Türk Dünyası ölkələrinin Ürək-Damar Cərrahiyyəsi Birliyi təsis edilib
Noyabr 26
14:03
2024
Noyabrın 20-dən 24-dək Türkiyə Ürək-Damar Cərrahiyyəsi Dərnəyinin Antalyada keçirilən 18-ci Milli Konqresində Türk Dünyası ölkələrinin Ürək-Damar Cərrahiyyəsi Birliyinin təsis toplantısı keçirilib.
Çıxış edən nümayəndələr öz ölkələrində ürək-damar cərrahiyyəsi, cərrahi təlim və xəstələrə qulluq sahəsində mövcud çatışmazlıqlar barədə məlumat verib, onların aradan qaldırılması istiqamətində yol xəritəsi müəyyən edilib, gələcəkdə həyata keçiriləcək təlimlərin əsası qoyulub.
Yeni yaradılan birlik Türk dünyası ölkələrində ürək-damar cərrahiyyəsi sahəsində davamlı təhsil proqramları həyata keçirmək, bu ölkələrdən olan mütəxəssislərin qarşılıqlı təcrübə proqramlarında iştirakını təmin etmək üçün layihələr hazırlayıb. Layihə çərçivəsində həkimlər, tibb bacıları və perfuzionist mütəxəssislərin İstanbul və Ankarada 7-14 günlük təlim proqramlarında iştirakı planlaşdırılır. Bu layihələrin icrasına Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən dəstək veriləcək.
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev Türk Dünyası ölkələrinin Ürək-Damar Cərrahiyyəsi Birliyinin yaradılmasının Türk dünyası ölkələri ilə mövcud əlaqələrin daha da inkişaf etdirilməsi, elmi və praktiki məlumat mübadiləsinin daha sistemli aparılması üçün əhəmiyyətini yüksək qiymətləndirib, ölkələrimiz arasında inkişaf edən əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini bildirib.