SON XƏBƏR

Toronto şəhərində Azərbaycan Evinin rəhbəri Lalin Həsənova “Azərbaycanın Qüruru” qızıl ordeninə layiq görülüb

Oktyabr 03
11:48 2023
Kanadanın Ontario vilayətinin Toronto şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin inzibati binasında keçirilən təqdimat mərasimində həmyerlimiz, Azərbaycan Evinin rəhbəri Lalin Həsənova "Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub.

Mükafatı Lalin Həsənovaya Kanadada işgüzar səfərdə olan "Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli keçirilən tədbirdə təqdim edib.

Bu ölkədə yaşayan azərbaycanlıların və onları birləşdirən diaspor təşkilatlarının fəaliyyətindən danışan Emil Nəsirli eyni zamanda Azərbaycanın dövlətçilik tarixinə nəzər salıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü diaspor siyasətinin uğurlu nəticələrindən danışıb.

Baş redaktor Emil Nəsirli Kanadada yaşayan azərbaycanlıların təşkilatlanması, yaşadıqları cəmiyyətə inteqrasiya olunması və digər mühüm məsələlərlə bağlı fikirlərini ifadə edərək bildirib ki, Kanadanın Ontario vilayətinin Toronto şəhərində fəaliyyət göstərən Azərbaycan Evi təkcə Kanadada yaşayan azərbaycanlılar arasında körpü rolunu oynamır, eyni zamanda "Azərbaycanım” beynəlxalq jurnalı, digər yerli KİV vasitələri ilə, yerli tələbə və alimlərlə də sıx əlaqələr yaradır, mədəni, elmi müzakirə platformaları təşkil edir.  E.Nəsirli həmçinin Azərbaycan Evinin milli mədəniyyətin qorunub saxlanılması, gənc nəslə ötürülməsi baxımından önəmini vurğulayıb.

Emil Nəsirli Kanadada Azərbaycan diasporunun inkişafında və möhkəmlənməsində Lalin Həsənovanın müstəsna xidmətlərindən danışıb, burada yaşayıb fəaliyyət göstərən həmyerlimizin fəal, konstruktiv əməkdaşlığından bəhs edib, əlaqələrimizin səmərəliliyinin artırılması ilə bağlı təklif və tövsiyələrini diqqətə çatdırıb. Baş redaktor vurğulayıb ki, Lalin Həsənova milli mədəniyyətin qorunub saxlanılması, gənc nəslə ötürülməsi və Azərbaycan diasporunun fəaliyyətinə mühüm töhfələr verdiyinə görə "Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının qərarı ilə "Azərbaycanın Qüruru” qızıl ordeninə layiq görülüb.

Həmyerlimiz, Toronto şəhərində Azərbaycan Evinin rəhbəri Lalin Həsənova da öz növbəsində, ona təqdim olunan mükafata görə "Azərbaycanım” beynəlxalq jurnalının kollektivinə təşəkkürünü bildirib, Kanada və Azərbaycan arasında mədəniyyət, iqtisadiyyat və digər sahələrdə münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əmin olduğunu bildirib. Lalin Həsənova həmçinin Kanadada diasporumuzun fəaliyyəti ilə bağlı mövcud vəziyyətdən, dövlətimizin xaricdə yaşayan soydaşlarımıza diqqət və qayğısından danışıb. O, qarşıda duran vəzifələrə toxunaraq diaspor təşkilatlarımızın həyata keçirdiyi işləri qeyd edib.

Müzakirələr zamanı Azərbaycan Evinin fəaliyyətə başlamasının bütün soydaşlarımızın arzusu olduğu, təşkilatlanma istiqamətində aparılan ardıcıl işlər, diaspor fəaliyyətinin milli-mənəvi dəyərlərimiz əsasında sistemli şəkildə həyata keçirilməsi, ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, vətənimizlə bağlı elmi-tədqiqat işlərinə dəstəyin göstərilməsi, meydana çıxan çətinliklər, bundan sonrakı mərhələdə görüləcək işlərlə bağlı fikirlərini söyləyib, təkliflərini irəli sürüblər.

Maraqlı görüş sualların cavablandırılması, fikir mübadiləsinin aparılması və xatirə şəklinin çəkdirilməsi ilə yekunlaşıb.
 
 
 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook