SON XƏBƏR

Urmulu gənc Qarabağa görə 4 il həbs cəzasına məhkum edilib

Yanvar 06
10:43 2021
Güney Azərbaycanın Urmu(Urmiyə) şəhərində yaşayan milli-mədəni fəal Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi üçün 4 il həbs cəzasına məhkum edilib.

Verilən məlumata görə, Güney Azərbaycanın Urmu şəhərindən olan siyasi fəal Salar Tahir Əfşar Urmu İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən 4 il həbs cəzasına məhkum edilib.
 
Urmu İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən Salar Tahir Əfşara verilən hökm şifahi olaraq ona deyilib.
 
Fəala hökm "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" və "qanunsuz etiraz aksiyası təşkil etmək" ittihamları üzrə oxunub.
 
Salar Tahir Əfşar məhkəmə tərəfindən aldığı çağırışda dekabrın 14-ü 2020-ci il tarixində Urmu İnqilab Məhkəməsinin 2-ci şöbəsinə müraciət etməsi istənilmişdi.
 
Urmulu fəal 2020-ci il iyulun 16-da, Ermənistan-Azərbaycan Tovuz sərhədində baş verən toqquşmadan sonra Azərbaycan Respublikası və ordusuna dəstək məqsədi ilə keçirilən mitinqlərlə əlaqədar Urmuda saxlanılmış və bir neçə gün sonra 50 milyon tümənlik girov müqabilində müvəqqəti azadlığa buraxılmışdı.
 
İyul ayının 27-i 2020-ci il Güney Azərbaycanın bir çox şəhərlərində Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzkarlığı və Tovuz rayonunda yeni təxribat törətməsinə görə etiraz aksiyaları keçirilmişdi. Həmin etiraz aksiyalarından əvvəl və sonra İran hökumətinin təhlükəsizlik qüvvələri çoxlu sayda milli fəalı həbs etmişdi.
 
Onlardan bəziləri dindirildikdən sonra girov qarşılığında müvəqqəti azadlığa buraxılsada, sonradan məhkəməyə çağrılıb və müxtəlif ittihamlarla həbsə məhkum ediliblər.
 
Milli-mədəni fəallara qarşı qeyd etdiyimiz proses bu günə kimi davam etməkdədir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook