SON XƏBƏR

Uzun illərdir ziyanla işləyən “AccessBank” rəhbərliyi hansı “uğurlardan” danışır?

Oktyabr 30
11:49 2021
Azərbaycanda fəaliyyət göstərən banklar 2021-ci ilin 3-cü rübünün nəticələrini əks etdirən maliyyə hesabatlarını açıqlayıb.

Cəmi 4 bank rübü zərərlə başa vurub. Bunlardan üçü ölkəmizdə o qədər də populyar olmayan "Pakistan Milli Bankı”, "Yapıkredi Bank” və "Bank Avrasiya”dır. 4-cü bank isə əksinə, kifayət qədər tanınan və xüsusilə kiçik biznesin tez-tez üz tutduğu "AccessBank”dır.

Cari ilin 3-cü rübünün nəticələrinə görə, "AccessBank” 1 milyon manata yaxın – 914 min manat ziyan edib. Məsələ ondadır ki, cari ilin əvvəlki iki rübündən də bank ziyanla çıxıb. Belə ki, "AccessBank” 2021-ci ilin birinci yarısının yekunlarına görə 2 milyon 24 min manat ziyan etmişdi.

Ümumiyyətlə, sözügedən bank son bir neçə ildə ən çox ziyan edən banklar sırasında lider mövqelərində yer almaqdadır. 2020-ci ilə qədər bank ardıcıl 4 il ziyanla işləyib. Məsələn, 2019-cu ili bu bank 90 milyon(!) manat zərərlə başa vurub. Ancaq bu da ən böyük rəqəm deyil. 

Məlumat üçün bildirək ki, "AccessBank” 2016-cı ili 100,889 milyon manat, 2017-ci ili 56.4 milyon manat, 2018-ci ili isə 11.5 milyon manat zərərlə başa vurmuşdu. İllərin təcrübəsi göstərir ki, zərərlə işləmək bir növ "AccessBank” üçün adət halını alıb. Buna görə mütəxəssislər onu ölkənin ən riskli banklarından biri hesab ediblər.

Daha sonra səhmdarlar bankın maliyyə vəziyyətini düzəltmək üçün əlavə vəsaitlər cəlb etdilər. Nəticədə bankın imkanları, kapitallaşma səviyyəsi, aktivləri artırıldı. Bankın aktivləri hətta bir milyard manata yaxınlaşıb. Buna baxmayaraq, bank yenə zərərlə işləməkdə davam edir.

Doğrudur, "AccessBank” 2020-ci ilin dördüncü rübünü 2.6 milyon mənfəətlə başa vurmuşdu. Lakin göründüyü kimi, cari ilin 3 rübünü yenə zərərlə işləyərək, demək olar ötən ilin sonundakı mənfəəti də "silib”. Və belə görünür ki, böyük ehtimalla bank ümumilikdə 2021-ci ili yenə ziyanla başa vuracaq.

Xatırladaq ki, bu qurumun ilk səhmdarları Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı və digər nüfuzlu beynəlxalq və xarici maliyyə institutları olub. Ölkədəki neft gəlirləri bumu illərində sahibkarlarımıza yüksək faizlə kredit verərək, (özü də kölgə iqtisadiyyatına rəvac verərək, "qara mühasibatlıq” əsasında) bu təşkilatlar "AccessBank” vasitəsilə böyük qazanc əldə ediblər. Son illərdə isə bank heç cür "qara zolaq”dan çıxa bilmir.

Maraqlıdır ki, bütün bunlara baxmayaraq, "AccessBank”-ın İdarə Heyətinin sədri vəzifəsini icra edən Yevgeniya Qaşikulina Bankın üçüncü rüb üzrə maliyyə nəticələrini şərh edərkən yenə hansısa "uğurlardan” gen-bol danışıb. Hansı ki, bankir xanım da bilməmiş deyil ki, istənilən bankın, yaxud hansısa digər biznes, maliyyə strukturunun əsas göstəricisi onun mənfəətidir. O mənfəət ki, "AccessBank” uzun illərdir üzünə həsrət qalıb...
 
Mənbə: Azpolitika.info
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook