“Ukrayna ordusu tədricən irəliləyir” - Zelenski
İyul 07
09:18
2023
Ukrayna Prezidenti Volodimir Zelenski Praqada çex həmkarı Petr Pavel ilə birgə mətbuat konfransında Ukraynanın əks-hücum əməliyyatı, Rusiya ordusunun geri çəkilməsi barədə danışıb.
"Report”un UNİAN-a istinadən məlumatına görə, dövlət başçısı vurğulayıb ki, Ukrayna döyüşçüləri cəbhədə irəliləyir.
Zelenski qeyd edib ki, ölkəsinin ordusu irəliləyir, indi təşəbbüs Ukrayna ordusundadır.
"Hücum sürətli deyil - bu, faktdır. Amma biz rusiyalılar kimi geri çəkilmirik, irəliləyirik. Ona görə də mən bunu müsbət hal kimi görürəm", - o deyib.
Öz növbəsində Çexiya Prezidenti Petr Pavel qeyd edib ki, bu il Ukrayna yalnız bir əks-hücum etmək imkanı əldə edəcək.
"Əks-hücumun hazırlanması çox vaxt və resurs tələb edir. Ona görə də uğursuz olarsa, dərhal ikinci əks-hücumun başlana biləcəyini gözləmək real deyil", - o deyib.
Bundan əlavə, mətbuat konfransı zamanı çexiyalı jurnalistlərdən biri Zelenskidən soruşub ki, Ukrayna hansısa yolla rus dilini bilən vətəndaşları ölkədən "qovmağı” planlaşdırırmı? Bunun üçün prezident jurnalistdən bir-birinin gözlərini görmələri üçün yaxınlaşmağı xahiş edib.
"Mən sizin gözlərinizi görürəm, siz də mənimkini. Vacibdir ki, mənim gözlərimi görəsən, ancaq Putini eşidin və görməyin. Bəzi cəfəngiyyatlara inanmayın", - Zelenski vurğulayıb.