Tokayevdən qərar: Kasıblara yardım etmək üçün xüsusi fond yaradılacaq
Yanvar 05
15:38
2022
Yeni ilin ilk günlərində Qazaxıstanın Manqistau vilayətinin Janaozen və Aktau şəhərlərinin sakinlərinin başlatdığı etiraz aksiyaları demək olar ki, bütün ölkəni bürüməkdədir. Artıq paytaxt Astana və Alma-Ata şəhərlərində də kütləvi aksiyalar keçirilib, həbs olunanlar və xəsarət alanlar var. Xarici media orqanları xəbər verirlər ki, görülən tədbirlərə baxmayaraq, etirazlar səngimək bilmir.
Bu arada ölkədə yaranmış vəziyyətlə bağlı hökumətin geniş iclasını keçirən Prezident Kasım-Jomart Tokayev baş verən gərginliklə bağlı məsuliyyəti hökumətin üzərinə atıb. Artıq xəbər verildiyi kimi, hökumət tam tərkibdə istefaya göndərilib və Baş nazir səlahiyyətləri Əsgər Mamindən alınaraq Əlixan Smailova verilib.
Prezident deyib ki, sözügedən nazirlik sıxılmış təbii qazın qiymətinin elektron ticarət vasitəsilə tənzimlənməsi prosesində kobud səhvlərə yol verib.
Bunlarla yanaşı, Tokayev təkcə sıxılmış qaz deyil, bir çox məhsullar və kommunal xidmətlərlə də bağlı rəsmi göstərişlər verib.
Belə ki, Prezident hökumətə sosial əhəmiyyət daşıyan məhsulların qiymətini tənzimləməklə bağlı tapşırıq verib. Həmçinin, 6 ay müddətinə kommunal xidmətlərin qiymətinin artırılmasına qadağa qoyub.