SON XƏBƏR

Türkiyə Mərkəzi Bankının ilk qadın prezidenti - DOSYE

İyun 09
10:51 2023
Hafize Gaye Erkan Türkiyənin Mərkəzi Bankının sədri təyin olunub. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq sərəncam imzalayıb.

"AzPolitika.info” xəbər verir ki, bununla da  xeyli müddətdir Türkiyə mediasında müzakirə olunan təyinat baş tutub. 

Bəs Hafize Gaye Erkan kimdir?

1982-ci ildə İstanbulda anadan olan (Əslən Malatyalıdır-red.) H.G.Erkan ali təhsilini Boğaziçi Universitetində alıb. Burada sənaye mühəndisliyi fakültəsini birinciliklə bitirən Erkan, daha sonra ABŞ-ın Princeton Universitetinə qəbul olub və xaricə köçüb. 

Prinstondan əməliyyat tədqiqatları və maliyyə mühəndisliyi üzrə doktorantura oxuyub. Erkan 2 il davam edən və 12 kursdan ibarət olan doktorantura proqramını bir ildə başa vurub və Prinston Universitetinin 276 illik tarixində proqramı bir ildə bitirən ilk tələbə olub.O, həmçinin ABŞ-də "ən gənc maliyyə professoru” adını qazanıb. Prinston Universiteti daha sonra doktorantura dərəcəsi üçün tələb olunan minimum təhsil müddətini bir ilə dəyişib. Daha sonra Harvard Biznes Məktəbində idarəetmə elmləri və Stenford Universitetində liderlik üzrə daha iki təlim proqramını bitirib.

O, Mərkəzi Bankdakı təyinata qədər qlobal maliyyə konsaltinq şirkəti "Marsh McLennan”ın idarə heyətinin üzvü olub. Qaye Erkan həm də Dünya qəzetinin iqtisadiyyat sahəsində köşə yazarıdır. Onun indiyədək daimi yaşadığı yer ABŞ-nin Nyu-York şəhəri olub. Evlidir, bir oğlu var.

İş həyatı

2005-ci ildə "Goldman Sachs” şirkətində işə başlayan Erkan, təxminən 9 ildən sonra "First Republic Bank”-da menecer kimi fəaliyyət göstərib.

O, 2014-cü ildə şirkətin baş vitse-prezidenti seçilib. Gaye Erkan bankın İnvestisiya Departamentinin Rəhbəri və Risklərin İdarə Edilməsi üzrə həmsədr vəzifələrində çalışıb. Erkanın bu vəzifədəki uğurlu fəaliyyəti bankın vəsaitlərini 10 dəfəyə qədər artırıb.

Gaye Erkan vəzifəyə gələndə bankın aktivləri 25-30 milyard dollar civarında idisə, 2021-ci ilin dekabrına qədər bu məbləğ 250 milyard dollara yaxınlaşıb.

G. Erkan 2021-ci ildən bankın baş direktoruğluna yüksəlsə də, 7 aydan sonra oradakı iş yerindən ayrılıb. Daha sonra "Marsh McLennan” şirkətinin direktorlar şurasında işə başlayıb.

Erkan həmçinin, ABŞ-da yerləşən zərgərlik şirkəti - "Tiffany & Co”-nun iki il İdarə Heyətinin üzvü olub. G. Erkan ABŞ-dakı uğurlu iş həyatına görə, "Möhtəşəm Türk qızı” kimi tanınıb.

"San Francisco Business Times”-ın 2018-ci ildəki araşdırmasına görə, ABŞ-ın 100 ən böyük bankında prezident və CEO titulu daşıyan 40 yaşdan kiçik yeganə qadın Gaye Erkan olub.

G. Erkan bu ilin mart ayından "Dünya” qəzetində məqalə yazmağa başlayıb. Onun ilk məqaləsinin başlığı "Maliyyə sahəsində qadınların adı yoxdur” olub.

G. Erkan sözügedən məqalədə bunları yazıb: "İşləyən, əməyinin ardınca gedən ana, Riyaziyyat müəlliminin qızı olduğum üçün bütün qadınların bu özəl gününü qeyd etmək istərdim. 1970-ci illərdə Lüksemburq kimi ultra model ölkələrdə belə qadınların səs vermək və seçilmək hüququnun olmadığını öyrənmək bizi təəccübləndirir. ABŞ-da oxuduğum və işlədiyim ilk dövrdə qarşımızdakı insanın ləhcəsinə, cinsinə və irqinə görə mühakimələrin edildiyini gördüm. 40 yaşdan aşağı bir türk və müsəlman olaraq mən 270 milyard dollarlıq bir bankın prezidenti və baş direktoru olarkən belə, bu qərəzli münasibətlə üzləşdim. Çünki mən qadınların çox güclü təmsil olunmadığı bir sahədə işləyirdim”.

"Alarko Holdinq” İdarə Heyətinin üzvü Leyla Alaton isə Gaye Erkanın bu vəziyə gətiriləcəyi ilə bağlı xəbərlərlə bu cür münasibət bildirib:"Mərkəzi Banka bir qadın rəhbərlik edəcək deyə çox həyəcanlı və qürurluyam. Doqquz aylıq körpəsini araxada qoyub Mərkəzi Bankın rəhbəri vəzifəsini daşımaq - bunun arxasında duran motiv böyük vətənpərvərlik ruhudur. O, vətəninə çox bağlı, uğur qazanan, böyük maneələri dəf edən bir anadır. Başqa izahı yoxdur. Onun Mərkəzi Bankın rəhbərliyinə gətirilməsi çox düzgün qərar olardı. Çox uğurlu olacağına ürəkdən inanıram. Təbii ki, hamı kimi onun da uğuru çalışdığı komandadan asılı olacaq”.

Gaye Erkan gözlənildiyi kimi Mərkəzi Banka rəhbəri kimi ilk sınağı iyunun 22-də olacaq. Belə ki, 22 iyun tarixində Pul Siyasəti Komitəsində hazırda 8,5-lik faiz dərəcəsinin eyni səviyyədə qalıb-qalmayacağı müəyyən olunacaq.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook