SON XƏBƏR

TRT1-də Şah İsmayıl Xətaiyə həqarət edənlərə tutarlı cavablar

Aprel 11
02:09 2017
Elçin Mirzəbəyli: "Çox geniş səviyyədə Beynəlxalq Xətai Konfransının keçirilməsinə ehtiyac var; geri zəkalı zehniyyətə başa salmaq lazımdır ki, Səfəvi-Osmanlı ixtilafı məzhəb qarşıdurması deyil”
 
Dilavər Əzimli: "TRT1 kanalı o zaman ədalətli olardı ki, həmin verilişə Azərbaycandakı səfəvişünaslardan dəvət edərdi”
 
Türk dünyasında təfriqə salmağa, Türkiyə-Azərbaycan qardaşlığına xələl gətirməyə çalışanlar vaxtaşırı fəallaşır, ortaya çeşidli mövzular atırlar. Bu günlərdə Türkiyənin TRT1 kanalında Şah İsmayıl Xətainin "kürd” adlandırılması, Azərbaycanın ən böyük imperiyasının başçısının, ana dilimizdə gözəl əsərlərin müəllifinin ünvanına həqarətlərin səslənməsi də sözsüz ki, təsadüfi deyil. 

"Türkiyədə Azərbaycanın tarixini dəqiq bilənlər azdır. Onlar əsasən öz tarixçilərini oxuyurlar. Həm də son dövr yazanları yox, köhnəni. Digər tərəfdən, orada çıxış edənlər özləri də etnik ola bilərlər. Hesab edirəm ki, məqsədli bir proqram idi. Çünki heç olmasa Tufan Gündüzə müraciət edə bilərdilər”.

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli bunu Türkiyənin TRT 1 kanalında Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətai haqqında səsləndirilən həqarətlərə və tarixin saxtalaşdırılmasına yönəlmiş fikirləri "Yeni Müsavat”a şərh edərkən bildirdi. Tarixçi alimin sözlərinə görə, Azərbaycanda ən çox kütləvi tamaşaçısı olan TRT1 ciddi səhvə yol verib: "İranı müzakirəyə çıxaran aparıcı Pelin Çift və qonaqları İbrahim Pazan, Ahmet Şimşirgil "Tarih Sahnesi - Yavuz Selim Han ve Şah İsmail" mövzsunda İran kənarda qala-qala Səvəfiləri və Şah İsmayılı tənqid atəşinə tutublar. Bu proqram Azərbaycan tərəfində ciddi təəssüf doğurub. Şah İsmayılın Sincardan olan kürdəsilli Firuz şahın soyundan gəldiyi bildirilib”.

D.Əzimlinin sözlərinə görə, bu gün Azərbaycanda olduğu kimi, qardaş Türkiyədə də Türk Birliyinə, Azərbaycan-Türkiyə birliyinə qarşı çıxan çoxlu sayda qüvvələr vardır: "Təəssüf ki, qardaş Türkiyənin TRT1 kanalı da bu dəfə bu təbliğata önəm verdi. Orada çıxış edənlərin Azərbaycan Səfəvi dövlətinin tarixindən xəbəri yox idi. Bu adamlar indiki İran-fars rejimi baxışından Səfəvilərə münasibət sərgilədilər. Bunlar hələ də anlamırlar və yaxud qana bilmirlər ki, o zaman İran adlı dövlət olmayıb. Bunlar Şah İsmayılın əcdadlarını kürdə bağlamaqla nə məqsəd güdürlər. Bunlar anlamırlar ki, bununla da Azərbaycan Türklüyünə zərbələr vururlar. Bunlar qanmırlar ki, Azərbaycan Türklüyü zərbə alarsa, bütün Türklük zərbə alacaqdır!!! Bunlar nə istəyir? Bəlkə Türklüyü dini baxışlara qurban vermək istəyirlər. Din yalnız məscidlərə girməlidir. Dini oradan bayıra buraxmaq olmaz. Buraxan kimi bu cür vəziyyət yaranır”. D.Əzimli televiziyada çıxış edənlərə bunları xatırlatdı: "Türkiyənin tarixçiləri yazırlar ki, səfəvilər Ərdəbildə tarixən yaşayan türklər olmuşlar. Heç olmasa "Tarix-i-aləmara-yi Abbasi” ("Abbasın dünyanı bəzəyən tarixi”), yaxud "Əhsən-üt Təvarixi” ("Tarixlərin ən yaxşısı”), "Tarix-i aləm-arayi İsmayıl” ("Şah İsmayılın tarixi”) mənbələrini oxusunlar. Bir də TRT1 kanalı o zaman ədalətli olardı ki, həmin verilişə Azərbaycandakı səfəvişünaslardan dəvət edərdi. Demək, burada məqsəd olub. Bu məqsəd də Türk birliyinə zərbələr endirmək və Azərbaycanda anti-Türkiyə ovqatını yüksəltməkdir. Bu gün "Şah İsmayıl və Sultan Səlim” mövzusuna müraciət edənlər yalnız bu məqsədi güdürlər. Nəyə görə Həsən Bayanduri-Sultan Məhəmməd Fateh münasibətlərinə, yaxud Şah I Abbas dövründə Osmanlı ilə münasibətlərə toxunmurlar. Bu gün "Şah İsmayıl-Sultan Səlim” mövzusunu gündəmə gətirənlər yalnız türkçülüyə qarşı çıxış edənlərdir. Sonda bu cür qüvvələrə xatırlamaq istərdim ki, Türk Birliyinə heç nə mane ola bilməyəcək! Bizi birləşdirən türklük, Türk dili, sonra isə dindir. Din sonucu ola bilər. Çünki türklər müxtəlif dinlərə məxsusdur. Düzdür, daha çox İslama bağlı olanlardır. Amma xristian və digər dinlərdə olan Türklər də var. Bu mənada istər Azərbaycanda, istərsə də Türkiyədə aparılan bu cür təbliğatların bir adı vardır: Türk birliyinə xəyanət!”

Tarixçi alimin sözlərinə görə, hazırda biz ortaq mövqe sərgiləməli, bu cür yanlış mövqelərin aradan qaldırılmasına çalışmalıyıq: "Baxın, "Dirilik-Ərtoğrul” kinosu türkü təhqir edir, ermənini, kürdü, yunanı yerli sayır. Türkü "gəlmə” və "keçi saxlayan” kimi təqdim edir. Görün Türkiyənin özündə belə qüvvələr necə fəallaşıb”.

Politoloq Elçin Mirzəbəyli isə hesab edir ki, bu, artıq Azərbaycan üçün də, Türkiyə üçün də çeynənmiş mövzudur. Lakin məsələnin TRT səviyyəsində və təkrar-təkrar gündəmə gətirilməsi müəyyən qədər narahatlıq doğurur: "Təəssüf ki, son 10-15 il ərzində Türkiyənin bəlli bir zümrəsində tarixdən başlamış mədəniyyətə kimi hər şeyə dinçi və məzhəbçi müstəvidən yanaşmaq kimi olduqca təhlükəli bir tendensiya formalaşıb. Bu adamlar anlaya bilmirlər ki, "neo osmanizm” - Türkiyənin gələcəyinə, türk dünyasına və dünyaya osmanı və xilafət tarixi müstəvisindən münasibət bəstələmək Türkiyəni nəinki müasir dünyadan, hətta türk dünyasından belə uzaq salır. Tarix boyu türk imperiya və dövlətləri arasında ixtilaflar baş verib və bu da həmin dövrün dünyagörüşü çərçivəsindən dəyərləndirildikdə, normal qəbul olunmalıdır. İmperatorlar - sultanlar, şahlar, xanlar öz ərazilərini genişləndirmək və üstün güc olmaları üçün müharibələr aparardılar”. E.Mirzəbəyli deyir ki, bir qrup gerizəkalı Səfəvi-Osmanlı ixtilafına məzhəb müstəvisindən yanaşmaqla, Türkiyə cəmiyyətinə və ərəb dünyasına saxta bir təəssübkeşlik nümayiş etdirir: "Amma o zaman başqa suallar çıxır ortalığa: Sultan İldırım Bəyazidlə Əmir Teymur arasında ki, məzhəb ayrıseçkiliyi yox idi, o zaman onlar niyə qarşı-qarşıya gəldilər? Yaxud nədən özbək qardaşlarımız Şeybanioğulları xanlığının Xətai tərəfindən süquta uğradığından danışmırlar? Çünki düşüncələri, təfəkkürləri yerindədir. Saxta dinçi zehniyyətlə xəstələnməyiblər. Sizi əmin edirəm, əgər Xətai Çaldıranda qalib gəlsəydi, bu gün saxta osmanlı təəssübkeşlərinin heç biri bu mövzuda danışmayacaqdı. Necə ki, Əmir Teymurun İldırım Bəyazidi əsir götürməsindən bir kimsə danışmır. Deməli, Xətainin ən böyük günahı məğlubiyyətidir”.
 
Politoloq məsələnin digər tərəfinə də işıq salmağı vacib saydı: "Türkiyənin türk dünyasından qopardılması və ərəb səhralarına sürüklənməsi bir qrup türk düşməninin arzusudur və təəssüf ki, belələri üçün Türkiyədə geniş imkanlar yaranıb. Onlar yaxşı bilirlər ki, Türkiyə neo-osmanizmlə nə Mərkəzi Asiyaya, nə də Qafqazlara girə bilməyəcək. Çünki gah Əmir Teymur çıxacaq ortalığa, gah Xətai, gah da başqa birisi... Türk birliyini arzulamayanlar da bundan məharətlə istifadə edirlər, təəssüf ki... Amma nə Azərbaycan, nə də Orta Asiya türklərinin yaddaşından onların imperiya qurmaq və idarə etmək potensialını yox etmək, qan yaddaşlarını silmək mümkün olmayacaq. SSRİ kimi nəhəng imperiyanın amansız ideoloji maşını belə bunu bacarmadı. Heç kim bizdən və Orta Asiya türklərindən "əzik” toplum düzəldə bilməyəcək. Bunu, Türkiyə türkcəsində desək, bəziləri qafalarına qoysunlar artıq”.
 
E.Mirzəbəyli təəssüf doğuran bu durumla əlaqədar konkret təkliflər çıxış etdi: "Zənnimcə, bu məsələlərlə bağlı Azərbaycan və Türkiyə tarixçiləri bir araya gəlib ortaq bir konfrans keçirməli, Türkiyədəki dərsliklərdən Xətai ilə bağlı türk düşmənçiliyinə və bölücülüyə xidmət edən məsələlər çıxarılmalıdır. Zənnimcə, çox geniş səviyyədə Beynəlxalq Xətai Konfransının keçirilməsinə ehtiyac var. Geri zəkalı zehniyyətə başa salmaq lazımdır ki, Səfəvi-Osmanlı ixtilafı məzhəb qarşıdurması deyil”.
 
musavat.com



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook