Türk tarixinin önəmli araşdırmaçısı Kərəm Məmmədovun ad günüdür
Fevral 22
13:38
2016
Bu gün Türk tarixinin araşdırmasnda önəmli araşdırmaları olan Azərbaycan tarixçisi Bakı Dövlət Universitetinin tarix fakültəsinin dosenti Kərəm Məmmədovun ad günüdür!
Qlobal.az Teref.info-ya istinadən xəbər verir ki, Kərəm Məmmədov 1965-ci il fevralın 22-də Başkeçid rayonunun (1947-ci ildən sonra Dmanisi) Gəyliyən kəndində anadan olmuşdur. 1982-ci ildə həmin kənddə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə qəbul olunmuşdur. 1983-1985-ci illərdə Əfqanıstan Respublikasında hərbi xidmətdə olmuş, əsgərlikdən qayıtdıqdan sonra təhsilini Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində davam etdirmişdir. 1987-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təhsilini davam etdirmək üçün Leninqrad Dövlət Universitetinin tarix fakültəsinə (Sankt-Peterburq Universiteti) göndərilmişdir.
1990-cı ildə Leninqrad Dövlət Universitetində tarix fakültəsinin antropologiya və etnoqrafiya ixtisasını fərqlənmə diplomu ilə bitirmiş, işlə təmin olunmaq üçün Azərbaycan Respublikasının Xalq Təhsili Nazirliyinin sərəncamına göndərilmişdir. 1991-1993-cü illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsinin Azərbaycanın qədim dövr və orta əsrlər tarixi kafedrasında baş laborant vəzifəsində çalışmış, 1993-1996-cı illərdə əyani aspiranturada təhsil almışdır.
1995-ci ildən Bakı Dövlət Universititinin tarix fakültəsində çalışır, Azərbaycan və rus bölmələrində "Antropologiya", "Qafqaz xalqlarının antropologiyası", "Qafqaz xalqlarının etnoqrafiyası", "Etnoqrafiya", "Ermənilərin tarixi", "Gürcüstan tarixi", "Antropometriya" fənlərini tədris edir.
"Antropologiyanın əsasları" kitabı rus dilindəki kitablardan tərcümədir. 1996-cı ildə "İslamaqədərki Azərbaycanda dini inanclar" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Elmi və pedaqoji fəaliyyəti 50-ə qədər elmi əsərdə öz əksini tapmışdır. 1996-cı ildən Bakı Dövlət Universitetinin tarix fakültəsinin arxeologiya və etnoqrafiya kafedrasının müəllimidir. 1996-cı ildə Yunanıstanın Afina və İonina şəhərlərində elmi məzuniyyətdə olmuş, 1998-ci ilin fevralında Beynəlxalq Altayşünaslıq konfransında "Altay xalqlarında şamançılıq" mövzusunda elmi məruzə ilə çıxış etmişdir.
2004-cü ilin iyulunda Bakı Dövlət Universitetinin "Arxeologiya ve etnoqrafiya" kafedrasının dosenti vəzifəsinə seçilmişdir. Türkiyədə Azərbaycanın İstanbul Baş Konsulluğunun təşkil etdiyi elmi konfransda "Cənubi Qafqaz əhalisinin etnik antropologiyası" mövzusunda məruzə ilə çıxış etmişdir. 2009-cu ilin fevralında nümayiş etdirilən "Borçalı" filminin ssenari həmmüəlliflərindən biridir. Hazırda "Borçalı orta əsrlərdə" adlı dissertasiya üzərində çalışır.
Azərbaycan, Türkiyə türkcəsi və rus dillərini sərbəst, ərəb, alman və gürcü dillərini isə orta səviyyədə bilir.
Qlobal.az