SON XƏBƏR

"Turan Bank" vətəndaşı aldadıb - ŞOK TƏFƏRRÜAT (FOTO)

Fevral 08
11:39 2021
Masallı sakini "Turan Bank” tərəfindən aldadıldığını deyir

Masallı rayonu, Həsənli kənd sakini Camal Əhmədağa oğlu Hüseynov iddia edir ki, "Turan Bank” işçisi və bir neçə nəfər tərəfindən aldadılıb:

"Hadisə 2015-ci ilin sentyabrında olub. Bakıda fəhlə işlədiyim dövrlərdə naxçıvanlı tanışım gəldi ki, köməyin lazımdır. Bir nəfər maşınını sənin adına keçirmək istəyir. Dedi ki, narahat olma, sənlik heç bir iş yoxdur. Mən də həmin oğlanı tanıdığım üçün etiraz etmədim. Növbəti gün Anar adlı bir nəfərlə görüşdük. O söylədi ki, maşını mənim adıma sənədləşdirəcəklər. Hətta zarafatla əlavə etdi ki, istəsən maşını bizim əlimizdən ala da bilərsən. Bunlar maşını mənim adıma keçirdilər. Yəni texniki pasportda maşın mənim adımadır. 2008-ci il istehsalı olan "Prado” "90-UJ-844” dövlət nömrə nişanlı maşın idi. Bunlar avtomobili mənim adıma sənədləşdirəndən sonra "Turan Bank”ın Binəqədi filialına girov qoyaraq, yenidən mənə müxtəlif sənədlərə qol çəkdirdilər. Sonra da dedilər ki, vəssalam, gedə bilərsən. Narahat olma, qalan işlər bizlikdir. Mobil nömrə verdilər ki, nə problem yaransa, bizimlə əlaqə saxla. Bununla da məsələ bağlandı. Onu da deyim ki, həmin adam mənə dedi ki, qardaşım "Turan Bank”da işləyir. Yəni onlar iki qardaş əlbir olub mənim başıma bu oyunu açdılar. Qardaşlardan biri Anar Əsədov Kamil oğludur, Zəngilan qeydiyyatındadır. Digəri haqqında heç bir məlumatım yoxdur”.

Şikayətçi deyir ki, hadisənin üzərindən bir il keçəndən sonra Həsənli kəndinin poçtuna onun adına üç radar məktubu gəlib. Məsələni aydınlaşdırmaq məqsədilə ona verilən nömrəyə zəng edib:

"Zəngləşəndən sonra görüşdük, avtomobilin cəriməsini ödəyəndən sonra məndən mülki etibarnamə aldılar. Bunlar elə bir oyun oynayıblar ki, maşını kim necə sürür, bəlli deyil. Hətta nömrəsini dəyişiblər. Hadisədən yarım il vaxt keçəndən sonra Masallı Məhkəməsindən məktub gəldi ki, "Turan Bank” məni məhkəməyə verib. Görmüşük ki, bank kreditini gecikdirəndə adama xəbərdarlıq edərlər. Heç bir bank kredit borcuna görə ilyarım gözləyib, sonra xəbərdarlıq etmədən məhkəməyə vermir. Yəni bir ay gecikmə olan kimi zəng edirlər. Bunlar mənə necə kələk gəliblər, üzərindən ilyarım vaxt keçəndən sonra "Turan Bank” məni məhkəməyə verib. Özü də məndən xəbərsiz. Kredit borcu ilə bağlı ilyarım ərzində xəbər etsəydilər, vaxtında işin üstünə düşə bilərdim. Xəbərdarlığı bilərəkdən etməyiblər, çünki məqsədləri məni aldatmaq olub. Götürdükləri 18.500 dollar faiz və cəriməsi isə yığılaraq 22.794 dollar 37 sent olub. Masallı Məhkəməsində hakim tövsiyə etdi ki, avtomobili tapın. Neçə ildir ki, məktub yazmadığım yer qalmayıb. Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə, həmçinin Baş Cinayət Axtarışı İdarəsinə, bütün aidiyyatı orqanlara müraciət etmişik. Hətta fevralın 17-də Bakı Apelyasiya Məhkəməsində işimizə təkrar baxılacaq. Lakin "Turan Bank” məsələnin həll olunmasında maraqlı deyil, çünki işin üstünün açılmağını istəmirlər. Gəlib yaşayışıma baxsınlar. Görsünlər ki, mənim elə bahalı maşın sürməyə imkanım varmı? Haradandır elə bahalı maşınım ki, banka girov qoyub pul götürüm? İkinci qrup əliləm, işləmirəm. Dövlətdən 230 manat təqaüd alıram. Üç körpə uşağım var. Həyat yoldaşım da xəstə adamdır. Yaşayışımızı görən qorxar. Divarlar nəmişlikdən uçub tökülür. Döşəmə çürüyüb, şifer qırılıb, yağış yağanda evə tökülür. Pulum olsa evimi düzəldərəm. Bu evdə heç heyvan da yaşamaz, amma biz yaşayırıq. Beş-on manat deyil ki, deyəsən balalarımın başına sədəqə. Qırx min manat pul məndə nə gəzir”.

"Turan Bank” ASC-nin Problemli Kreditlərlə iş Departamentin direktoru Kamil Hüseynli Meydan TV-nin şikayətlə bağlı sorğusuna "Məsələni araşdıracağıq. Həmin şikayətçini dəvət edib, işinə baxacağıq”, - deməklə kifayətlənib.

Vəkil Əsabəli Mustafayev deyir ki, adətən bu kimi hallarda aldanmış adamlar məsələnin mahiyyətindən xəbərdar olurlar. Əvvəlcədən razılaşdırılaraq, onlara müəyyən məbləğdə pul təklif olunur:

"Məsələn, təklif olunur ki, sənin adına pul götürəcəyik. Sənə də müəyyən məbləğdə pul verəcəyik. Yəni həmin adam güman ki, hansı riskə getdiyini müəyyən mənada bilir. Tam məlumatsız olmur. İkinci bir məqam, imzalanan sənədləri mütləq oxumaq lazımdır. Sonra ciddi problemlə üzləşərkən məsuliyyətdən yayına bilməyəcəklər. Həmin şəxs sənədlərə qol çəkibsə, məsuliyyətdən yayına bilməz. Sənədləri imzalayıbsa, prosesin içindədir, icraçılarından biridir. Sənədləri bankda imzalatdırıblarsa, hansısa məcburiyyətdən söhbət gedə bilməz. Belə hallar çox yayılıb, kiçik bir məbləğə aldanaraq, böyük məbləğin altına girirlər. İnsanlarda səthi, məsuliyyətsiz yanaşma var. Sonradan da bu kimi hallarla rastlaşıb, əziyyətini çəkirlər. Bu kimi məsələləri ictimailəşdirmək, insanları hüquqi cəhətdən maarifləndirmək lazımdır”.
 
Qlobal.Az
 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook