Türkiyənin xarici işlər naziri Hakan Fidan “Azərbaycanın dostu” qızıl ordeninə layiq görülüb
Mart 01
17:33
2024
"Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyə Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə martın 1-3-də keçirilən Antalya Diplomatiya Forumunda iştirak etmək üçün bu ölkəyə səfəri çərçivəsində xarici işlər naziri Hakan Fidanla görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə baş redaktor jurnalın Redaksiya Şurasının qərarı ilə xarici işlər naziri Hakan Fidanın "Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının Fəxri üzvü seçildiyini və iki ölkənin xalqları arasında dostluq əlaqələrinin inkişafında xidmətlərinə görə "Azərbaycanın dostu” Qızıl Ordeni ilə təltif olunduğunu bildirib.
Sonra Emil Nəsirli Redaksiya Şurasının Fəxri üzvlük sertifikatını və "Azərbaycanın Dostu” Qızıl Ordenini xarici işlər naziri Hakan Fidana təqdim edib.
Baş redaktor dərin köklərə, ortaq maraq və dəyərlərə əsaslanan iki ölkə arasında çoxşaxəli və strateji müttəfiqlik münasibətlərinin inkişafı üçün birgə səylərin daha da möhkəmlənəcəyindən əmin olduğunu bildirib. O vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətləri kifayət qədər çoxşaxəli və genişmiqyaslıdır. Bu münasibətlər qardaşlığa, dostluğa və strateji müttəfiqliyə əsaslanır.
Azərbaycan Türkiyə ilə olan birliyini nümayiş etdirməklə dostları qürurlandırır, düşmənlərə isə gözdağı verərək vahimələndirir. Ancaq hamı bilir ki, Azərbaycan-Türkiyə birliyi regional və beynəlxalq təhlükəsizliyin təminatçısıdır. Bu qardaşlıq və müttəfiqlik siyasi, iqtisadi, sosial, mədəni və başqa sahələrdə əməkdaşlığa üstünlük verir. Bakı və Ankara bu istiqamətdə fəaliyyət göstərmək istəyən xoş məramlılara qapılarını açıq saxlayır. Azərbaycan-Türkiyə birgə hərbi təlimləri bu xoş məramları bir daha təsdiqləyir”, - deyə baş redaktor qeyd edib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan öz növbəsində "Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının Fəxri üzvü seçildiyinə və "Azərbaycanın Dostu” Qızıl Ordeninə layiq görüldüyünə görə jurnalın Redaksiya Şurasının üzvlərinə təşəkkürünü bildirib.
Qeyd edək ki, Antalya Diplomatiya Forumu dövlət və hökumət başçılarını, nazirləri, diplomatları, biznes liderlərini, alimləri, tədqiqatçıları, gənclər və media nümayəndələrini hərtərəfli debatlar üçün bir araya gətirir.