SON XƏBƏR

"Tərtər işi" - "Məni lüt soyundurdular, dedilər, general Hikmət Həsənovun qarşısına çıxarılacaqsan"

İyul 14
09:21 2023
Üç aydan çoxdur ki, Bakı Hərbi Məhkəməsində "Tərtər işi” üzrə təqsirləndirilənlərin məhkəməsi keçirilir. Daha doğrusu, iki qrupun mühakiməsi davam edirdi, bu yaxınlarda üçüncü qrupun da məhkəməsi başlayıb. Bu dəfə məhkəmə qarşısına Sənan Maşıyev, Cabir Qəhrəmanov, Elçin Əliyev və Ruslan Mikayılov çıxarılıb. Bu iş də digər qrupların işini araşdıran eyni hakim heyəti baxır.

Maşıyevgil kimdir?

Maşıyevgil yüzlərlə hərbçiyə işgəncə verməkdə, nəticədə onlardan bir neçəsinin ölümünə səbəb olmaqda ittiham olunur. Yeri gəlmişkən, indiyədək digər iki qrupun keçirilən məhkəməsində zərərçəkənlər tərəfindən Maşıyevin və onunla bərabər məhkəmə qarşısına çıxarılan digərlərinin adları işgəncə epizodlarında çox çəkilib. Bəzi zərərçəkənlər hətta ifadə vermək istəmirdi, bildirirdilər ki, onlara işgəncəni məhz Maşıyevgil verib.

Bu qrup barəsində onu da bildirək ki, Tərtər hadisələrində hərbçilərə işgəncə verməyə görə həbs olunublar. 2019-cu ilin martında Tərtər Hərbi Məhkəməsində onlar haqqında hökm çıxarılıb, hər biri 5 il 6 ay-6 il azadlıqdan məhrum edilib. 2020-ci il oktyabrın 1-də azadlığa buraxılıblar, oktyabrın 2-də həmin vaxt yenicə başlamış müharibəyə göndəriliblər. Qüsursuz xidmətlərinə görə medallarla təltif olunublar. Hətta onlardan biri Ruslan Mikayılov döyüşlərdən birində yaralanıb. Ancaq il yarım əvvəl "Tərtər işi” üzrə istintaq təzələnəndə bu şəxslər yenə həbs olunub. Tutulanların ailə üzvləri onların müharibədə iştiraklarını, təltiflərini önə çəkərək azadlığa buraxılmalarını istəmişdilər. Onlar əsgərlərin bədəninə cərəyan verməkdə, onları günlərlə ac-susuz saxlamaqda, başlarını su ilə dolu çəlləklərə salıb boğmaqda, zorlamaqda təqsirləndirilirlər. İttiham aktında qeyd olunub ki, bu işgəncələrdən həyatını itirənlər də olub. Prokuror İttiham aktını elan etdikcə məhkəmə salonundakı zərərçəkmişlərin əsəbləri tab gətirmir, hətta bəzilərinin halı pisləşir, təcili yardım gəlir. Bu zərərçəkmişlərin çoxu işgəncələrdən sağlamlığını itirib, bir qisminin valideynlərinin ürəyi tab gətirməyib, vəfat ediblər, bir qisminin isə ailəsi dağılıb.

Məhkəmə iclaslarına Bakı Hərbi Məhkəməsinin sədr əvəzi Zeynal Ağayev sədrlik edir. Bu məhkəmə hər həftənin çərşənbə güləri keçirilir. Prokuror bir neçə həftədir ki, keçirilən məhkəmə iclaslarında geniş İttiham aktını elan edirdi. Nəhayət, bu həftənin çərşənbə günü İtiham aktının elanı başa çatıb. Sıra təqsirləndirilən şəxslərə çatıb. Hakim onlara sərbəst ifadə verməyi təklif edib. Ancaq onlar hazırkı mərhələdə ifadə vermək istəməyib. Odur ki, söz zərərçəkənlərə verilib. Məhkəmə hələlik iki zərərçəkmiş dindirib.

"Hikmət Həsənov dedi ki, sən dövlətə xəyanət eləmisən"

Əvvəlcə hakim ifadə verməsi üçün sözü zərərçəkən Seymur Hidayətova verib. Polkovnik-leytenant Seymur Hidayətov N saylı hərbi hissənin tabor komandiri olub. İfadəsində göstərib ki, hadisələrin cərəyan etdiyi 2017-ci ilin may ayında məzuniyyətdə olub. Mayın 5-də hərbi hissədən ona zəng vuraraq bildiriblər ki, qərargah rəisi Mübariz Rzayev onu təcili hərbi hissəyə çağırır. O isə növbəti gün gələ biləcəyini deyib. Mayın 5-dən 6-na keçən gecə Ağdama – yaşadığı hərbi şəhərciyin ərazisinə hərbi polis maşını gəlib, dalınca gələnlər onu maşına mindirərək hərbi hissəyə aparıblar. Hər şey də bundan sonra başlayıb. Zərərçəkənin ifdəsindən: "Onda Korpus komandiri rəhmətlik Polad Həşimov idi. Mübariz Rzayev isə həmin Korpusun qərargah rəisi idi. Məni hərbi polis maşınına mindirib əvvəlcə hərbi hissəyə aparanda nə baş verdiyini anlamırdım. Əllərimi Elçin (təqsirləndirilən şəxslərdən biri Elçin Əliyev) bağladı, üzündə maska vardı, ancaq onun gözləri mənim yadımda yaxşı qalıb. Hətta məni söyürdü, təhqir edirdi. Dedim, sən əli-qolu bağlı adamı söyürsən, aç əllərimi, cavabını verim”.

Zərərçəkən deyib ki, onu həmin gecə orda saxlayıblar, səhərə yaxın gözləri və əlləri bağlı Tərtərin Şıxarx qəsəbəsindəki köhnə qərargahın binasına aparıblar:

"Orada bir otağa salıb lüt soyundurdular. Dedilər, səhər general Hikmət Həsənovun qarşısına çıxarılacaqsan. Səhər məni generalın yanına aparmaq istəyəndə dedim, əynimə bir şey geyindirin, ayıbdır, məni bu vəziyyətdə generalın qabağına çıxartmayın. Üstümə geyim əvəzinə nəsə atdılar, apardılar. Otaqda Hikmət Həsənovla yanaşı Teymur Məmmədov, bu Cabir Qəhrəmanov (təqsirləndirilən şəxslərdən biridir), bir də Hikmətin sürücüsü vardı. Hikmət dedi ki, sən şəxsi maşınında erməniyə yanacaq, ərzaq, sursat daşımısan, dövlətə xəyanət eləmisən. Dedim, yalandır. Mən hərbi hissədə olanda maşınım Tərtərdə qohumun həyətində qalır, maşınla hərbi hissəyə gəlib-getmirəm. Dedi, iki şahid var, gəlib üzünə deyəcəklər ki, sən erməniyə ərzaq, yanacaq, silah daşımısan. Məni qəbul otağına çıxardanda Anar Allahverdiyevlə Zamin Səfərovu gördüm, onları üzümə qoymağa gətirmişdilər. Bizim üçümüzü də başqa otağa aparıb, orada rezin şlanqla döydülər. Şlanqla döyən həmin bu Cabir Qəhrəmanov idi. Bizi vurduqca qışqırırdı, söyürdü, səsi hələ də qulağımdadır”.

Seymur Bidayətov işgəncələrdən danışıb. Deyib ki, onu və həmin vaxt eyni məkanda saxlanılanları başlarını çəlləyə salıb suda boğmaqla, bədənlərinə tok verməklə, ac-susuz saxlamaqla, şlanqla döyülməklə işgəncə ediblər. İşgəncələrdən vəziyyəti pisləşib: "O qədər işgəncə vermişdilər ki, halım pisləşmişdi. Məni yaxınlıqdakı kazarmaya apardılar. Tibbi yardım göstərsələr də, faydası olmadı. Ordan Sarcalı hospitalına apardılar. Yenə vəziyyətim düzəlmədi. Ordan da DTX-nın hospitalına götürdülər. Böyrəklərimin fəaliyyəti dayanmışdı, ölümcül vəziyyətdə idim. O hospitalda xeyli müddət müalicə olunmuşam. Məni müstəntiq elə orada dindirib”.

Zərərçəkən prokurorun, hakimin və vəkillərin suallarını cavablandırarkən deyib ki, iyulun 5-dək hospitalda qalıb, ordan birbaşa Bərdəyə təxliyyə olunub. Orada barəsində Cinayət Məcəlləsinin 331.3 maddəsiylə həbs-qətimkan tədbiri seçilib və Gəncədəki 2 saylı İstintaq Təcridxanasına götürülüb: "Mənə ittiham verilmişdi ki, guya tabeiyimdəki hansısa əsgəri döymüşəm. 6 ay həbs cəzazsı verildi, 6 ayım tamam oldu, azadlığa buraxıldım”.

Prokuror: Sizin gözləriniz, əl-qolunuz bağlı idi, nədən bilirdiniz ki, orda sizdən başqa da adamlara işgəncə verilir?

Zərərçəkən: Adamların bədəninə tok verilirdi, kiməsə tok veriləndə tullanıb düşürdü, qışqırırdı, işgəncə verilənlərin səsi gəlirdi.

Prokuror: Həbsdən buraxılandan sonra bu işlə bağlı şikayət etmisiz?

Zərərçəkən: Bu işlə bağlı etməmişəm, ancaq ordudan uğursuz tərxis edilməklə, məhkum olunmaqla bağlı dəfələrlə müdafiə nazirinə, prokurorluq orqanlarına yazmışam, heç bir cavab almamışam. Bu işlə bağlı ikinci dəfədir ki, məhkəmədə zərərçəkən kimi danışıram. Birinci məhkəmə Tərtər Hərbi Məhkəməsində keçirilmişdi. Orda da zərərçəkən kimi tanınmışam. Ancaq mən özüm heç vaxt şikayətçi olmamışam. Həm o vaxt, həm də indi heç vaxt ibtidai istintaqda məni bunlarla (təqsirləndirilən şəxslərlə) üzləşdirməyiblər.

Təqsirləndirilən şəxs Cabir Qəhrəmanov yerindəın qalxır, üzünü hakimə tutur: Onu (zərərçəkəni nəzərdə tutur) nə vadar edir, gəlib burda yalandan Allaha and içsin ki, mən onu döymüşəm?

Zərərçəkən: Mənim üzümə qoyduğunuz Anar Allahverdiyevlə Zamin Səfərov bura gəlsə, verdiyiniz işgəncələri təsdiqləyərlər.

"Kiminsə arvad-uşağını gətirmişdilər"

Sonra məhkəmə zərərçəkən Orxan Həsənov N saylı hərbi hissənin tank bölüyünün komandiri olub. Təqsirləndirilən şəxslərdən yalnız Sənan Maşıyevlə Ruslan Mikayılovu tanıyır. Maşıyevlə yaxşı münasibəti olub. Hər şey 2017-ci ilin may ayının 7-dən başlayıb:

"Həmin gün Elşən Niyazov gəlib dedi ki, ermənilərə işləyənlər var, sən də bölüyü yığ, əsgərə, zabitə bu barədə məlumat ver. Mən də bölüyün əsgər və zabitlərini toplayıb, məlumatlandırdım. Sonra Ruslan Ağasıyev gəldi, dedi ki, hərbi hissələrdə silahlar yerində tapılmır, satılır. Mənim bölüyümü də gəzdi, dedi, bayaqdan bölükləri gəzə-gəzə gəlirəm, yeganə bölükdür ki, burda hər şey yerindədir. Hətta mənə təşəkkür də elədi”.

Zərərçəkən deyir, onu Cəmilliyə aparıblar:

"Orxanla (soyadını və vəzifəsini qeyd etmədi) ailə münasibətimiz vardı, mənə yaxınlaşdı, dedi, gedək çay içək, mən də təklifi qəbul etdim. Mən üzümü çevirib getmək istəyəndə Orxan arxadan başımdan tapançanın dəstəyi ilə vurdu, yerə yıxıldım. Yıxılan kimi bri neçə yerdən üstümə tökülüşüb, əllərimi bağladılar. Məni kazarmanın qabağında maşına mindirdilər, dedim ki, bu nə hərəkətdir edirsiniz? Məni niyə bu şəkildə maşına mindirib, əsgərlərin qabağında aşağılayırsız? Mən dedikcə, Orxan məni söyür, təhqir edir, vururdu. Dedim, Orxan, biz ailəvi dostuq, etdiyin hərəkəti sənə yaraşdırmadım. Marquşavana, ordan da Cəmilli kəndinə aparıb, Elşən Niyazova təhvil verdilər. Elşən Niyazov mənə sillə ilişdirdi, dedi, tankları ermənilərə satmısan, ermənilər həmin tanklarla bizə qarşı döyüş hazırlayır. Dedim, bölüyümdə 10 ədəd tank var, gəlib baxış keçirə bilərsiz, hamısı yerindədir. Sonra əmr elədi ki, aparın bunu. Məni harasa aparırdılar, gözlərim bağlı idi, qarşımız çıxan soruşurdu ki, bu kimdir? Məni aparanlar deyirdi ki, tank bölyünün komandiri Orxandır. Bunu eşidən məni vururdu”.

Orxan Həsənov dedi ki, işgəncə yerində sonradan işgəncələrdən dünyasını dəyişmiş Elçin Mirzəliyevin döyülməyini görüb: "Gözümə bağladıqları parçanın altından gözaltı baxırdım, Elçin aşağıda halsız vəziyyətdə qalmışdı, gedib-gələn vururdu. Mənə deyirdilər, gözlə, səni də Elçinin gününə qoyacağıq. Mənə və ordakılara işgəncə verənlər SAT-ın (Dəniz pişikləri) uşaqlarıydı. Kimsə yaxınlaşdı, dedi, komandir, səbrli ol, hər şey yaxşı olacaq. İki gün susuz saxladılar. Gətirib suyu üstümüzə səpirdilər, gözlərimiz, əllərimiz bağlı, deyirdilər, kim suyu göydə tuta bilsə, içsin. Çox ağır işgəncə idi. Üçüncü gün kimsə gəldi, deyəsən həkim idi, ciddi-ciddi tapşırdı ki, bunlara su verilsin, tualetə aparılsınlar. Deyəsən kiminsə böyrəkləri sıradan çıxmışdı, ona görə bizə su verməyə başladılar. İçməyənlərin də ağzını açıb, güclə içirdirdilər”.

Bir neçə gün işgəncə altında qalan Orxan Həsənovun deməsinə görə, onu bu işgəncələrdən Hikmət Həsənov qurtarıb: "Qulağıma Hikmət Həsənovun səsi gəldi, qışqırdım ki, cənab general, mənim sizə sözüm var. Soruşdu ki, bu kimdir? Dedilər, tank bölüyünün komandiri Orxan Həsənovdur. Dedi, gətirin bura. Apardılar yanına, dedim, siz məni çoxdan tanıyırsız, Aprel Döyüşləri vaxtı özünüz məni Polad Həşimova yaxşı bölük komandiri kimi təqdim etdiniz. Yadına düşdü, dedi, bunu bura niyə gətirmisiz? Dedilər ki, tankları satıb. Mənsə bildirdim ki, yalandır. Bir azdan aydın oldu ki, məni Orxan adlı başqa bölük komaniriylə səhv salıb, bura gətiriblər. Dedi, bu, naxçıvanlıdır, sizə Tərtər tank bölüyünün komandirini gətirmək tapşırılıb. Elə oradaca əmr verdi, əllərimizi, gözlərimi açdılar. Biz yeddi nəfər idik. Hikmət Həsənov getdi, bu Elçin Əliyev (təqsirləndirilən şəxslərdən biridir) gəldi, dedi, sizin əllərinizi, gözlərinizi kim açıb? Dedik ki, general əmr elədi, açdılar. Bildirdi ki, mənə belə göstəriş verilməyib, bizim əllərimizi, gözlərimizi təzədən bağlatdırdı. İşgəncə verilməsə də, iyunun 25-dək belə vəziyyətdə qaldıq”.
Orxan Həsənov işgəncə yerinə əsgər və zabitlərin ailə üzvlərinin gətirilməsindən də danışıb: "Qonşu otaqdan qadın qışqırığı gəlirdi. Kiminsə arvad-uşağını gətirmişdilər. O da yalvarırdı ki, nə sənəd deyirsiz, qol çəkirəm, ancaq ailəmlə işiniz olmazın, ailəmi buraxın”.

Orxan Həsənov məhkəməyə deyib ki, işgəncə yerində saxlanılarkən özündən rütbəcə kiçik olanların davranışlarına tab gətirməyərək bir neçə dəfə özünü öldürmək istəyib.

Zərərçəkən tərəflərin suallarını cavablandırandan sonra hakim növbəti məhkəmə iclasını iyulun 19-na təyin edib.

Tərtər cinayətlərinə görə tutulanlar Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan ölümə səbəb olduqda), 145 (qanunsuz azadlıqdan məhrum etmə), 293 (işgəncə, qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar) və başqa maddələrlə ittiham olunurlar. İşlər də eyni hakimin icraatındadır. Vəkillər hesab edirlər ki, ya bu işlər birləşdirilməlidir, ya da ayrı-ayrı icraatda olan eyni işlərə eyni hakim baxa bilməz. Onlar hətta buna görə vəsatətlər də qaldırıblar. Ancaq təmin olunmayıb.

2021-ci ilin dekabrında "Tərtər işi” üzrə icraat yenilənəndən sonra ümumilikdə 452 nəfər zərərçəkmiş qismində tanınıb.

Mənbə: Toplum TV


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook