SON XƏBƏR

Türkiyəli ekspert: “TANAP geosiyasi baxımdan əhəmiyyətli layihədir”

İyun 30
10:25 2020
Artıq iki ildir Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunmuş Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) vasitəsilə Azərbaycan qazının kommersiya məqsədi ilə Türkiyəyə nəqlinə başlanılıb. Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, bu ilin yanvar-may ayları ərzində TANAP ilə Türkiyəyə 1,6 mlrd kubmetr qaz nəql olunub. İstismara veriləndən iyunun 1-dək TANAP-la Türkiyəyə 5,47 mlrd kubmetr qaz ötürülüb. TANAP-ın baş direktorunun bu ayın ortasında verdiyi məlumata görə, iyunun 30-da TANAP-la nəql olunmuş qazın həcmi 6 mlrd kubmetrə çatdırılacaq. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TANAP Türkiyənin Gürcüstanla sərhəddindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilir.

"Damnus Energy Investment Inc."in İdarə Heyətinin sədri Nüsrət Cömərt "Report"a bildirib ki, Türkiyə TANAP vasitəsilə ildə 6 mlrd kubmetr, Avropa isə ildə 10 mlrd kubmetr təbii qaz alacaq, 10 mlrd kubmetr həcmində qaz Avropanın təbii qaz istehlakında böyük həcm kimi görünməsə də, həm strateji, həm də geosiyasi baxımdan əhəmiyyətlidir.

Ekspert TANAP-ın gələcəkdə Türkiyənin enerji ticarət mərkəzi olması və enerji təhlükəsizliyi baxımından çox önəmli olduğunu vurğulayıb. O, TANAP layihəsinin Azərbaycan üçün isə onun Avropanın təbii qaz iştirakçılarından birinə çevrilməsi nöqteyi-nəzərindən əhəmiyyətli olduğunu qeyd edib.

"Avropa dünyada xüsusi rola malik olan enerji bazarı, Orta Asiya, Yaxın Şərq və Şərqi Aralıq dənizi regionu isə enerji mənbəyidir.Türkiyə bu bazar və mənbələrin arasında enerji körpüsü və potensial enerji ticarət mərkəzi hesab olunur.Avropa uzun müddətdir ki, təbii qaz tələbatını yerli hasilatçılarla yanaşı, Rusiya Federasiyası, Norveç, Əlcəzar və az miqdarda Türkiyə-Yunanıstan arasındakı boru xətti və LNG idxalı ilə təmin edir. Avropa enerji təhlükəsizliyini təmin etmək üçün mənbə və marşrutların şaxələndirilməsini hədəfləyib. Bu məqsədə xidmət edəcək TANAP-la Türkiyəyə qaz nəqlinin ikinci ili tamamlanır. TANAP çox əhəmiyyətli boru kəməridir. Bu layihəni həyata keçirənləri təbrik edirəm”, - o deyib.

Ekspert bildirib ki, mövcud iştirakçılarla yanaşı, ABŞ-ın da LNG bazarı olaraq gördüyü Avropaya boru xətləri vasitəsilə nəql çox önəmlidir: "Bu, mənbə, tranzit və bazar arasında qarşılıqlı bağlılıq yaradır ki, enerji balansında bu vacibdir. Koronavirus pandemiyası tələbatı azaldıb, ABŞ-dan və digər ölkələrdən daşınması nəzərdə tutulan çoxlu sayda LNG karqosu ləğv edilib, buna görə də yeraltı qaz anbarları doludur, Avropa Ukraynadakı anbarlarını doldurub. Belə vəziyyətlərdə reallaşdırılmış bu cür infrastruktur layihələri və uzunmüddətli müqavilələr daha çox əhəmiyyət daşıyır”.

Ekspert TANAP-ın Azərbaycanın Türkiyədəki neft emalı zavodu (STAR) və neft-kimya kompleksi ("Petkim”) ilə birgə bölgə iqtisadiyyatında əhəmiyyətli sərmayə olduğunu qeyd edib. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook