SON XƏBƏR

Tikintiyə icazə alınması proseduru sadələşir (VİDEO)

Yanvar 25
09:00 2019
Tikinti sektorunda icazə üçün bir pəncərə sisteminin tətbiqinə başlanılır. Qaydalara əsasən tikintiyə və tikinti obyektinin istismarına icazə ödənişsiz şəkildə aparılır, tikintiyə icazə alınması istiqamətində bütün aidiyyəti qurumlardan rəylər və texniki şərtlərin alınması tam olaraq sahibkarın iştirakı olmadan elektron qaydada həyata keçirilir.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə keçirilən "Tikinti obyektlərinin tikintisi və istismarına icazələrin verilməsi üzrə aparılmış islahatların tikinti şirkətlərinə kommunikasiya" mövzusunda keçirilən seminarda bildirilib.

Qeyd olunub ki, tikintiyə və istismara icazənin əldə olunması üzrə sahibkarın keçməli olduğu tələb olunan prosedurların və günlərin sayı azaldılmaqla, sahibkar üçün daha operativ, şəffaf və səmərəli mühit formalaşdırılır.

Seminarda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov Bakının baş planı ilə bağlı da məlumat verib. Bildirib ki, Bakının baş planının birinci mərhələsi artıq yekunlaşıb. İkinci mərhələ yekunlaşdıqdan sonra isə paytaxtın baş planı hazır olacaq.

Seminarda o da bildirilib ki, elektron sistemin tətbiqi biznes mühitinin və azad rəqabət mexanizminin inkişaf etdirilməsinə, ölkənin beynəlxalq reytinq qiymətləndirmələrində mövqeyinin irəliləməsinə şərait yaradacaq.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook