SON XƏBƏR

“Torpaq islahatı Kənd Təsərrüfatı Nazirliyinə tapşırılacaqsa, faydası olmayacaq”

Sentyabr 20
08:39 2016
Qabil Hüseynli: "Bakıda oturub, yüzlərlə hektar sahələri çəpərləyib "yaman gün” üçün saxlayan, istifadə etməyən oliqarxlar ölkənin iri sərvətlərini batırırlar”

Azərbaycanda ikinci devalvasiya baş verəndən, neftin qiyməti aşağı düşəndən sonra hökumət aqrar sahəyə xüsusi diqqət ayırır. Ötən saylarımızda yararlı torpaqları zəbt edən oliqarxlara qarşı hökumətin ciddi tədbirlər görməyə başladığı barədə xəbər vermişdik. Prezident İlham Əliyevin son çıxışlarında səsləndirdiyi fikirlər ölkə başçısının bu məsələdə qətiyyətli olduğunu açıq şəkildə göstərir. 

Görünən budur ki, ölkə başçısı qeyri-neft sektorunun inkişafı üçün "iqtisadiyyatı dənizdən çıxarıb torpaqda qurmaq modeli” adlandırılan proqramı gerçəkləşdirmək üzrədir. 
 
Heç şübhəsiz ki, bu modelin tətbiqi Azərbaycanda elə də asan deyil. Çünki yararlı torpaqların böyük hissəsi oliqarxların nəzarətindədir. Aqrar sahənin inkişafı üçün ilk növbədə həmin oliqarxlara qarşı ciddi tədbirlər görülməlidir. Əslində belə tədbirlərin görüləcəyinin anonsunu ölkə başçısı iyulun 11-də keçirdiyi müşavirədə verib. İ.Əliyev həmin müşavirədə "belə torpaqlar iri məmurlara aiddir və məndə onların adları var” -deyə, qeyd edib. 

Ekspertlər hesab edirlər ki, referendumdan sonra bu istiqamətdə ciddi addımlar atılacaq. Çünki ölkədə tüğyan edən iqtisadi böhranın aradan qaldırılması üçün görülməli olan işlərdən biri də istifadəsiz qalan yararlı torpaqların kəndliyə və fermerlərə icarəyə verilməsidir. Bu yolla müəyyən qədər işsizliyin aradan qaldırılacağı, ölkəni tərk edən vətəndaşların geri qayıdacağı da vurğulanır. 

Onu da qeyd edək ki, rayonlarda yararlı torpaqları zəbt edənlər əksərən həmin ərazilərin "kiçik padişahlar”ı, yəni icra başçılarıdır. Həyata keçiriləcək proses çərçivəsində vəzifəsini itirəcək icra başçılarının olacağını da istisna etməyənlər var.  

Politoloq Qabil Hüseynli "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu siyasətin həyata keçməsi üçün ilk növbədə iradə lazımdır: "Torpaq onu əkib-becərənin, kəndlinin olmalıdır. Bakıda oturub, yüzlərlə hektar sahələri çəpərləyib yaman gün üçün saxlayanlar, istifadə etməyənlər ölkənin iri sərvətlərini batırırlar. Hökumət qeyri-neft sektorunun inkişaf xəttini əsas götürüb. Burada söhbət təkcə oliqarxların əlindəki torpaq sahələrinin alınmasından getmir. Kənd təsərrüfatının inkişafının yeni formalarını tapmaq lazımdır. Açığı deyim ki, bu iş Kənd Təsərrüfatı Nazirliyinə tapşırılacaqsa, bunu həyata keçirmək mümkün olmayacaq. Bu iş bütövlükdə prezidentin nəzarəti altında olmalıdır. Yenidən torpaq islahatlarının keçirilməsinə ehtiyac var. Oliqarxların əllərindəki torpaq sahələri alınmaqla yanaşı, kiçik pay torpaqlarının iri pay torpaqlarına çevrilməsi üzərində fikirləşmək lazımdır. Texnikaya ciddi diqqət ayrılmalıdır. Eyni zamanda kənd təsərrüfatına dövlət xərcləri, kreditlər ayırmaq lazımdır. 

Elə məhsullar becərilməlidir ki, dünya bazarına çıxsın, dünya bazarında bu məhsullara tələbat olsun. Əminəm ki, bunlar doğru həyata keçirilsə, gələn gəlirlər dövlət büdcəsinin yarısını təşkil edər. Sadəcə, bu işin başında duran şəxs hər gün bu işlə məşğul olmalıdır. Bununla bağlı xüsusi bir orqan yaradılmalıdır. Həmin orqanın rəhbəri gündəlik görülən işlər barədə ölkə başçısına məlumat versin”.

Politoloq aparılan siyasətin oliqarxların müqaviməti ilə qarşılacağı barədə olan ehtimallara da toxundu: "Bu siyasəti həyata keçirmək lazım gələrsə, iri oliqarx, məmur kimdir? Hökumət qərar verir ki, aqrar islahat bunu tələb edir. Bu qərarın qarşısında oliqarxlar müqavimət göstərəcəksə, bunun təsiri ilə geri çəkilmə olacaqsa, o zaman bu islahatı keçirməyə ehtiyac yoxdur. Referendumdan sonra bu istiqamətdə hansı işlərin görüləcəyini indidən deyə bilmərik. Bunu zaman göstərəcək. Aqrar islahatların həyata keçirilməsi böyük təşkilatçılıq tələb edir. Yüksək gəlir əldə etmək üçün bu çox vacibdir”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook