SON XƏBƏR

Turizm Agentliyi 6.4 milyon manatlıq tenderə aydınlıq gətirdi

İyul 03
16:14 2020
Dövlət Turizm Agentliyi tərəfindən brendinq, reklam və kommunikasiya, təbliğat xarakterli tədbirlərin keçirilməsi xidmətlərinin satın alınması üzrə sifarişçi olduğu 6.490.000 manatlıq tenderlə bağlı açıqlama yayıb. 
 
Qlobal.az Dövlət Turizm Agentliyinin açıqlamasını təqdim edir:
 
"Koronavirus böhranı qlobal turizm sənayesinə əsaslı surətdə təsir edərək bu günədək turizmdə mövcud olan yanaşmaları dəyişdi və tamamilə fərqli qaydaları şərtləndirdi. Bu qlobal böhranın geniş vüsət alması normallaşma prosesinin sürətinə də təsir göstərdi ki, bu da turizm sahəsində uzunmüddətli təsirlərə gətirib çıxardı. Belə ki, böhran mütləq surətdə turistlərin gözləntilərində və səyahətçi kimi davranış vərdişlərində dəyişiklik etdi.
 
Dünya turizmindəki bu cari vəziyyətə baxmayaraq, artıq bir neçə ölkə "yeni normal” deyilən qaydalara uyğun olaraq öz sərhədlərini açıb və turizmi yenidən canlandırmağa çalışır. Ancaq danılmazdır ki, ümumilikdə dünya turizmi tədricən normallaşmağa doğru gedir. Bunu nəzərə alaraq post-pandemiya dövrü üçün Azərbaycan turizminin rəqabətqabiliyyətliliyini artırmaq üçün daha müfəssəl və məqsədyönlü təbliğat və marketinq strategiyası və fəaliyyət planı hazırlanmalıdır.
 
O da məlumdur ki, hər şey əvvəlki dövrdən çox fərqli olacaq. Hazırda qarşıda duran əsas məqsəd Azərbaycanın təhlükəsiz və etibarlı turizm məkanı kimi imicini formalaşdırmaq və gücləndirməkdir. Həmçinin Azərbaycan yeni yanaşma nümayiş etdirərək hədəf bazarlara uyğun yeni marketinq və təbliğat vasitələrindən istifadə etməlidir. Xüsusilə də yeni turizm trendləri rəqəmsal platformaların və alətlərin önəmini daha çox artırır.
 
Yaranmış şərait həmçinin beynəlxalq bazarlarda yeni yanaşmanı və yenidən mövqelənməni zəruri edir. Ölkənin regional və yerli miqyasda turizm potensialının geniş
təbliğatına da böyük ehtiyac var. 2020-ci ilin 29 yanvar və 8 fevral tarixlərində kütləvi informasiya vasitələrində elan olunan tender turizmin inkişafının dəstəklənməsi və turizm potensialının effektiv təbliğatını hədəfləyən "Azərbayca Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol
Xəritəsi”nə uyğun olaraq ölkədə turizmin inkişaf etdirilməsinə müsbət təsir göstərən brendinq tədbirləri çərçivəsində keçirilib.
 
Tender Dövlət Turizm Agentliyinin sistemli və qabaqcadan planlaşdırılan fəaliyyət planı çərçivəsində həyata keçirilsə də, indiki yaranmış şərait tenderin zaman etibarilə doğru vaxtda keçirildiyini göstərir. Çünki dövlət satınalmaları və tender prosesinin başa çatdırılması uzun müddət tələb edir. Göründüyü kimi, cari tenderin başa çatdırılması təqribən 6 ay davam edərək iyun ayında qalib gəlmiş "MaxPrint” şirkəti ilə müqavilə bağlanması ilə yekunlaşıb. Müqavilə çərçivəsində ödənişlər göstərilmiş xidmətlər və təhvil verilmiş işlərə müvafiq olaraq həyata keçiriləcək.
 
Şirkət tərəfindən həyata keçiriləcək xidmətlərin bir neçəsi ilə aşağıda tanış olmaq mümkündür:
 
- Azərbaycanın beynəlxalq bazarlarda yenidən mövqeləndirilməsi üçün onlayn brendinq, reklam, kommunikasiya və rəqəmsal platformalarda təbliğat işinin aparılması
 
- Daxili turizmin təşviq edilməsi üçün brendinq, reklam, kommunikasiya və təbliğat işinin aparılması
 
- Yerli turizm sənayesi üzvlərinin reklam-təbliğat təşəbbüslərinə və paketlərinə dəstək verilməsi
 
- Regionlarda 100-ə yaxın qonaq evləri şəbəkəsinin brendinq, reklam və kommunikasiya işinin aparılması

- İnfrastruktur, insan kapitalı və xidmətlərinin turizmə uyğunlaşdırılması aparılacaq və tipik turizm kəndi olacaq 8 kənddən ibarət şəbəkənin brendinq, reklam və kommunikasiya işinin aparılması".
 
Xatırladaq ki, sosial şəbəkələrdə dünyada koronavirus pandemiyasının geniş vüsət aldığı, bütün ölkələrin sərhədlərinin bağlandığı bir dövrdə Dövlət Turizm Agentliyinin reklam və tədbirlərin keçirilməsinin də yer aldığı 6.4 milyon manatlıq satınalma həyata keçirməsi ciddi müzakirə mövzusuna çevrilib.
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook