SON XƏBƏR

Türkiyə ilə Afrika ölkələri arasında əməkdaşlıq genişlənir

İyul 18
07:22 2024
Prezident Rəcəb Tayyib Ərdoğanın planına uyğun olaraq, Türkiyə ilə Afrika ölkələri arasında tərəfdaşlıq siyasəti, o cümlədən diplomatiya, iqtisadiyyat, maliyyə, təhlükəsizlik, müdafiə, təhsil və səhiyyə kimi sahələrdə ortaq fəaliyyət artaraq davam edir. Afrikanın 54 ölkəsindən 44-də Türkiyənin səfirliyi fəaliyyət göstərir.

AZƏRTAC xəbər verir ki, bu sözləri xarici işlər naziri Hakan Fidan Türkiyənin dövlət rəsmilərinin Nigerdəki təmaslarından sonra mətbuata açıqlamasında deyib.

Nigerlə Türkiyə arasındakı tarixi əlaqələrinin Osmanlı dövrünə aid olduğunu qeyd edən nazir son illər bu münasibətlərin daha da strukturlaşdırılması üçün səylərin artırıldığını bildirib.

Hakan Fidan deyib ki, Türkiyə Afrika ilə əlaqələrini inkişaf etdirərkən buradakı xalqların rifahına əsaslanacaq fəaliyyətlər həyata keçirir. Afrikada sülh, təhlükəsizlik və sabitlik Türkiyənin prioritetləri sırasındadır.

Nigerin dövlət rəsmiləri ilə görüşlər keçirdiklərini bildirən nazir xarici siyasət, terrorla mübarizə, təhsil, enerji, dağ-mədən sənayesi, səhiyyə, iqtisadiyyat, ticarət, təhlükəsizlik və müdafiə kimi bir çox sahəyə dair müzakirələr aparıldığını deyib.

"Əməkdaşlığımızı inkişaf etdirmək və investisiyaları artırmaq qərarına gəldik. Qəbul edilən qərarları sistemli şəkildə izləyəcəyik. Nəzərdə tutulan məsələlər aidiyyətli nazirlik və qurumlarımızla razılaşdıraraq həyata keçiriləcək. Səfərimizin hər iki ölkə üçün faydalı olacağına ümid edirəm” - deyə diplomat bildirib.

Qeyd edək ki, Nigerə səfər edən Türkiyə nümayəndə heyətinin tərkibində XİN başçısı Hakan Fidan ilə yanaşı Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, milli müdafiə naziri Yaşar Güler, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Baş İdarəsinin sədri Haluk Görgün və ticarət nazirinin müavini Özgür Volkan Ağar yer alıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook