SON XƏBƏR

Uşaqlar və uşaqlıq...

Mart 01
18:30 2019
Uşaqlar və uşaqlıq illəri var idi. Heç bir səbəb olmadan sadə və öz axarı ilə keçib gedən uşaqlıq illəri. Ya da yoxsulluqlarla, müharibə dövrünə düşən, yarı-ac yarı tox keçən. 

Uşaqlar var idi, oyuncaqsız böyüyən. 

Uşaqlıq var idi qaçqın düşərgəsində keçən. Uşaqlar vardı qorxu ilə böyüyən, dəhşətlərə şahid olmuş, burnunda barıt qoxusu ilə gecə yuxularından güllə səsi ilə oyanan.

Uşaqlıq vardı xəyalların qurulduğu, görünməz yaxşı adamların pis adamları məğlub etdiyi, ya da bütün xəstəlikləri yox edəcək dərmanın kəşf olunduğunu düşünən.
Uşaqlar var idi, hava qaralana kimi top arxasınca qaçan, qumdan ev düzəldib, palçıqdan "tort" bişirərək "evinə" qonaqlar çağıran.

Uşaqlar və uşaqlıqlar vardı, bütün olanları və olmayanları ilə xoşbəxt olan, dürüst, mehriban böyüyən, qoruyan, qürur duyulan və illər sonra ağız dolusu danışılan, gülümsənərək xatırlanan.

Uşaqlar vardı yay tətili nənə-baba ilə başa çatan, külçə, isti təndir çörəyi yeyən, hinlərdən yumurta yığan, bayramlarda təzə paltar geyinərək dünyanın ən xoşbəxti olan.

İndi də uşaqlıq və uşaqlar var. Hər ay yeni paltar geyinən, ildə dörd dəfə fotosessiya etdirən, fast-foodlarda böyüyən, virtul oyunlar oynayan, bir-biri ilə yarışan valideynlərin "oyuncağı" olan.

Hər şeylə təmin etdiyimizi düşünüb kor qoyduğumuz, bədbəxt etdiyimiz, miskin, qorxaq, zəif... yalnızlığa məhkum etdiyimiz uşaqlarımız.

Valideynlər, açın gözlərinizi, çıxarın qulaqlarınızdakı pambıqları, qaldırın başınızı o telefonlardan. İndi etdiyiniz səhvlərin cəzasını uzağı 15-20 ilə siz çəkəcəksiniz!
 
Hər bir səhviniz şillə kimi qayıdacaq üzünüzə və sizi çox pis incidəcək. Biz uşaqlarımızı, uşaqlarımız da bizi seçə bilmir, Əlbəttə, heç kim ideal deyil, amma o körpələri "kor qoymağa" heç birinizin haqqı yoxdur!

Məni çox incidir bahalı maşın, telefon, kürk bəhsinə girən, hətta bişirdiyi südün belə şəklini çəkib virtual paylaşmağa başı qarışmış valideynlərin unutduğu körpələri və onların bədbəxt olmuş gələcəkləri.

Gələcəyin istedadları kəşf edilmir: gələcəkdə cərrah, pilot olacağı gözlənilən uşaqlardan qatil, oğru da ola bilər. Adını yaza bilməyən anaların dünyaya gətirdiyi uşaqlar, sonunda işıq olmayan tunelə düşmüş çarəsizlər olacaq. Həbsxanalardakı atalar və yollarda böyüyən körpələr də həmçinin...

İçində olduğumuz bu xaosa onları da insafsızca sürükləyirik. Eqoistcəsinə. Kimlərdir uşaqlarımızın hər gün gördükləri?! Psixopat sürücülər, yekəqarın, kobud polislər, nağıl danışan müəllimlər, pul olmasa ilk yardım göstərməyən həkimlər, küçələrə tüpürə-tüpürə gəzən dar şalvarlılar, siqaret kötüyünü hara gəldi atan yekə qarınlar, saqallılar, açıq-aşkar tərbiyəsizliyi yayan və onunla məşğul olanlar, qışqıra-qışqıra danışanlar, yalançılar, rüşvətxorlar, saxtakarlar, cibəgirənlər, ürək sındırmaqla fəxr edənlər, ruhsuzlar, vicdansızlar, zəkasızlar..!

Onları bu hala kim salıb? Əlbəttə ki valideynləri və yaşadıqları cəmiyyət.

Hər kəs hər kəsdən bir parçadır. Sən məndən, mən səndən, o bizdən, biz ondan. Hamımız bir-birimiz kimiyik. Bir də utanmaz -utanmaz məsum uşaqları da buraya daxil edirik, zorla.

Telefonda dəfn olunan ana! Uşaq çağırır, ana kardır!

İnanın o vermədiyiniz tərbiyə elə ən birinci sizə göstərəcək üzünü. Bütün canlılar kimi o da böyüyəcək. İndi ona əsl ehtiyacı olan şeyləri o da sonra sənə lazım olanda verməyəcək. Olmayan bir şeyi, vermədiyin bir şeyi necə tələb edə bilərsən, necə istəyəcəksən?

Ona ayırmadığın vaxt qədər sən də təkliyə məhkum olacaqsan!

Ona vermədiyin dəyər qədər sən də dəyərsiz olacaqsan!

Ona inanmadığın qədər sən də güvənsiz olacaqsan!

Ona arxa durmadığın qədər də sən dayaqsız qalacaqsan!

Ona yeritdiyin komplekslər qədər sən də bəyənilməyəcəksən!

Ona etdiyin təhqirlər qədər sən də alçaldılacaqsan!

Ona etdiyin müqayisələr qədər sən də çıxdaş olacaqsan!

Onu məhrum etdiyin isti nəfəsin qədər sən də qoxusuna həsrət qalacaqsan!

Ona vermədiyin SEVGİ qədər sən də sevgisiz qalacaqsan!!!

O sənə indi hər şeydə nə qədər möhtacdırsa, sən də o qədər möhtac qalacaqsan!

Bütün gecələrin sabahı var, günəş hər gün, hər kəs üçün doğur. Bəlkə gecikmisən, bəlkə bu yola yeni çıxmısan, bəlkə də son şansın var. Dur ayağa, get yanına! Yəqin ki, yuxuludur, bəlkə dərsdədir, ya bağçada, ya da sən bu yazını oxuduğun üçün təkbaşına oyuncaqları ilə oynayır. Yuxuludursa öp, o mışıl-mışıl nəfəsini ciyərlərinə doldur. Ya da bağçaya, məktəbə arxasınca get. Oyuncaqları ilə oynayırsa, qoy dizlərini yerə, onunla eyni boyda ol, aç qollarını geniş, möhkəm sarıl, sonra gözlərinə bax de ki "Səni çox sevirəm, sənə güvənirəm, hər zaman sənin arxandayam"!

Onun balaca dünyasında qoy sənin də bir hücrən olsun indidən, kim bilir bəlkə bir sarayın oldu sonra? Ayrı dünyaların insanı olmayın ki, sonra ayrı-ayrı orbitlərdə hərəkət etməyəsiniz. Ərinizi yaxud arvadınızı sevməyə bilərsiniz (onsuz da belədir) amma körpənizi sevgidən məhrum etməyin. Buna haqqınız yoxdur. Bu dünyadan peşman getməyin, sizi sevgi ilə, təbəssümlə xatırlasınlar, belə atamız, anamız, nənəmiz, babamız, var idi, olubmuş desinlər...

Körpələrinizə barmaq silkələməyin, onlara səsinizi yüksəltməyin. Uşaqlarınızı sevin, sevməyi öyrədin. Sözlərinizdəki mənanı yüksəlt, səsini deyil!

Mövlanə Cəlaləddin Rumi deyir ki, 

Yağmurdur çiçəkləri böyüdən,
Göy gurultusu deyil!
 


Sevda Kamran
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook