Ulu Öndər və onun ailəsinə aid trilogiya Mərkəzi Elmi Kitabxanada
Dekabr 05
22:29
2016
Ümummili lider Heydər Əliyev, Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya həsr olunan trilogiya – "Fateh”, "Fəthin yolu” və "Ümid qapısı” kitabları AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) təqdim edildi. Kitabların müəllifi əməkdar jurnalist Xalid Niyazovdur.
"Fateh” kitabında Heydər Əliyevin həyat və fəaliyyəti, fövqəladə rəhbərlik qabiliyyəti, siyasi uzaqgörənliyi, böyük humanizmindən bəhs edilir. Əsərdə qeyri-adi, unikal bir şəxsiyyət olan Heydər Əliyevin misilsiz natiqlik məharəti, intuisiyası, nəhayətsiz fikir dünyası, millilik və ümumibəşəriliyin, bədii duyumla rasional düşüncənin, sadə görünüşlə mürəkkəb məzmunun vəhdəti işıqlandırılır. Kitabın redaktoru AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov, məsləhətçiləri BDU-nun kafedra müdiri Ağalar Abbasbəyli, professor Qafar Cəbiyev və AMİ-nin kafedra müdiri, professor Akkan Suverdir.
X.Niyazovun seçilmiş məqalələrinin toplanmış olduğu "Fəthin yolu” kitabı Azərbaycanı bugünkü inkişaf yoluna gətirib çıxaran prezident İlham Əliyevin timsalında oxuculara yeni dövr siyasi liderinin dolğun portretini təqdim edir. Publisist, İlham Əliyevin milli maraqları və mənəvi dəyərləri ümumbəşəri ideallarla ahəngdar şəkildə uzlaşdırmaq bacarığını, intelektual səviyyə, universal bilik və akademik təhsili, dəmir məntiq və möhkəm iradəsini – yetkin siyasi obrazını oxuculara tanıtmağa müvəffəq olub. Kitabın redaktoru AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov, məsləhətçiləri Prezident yanında KİVDD fondunun icraçı direktoru Vüqar Səfərli, BDU-nun kafedra müdirləri Ramiz Əskər və Rüstəm Məmmədovdur.
"Ümid qapısı” kitabı Heydər Əliyevin zəngin mənəvi irsinin sadiq daşıyıcısı və qoruyucusu, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çoxcəhətli fəaliyyətinə həsr edilib. Müəllifin məqalələri Mehriban xanım Əliyevanın mənəvi məsuliyyətini, təşəbbüskar vətəndaşlıq mövqeyini, milli-mənəvi irs və dəyərlərin, elm və təhsilin səviyyəsinin yüksəldilməsi, fəal maarifçilik kursunun həyata keçirilməsi, səhiyyənin inkişafı, insanların fiziki və mənəvi sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi strateji layihələri təcəssüm etdirir. Kitabının redaktoru İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva, məsləhətçiləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, YUNESKO-nun eksperti Vüqar Məmmədov və Bakı Musiqi Akademiyasının prorektoru Yeganə Axundovadır.
Nəfis poliqrafiya məhsulu olan nəşrlər müasir Əliyevşünaslığa dəyərli töhfədir.