarə etdi ki, döşə gəlsin. Mən hikmətli, savadlı bir tost deyib, özüm qəsdən bir neçə təcnis dedim və əyləşdim (Səfər şair idi, yəqinki o, bu təcnislərlə mənim gücümü müəyyən etdi). Xanəndə bir «smayı-şəms» oxuyandan sonra yenidən məclisə dair bir tost da deyib, bir divani ilə badələri şirinləşdirdim. Müğənni «Zəminxarə» oxumalı oldu. Mənim ürəyim dolmuşdu. Tez cibimdən dəftərçəmi çıxarıb aşağıdakı şeiri yazdım və müğənni dayanıb, kitarist tək ifa edəndə şeiri məclisdə mikrofonla səsləndirdim. Şeir belə idi:

İlahi düzəltsə hər diləkləri,
Din itməz, arada iman pozulmaz.
Həmahəng döyünsə dost ürəkləri,
Çuğulun sözüylə peyman pozulmaz.

Söz-sənət yaranmaz qüdrət olmasa,
Üz-üzdən utanmaz minnət olmasa,
Min qanlar tökdürən sərvət olmasa,
Ədalət tapdanmaz, divan pozulmaz.

Şahda mürvət olsa, ağada kərəm,
Ehtiyac ürəkdə bağlamaz vərəm.
Şiruyəyəm, el sözüdür, deyirəm:
Ağsaqqal düz olsa, cavan pozulmaz.

Müğənni qurtarıb, çalğıçılar dayananda şair Səfər mənlə bərabər ayağa qalxdı və dedi: «Ağrın alım, icazə ver sənin gövhər süzülən dodaqlarından öpüm, məni bağışla, mənə səhv deyiblər. Mənə dedilər ki, özgələrinin dağarcığını sökürsən. İndi gördüm ki, özgə dağarcığını sökən yox, özgə dağarcığını dolduranlardansan». Səfər məni öpdü. Bu anda dəllək Şura ayağa qalxıb şapalaq vurdu və ucadan dedi: «İndi şair Səfərə söz ver!». Mən Səfərin bildiyim bir şeirini deyib («Yüz dəfə peyvənd vur, yüz dəfə cala»), Səfərin şərəfinə hikmətli bir tost deyib mikrofonu Səfərə verdim. Məclis daha ahəstə idi. Bayaqkı təlaşdan əsər-əlamət yox idi. Səfər də çox ilhamla şeir deyirdi. Məclisimiz bu şəkildə iki saatdan çox xoş keçdi. 

Axşam saat altı radələrində sənətkarlar çörək yemək üçün əyləşəndə məni və Səfəri bağda düzəldilmiş süfrədə əyləşdirdilər. Biz burada bir-birimizlə daha yaxından tanış olduq. Mən içmirdim, Səfər içirdi və şeir dediyi anda istər burada, istərsə də məclisdə həmkəndlilərinə, onun danışığına bir az biganə olanlara çox ağır sözlər deyib, təhqir eləyirdi. Həmkəndliləri isə ona heç nə demədən «şair» deyə onun könlünü oxşayırdılar. 

Bəli, mənim əzizlərim, Səfərlə çox yaxından tanış olduq. Səfər içib kövrəldi ki, mənim heç kimim (qohumum) yoxdur. Yeri gəlmişdi, sözümü, dedim: – Səfər, sənin bu elin ki, səni bu qədər əzizləyir, deməli sənin qohumun da çoxdur, qardaşın da. Səfərin könlü açıldı, bir-iki bakal da qaldırdı. Səfərin başını şərab qızışdırmışdı. Səfərin halının dəyişdiyini görüb həmkəndliləri özləri ilə apardılar. Kefqası orada qalmışdı, o biri həmkəndliləri götürüb saxladı. Səfərlə bundan sonra «Goran» yeməkxanasında əyləşib çox söhbətlər etdik, aşıqlar oxutduq. Səmimi dostluğumuz yarandı.

Aradan bir il keçmişdi. Bir axşam bizim darvazanın yanında bir maşın dayandı. Məni istəyirdilər. Çıxdım qonaqları qarşıladım. Mənə bir əlyazma kağız uzatdılar. Şair Səfər yazmışdı. Məni Xanqərvənddə dostunun toyunda masabəyi olmağa dəvət edirdi. Bir də bir qoşma yazmışdı: 

Gələn yollarına gözüm dikilib,
Sərraf məclisinə Sərrafım gəlsin.
Mübarək dəstiylə yazsın naməni,
Göndərsin qasiddən cavabım gəlsin.

Bu başdan öyrənəm gərək sözünü,
Almasın dilinə «görək» sözünü.
Boşaltsın kağıza ürək sözünü,
Sərraf ocağından hesabım gəlsin.

Təcnis, divaniylə alıb şahlığı,
Alqışa layiqdi dosta paklığı.
Səfərəm, eyləyim xeyirxahlığı,
Mənim də bir zərrə səvabım gəlsin.

Mən kağız gətirən adamları evə dəvət etdim. Onlar çay içənə kimi mən Səfərə belə bir cavab yazdım:

Tərif səninkidi, meydan mənimki,
Sazlayın məclisi, qardaş, gəlirəm.
İntizar çəkməsin könlün zərrəcə,
Vəfalı dost, gözəl sirdaş, gəlirəm.

Qəbul et sözümü, ustad, ay ustad,
Məndən çox ucadı o tərif, o ad.
Tutub ətəyindən umuram imdad,
Dildə alqış, gözümdə yaş, gəlirəm.

Məclisin aşığı Azaflı olsun,
Xanəndə Səxavət Gülablı olsun.
Gərək çox səbirli, çox tablı olsun,
Toybəyi, ağsaqqal, fərraş, gəlirəm.

Hamı badələri alsın əlinə,
Alqışlar söyləyək bəyə, gəlinə.
Hərdən gözəlləmə gəlsin dilinə,
Qoy kövrəlsin, qəlbitəlaş, gəlirəm.

Azaflı oxusun «Qoca qartal»dan,
Səxavət çıxarsın Nəbini dardan,
Çəkilək pünhana, danışaq yardan,
Şiruyəyəm, quraq bağdaş, gəlirəm.

Kağızı yoldaşlara verib, onları yola saldım. Özüm qayıdım Səfərin şeirini bir də oxudum. Səhərisi gün Goranboy rayonunun Xanqərvənd kəndində, toy evində Səfər məni çox xoş qarşıladı. Məclis başlandı. Mən və Səfər növbə ilə tost deyib, şeirlər söyləyirdik. Məclis çox gözəl keçdi. Səfərlə öpüşüb ayrıldıq.

Bundan sonra dəfələrlə görüşüb, dərdləşdik. Bir dəfə mənə dedilər Səfər Qazanbulaqda yatır. Maşını sürdüm Qazanbulağa, Səfərlə görüşdüm. Yaqub həkim müalicə edirdi. Səfər məni görəndə çox sevindi. Yaqub həkimdən icazə aldı ki, elə Şiruyə müəllim məni aparsın, evə dəyim gəlim. Həkim icazə verdi. Yola çıxanda Səfər dedi: – Ay Şiruyə, hazırlığın varsa, bir yaxşı yeməkxanaya sür. Səfəri başa düşdüm. Yəni, imkanın varsa deyirdi. Maşını Gəncədən bəri, «Zazalı» yeməkxanasına sürdüm. Quzu ətindən şalanpır, hinduşka kababı gəldi süfrəyə. Bir şüşə də araq. Mən içmirdim. Elə sadəcə Səfərlə bakal-bakala vurub, yerə qoyurdum. Səfər burada bərk vurdu. Saat yarım burada beləcə əyləşdik. Qalxanda hiss etdim ki, Səfər sərbəst yeriyə bilmir. Pambıq yığan qızlar, oğlanlar döşü fartuxlu yeməkxanaya su içməyə gəlmişdilər. Maşına çatana kimi mən Səfərin qoltuğuna girməli oldum. Ancaq bu işi yerinə yetirə bilmirdim. Çünki o hündür, mən isə alçaqboylu idim. O, səndələdikcə, mən də onunla bərabər yıxılma dərəcəsinə gəlirdim. Pambıq yığan oğlan-qızlar qəh-qəh çəkib, bizə gülüşürdülər. Qəfildən Səfər maşına söykənib, bir az ucadan dedi: – Ayə, mənim imkanım yoxdur, sən sada bunlara bir söz desənə… Orada aşağıdakı şeiri yazdım:

Yüz boya içində gəzir cavanlar,
Cinsini, növünü anlamaq olmur.
Saçlı oğlanları, şalvarlı qızı,
Yalvarıb, yaxarıb yanlamaq olmur.

İnsanlıq qalmayıb insan qanında,
Səslənmir muğamlar tar-kamanında.
İnam elə itib dostun yanında,
Molla bitiyini donlamaq olmur.

Sərraf Şiruyəyəm, kəsib bərələr,
Hər yandan qanını sorur birələr.
Bayatı oxuyur sənə fərələr,
Bir yol qanad çalıb, banlamaq olmur.

Səfəri gətirdim xəstəxanaya, yaxşı ki, həkim xəstəxanada yox idi. Birtəhər Səfəri yatağına uzadıb, tibb bacısına tapşırıb getdim. Bu görüş Səfərlə son görüşüm oldu. 

Səfər dünyasını dəyişsə də Səfər poeziyası, şeiriyyəti bu gün də, sabah da, o biri gün də şeirsevərlərin, ozanların, el məclislərində əyləşənlərin dillərində süzülüb gələn incilərdir. Arzum budur ki, qədirbilən xalqımız Səfərin şeir külliyatını kitab şəklində çap etdirib, onun ruhunu şad etsinlər.
Allah Səfərə rəhmət eləsin!

Araz Yaquboğlu

Sərraf Şiruyənin "Hər görüş bir xatirədir” kitabından
 
(Karabakhmedia.az)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook