SON XƏBƏR

Tərtər şəhər 1 nömrəli tam orta məktəb ən yaxşı ümumi təhsil müəssisələri sırasındadır

Yanvar 06
18:28 2016
2014/2015-ci tədris ilinin "Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qalibləri arasında Tərtər şəhər 1 nömrəli tam orta məktəb də var. Məktəbin direktoru Nəcibə Muradova AZƏRTAC-a müsahibəsində bu uğurun əsas səbəbini yüksək nizam-intizam, müəllimlərin əməyi və şagirdlərin təhsilə olan marağı ilə əlaqələndirib. Bildirib ki, 112 yaşlı təhsil ocağında 1100 nəfər şagirdin təlim-tərbiyəsi ilə 124 müəllim məşğul olur.
 
Məktəbin yeni binası 2012-ci ildə istifadəyə verilib. Yeni təlim metodlarının tətbiq edildiyi məktəbdə tədrisin keyfiyyəti yüksək səviyyədədir. Məktəbin uğurları barədə məlumat verən N.Muradova bildirib ki, rəhbərlik etdiyi təhsil ocağının məzunları həm buraxılış imtahanlarında yüksək nəticə göstərir, həm də hər il yüksək bal toplayaraq respublikanın müxtəlif ali məktəblərinə daxil olurlar. 2014-2015-ci tədris ilində məktəbi bitirən 56 məzundan 32-si ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün sənəd verib, onlardan 24-ü tələbə adını qazanıb.
 
Məktəbin şagirdləri fənn olimpiadalarında, müsabiqə və idman yarışlarında da uğurla çıxış edirlər.
 
Direktor qeyd edib ki, məktəbin "Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsində qalib olması və Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən mükafatlandırılması müəllim və şagirdlərdə böyük ruh yüksəkliyi yaradıb. Təhsil ocağının kollektivi bundan sonra da öz fəaliyyəti ilə bu uğurun davamlı olmasına çalışacaq.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook