SON XƏBƏR

“Turan Tovuz” “Şamaxı”ya qəsdən uduzub? – Tutarlı dəlillər

Noyabr 05
09:55 2022
"Turan Tovuz”un öz meydanında "Şamaxı”ya məğlub olması hər kəsi təəccübləndirib.

Qarşılaşmadan dərhal sonra isə söz-söhbət futbol camiəsini bürüyüb. "Turan Tovuz” elitaya bu il qayıtsa da, "möhkəm komanda” təsiri bağışlayır. Komanda, xüsusən də öz meydanında daha əzmkar görünür. "Şamaxı” isə aşkar autsayderdir və Tovuz səfərinə qədər qələbə də qazanmamışdı. Şamaxılılar 12 oyunda rəqib qapılarından cəmisi 5 top keçirmişdilər, öz qapılarından isə 20 top çıxartmalı olmuşdular. Yəni bu göstərici də "Şamaxı”nın zəifliyinə bariz nümunədir.

Ancaq belə zəif komanda gözlənilmədən "Turan Tovuz”a Tovuzda 3 qol vurur. Aut.az-ın əldə etdiyi məlumata görə, artıq bu qarşılaşmanın nəticəsi haqda şübhələr formalaşıb.

Çünki oyundan əvvəl "Şamaxı”nın qələbəsinə "Misli”nin təklif etdiyi əmsal da təəccüb doğurmuşdu.

Futbol oyunlarına daim yatırım edən, adının çəkilməsini istəməyən şəxslə söhbətimizdə bu məsələ haqda danışdıq. O bildirdi ki, "Misli”nin "Turan Tovuz”un qələbəsi üçün təklif etdiyi əmsal 2.00-dan yuxarı olub ki, bu da şübhəlidir:

"Turan Tovuz”un öz yerində yaxşı oynadığını, "Şamaxı”nın aşkar autsayder olduğunu nəzərə alsaq, bu qarşılaşmada ev sahibi olan komandanın qələbəsi üçün 1,57 əmsalı daha məntiqli olmalı idi. Maksimim 1,68 ola bilərdi, vəssalam. "Misli”nin 2.00-dan yuxarı əmsal təklif etməsi təəccüblüdür. Uzun müddətdir futbol oyunlarına yatırım edirəm, əminliklə deyirəm ki, belə əmsal "tələ” hesab olunur. Tək bizim yox, başqa çempionatlarda da, favorit komandanın qələbəsinə belə qeyri-adi əmsal təklif olunursa, ondan mütləq şübhələnin.

Və əmin olun ki, o əmsal gəlmir. Yəni insanları şirnikləndirmək üçün belə əmsal təklif olunur, amma əmindirlər ki, qələbəsinə yatırım edilən komanda məğlub olacaq. Burada "Turan Tovuz”la "Misli”nin birgə fəaliyyətini iddia edə bilərik? Məncə, aşkar favorit komandanın qələbəsinə 2.00-dan yuxarı əmsal təklif edən kontor onun qalib gəlməyəcəyinə əmin olmalıdır. Yoxsa heç kim belə axmaqlıq etməz. Bu qarşılaşma haqda bir söz deyə bilmərəm, amma bu işin içində olan adam kimi deyirəm, Azərbaycanın birinci divizionunda oyun alqı-satqısı həmişə olub, indi də var”.

Qeyd edək ki, UEFA zaman-zaman Azərbaycan çempionatındakı oyun-alqı satqıları ilə bağlı tutarlı sübutları AFFA-ya təqdim edib. Vaxtilə buna görə xırda fiqurlar da cəzalanıb. Bir müddət bu məsələdə nisbi sakitlik yaransa da, son vaxtlar dəllallar "bazarı” yenidən qızışdırırlar, deyəsən. Obyekt də pis seçilməyib – avtobusu olmayan "Turan Tovuz”. Yaxın vaxtlarda Tovuz klubunda müasir avtobus görsəniz, barmağınızı dişləyərsiniz.
 
Mənbə: Aut.az
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook