SON XƏBƏR

Vahid Ələkbərovun bankını batırırlar – “Yelo Bank“da nələr baş verir?

Avqust 14
22:26 2020
2015-ci ildə baş verən iki devalvasiyadan böyük zərbələr alan bank sistemi ötən 5 ildə böhrandan çıxa bilməyib. Əksinə, iflas olan kommersiya banklarının sayı artır. Bu tarixə qədər – 2012-ci ildə bağlanmış "Röyal bank”-da baş verən dəhşətli özbaşınalıqlar nə kommersiya təşkilatlarına, nə də nəzarətedici qurumlara dərs olmayıb.

Gununsesi.info-nun məlumatına görə, 2016-cı ildə bağlanan bankların arasında ən böyüyü "Bank Of Azerbaijan” idi. Adıçəkilən bank 2016-cı ildə bağlanıb və ötən il binası sökülüb. Həmin il "Texnikabank” da fəaliyyətini dondurub. 2016-cı ildə "Bank Standard”, "Qafqaz İnkişaf Bankı”, "Atrabank”, "Dekabank” ASC, "Kredobank” ASC, "Parabank” ASC və "Zaminbank” ASC də bank sektorundan gedən şirkətlər sırasındadır. Adıçəkilənlərdən "Parabank” ASC bank sektoruna sonradan bank olmayan kredit təşkilatı kimi daxil oldu və hazırda bu istiqamətdə fəaliyyət göstərir.

2016-cı ildə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən lisenziyası geri çağrılan banklardan biri də "Bank Standart” olub. Bankda əmanətlərin həcmi 520 milyon manat təşkil edib, 460 milyon manat həcmində əmanət sığortalanıb. Əmanətçilərin böyük qismi Əmanətlərin Sığortalanması Fondu hesabına pullarını geri alsalar da, bəzi müştərilərlə bank arasında məhkəmə çəkişmələri bu günə qədər davam edir.

2017-ci ildə ilk onluqda olan banklardan "DəmirBank” ASC-nin bağlanması bu sektorda böhranın davam etdiyini göstərən əsas hadisə idi. Sonrakı iki ildə neftin qiymətinin sabitləşməsi, hökumətin maliyyə sektorunda apardığı islahatlar, problemli kreditlərin dövlət hesabına həlli ilə bağlı verilən qərarlar prosesləri nisbətən səngitsə də 2020-ci ildə sektorun zəif həlqələrində böhran yenidən baş qaldırdı.

Nəticədə Mərkəzi Bankın qərarı ilə daha 4 bankın – "Amrahbank”, "NBC Bank”, "Ata Bank” və "AGBank”-nın lisenziyaları ləğv edildi. "Bu bankların aktivlərinin həcminə görə ilk 10-luqda olmayıblar. Ən yüksək paya "Ata Bank” (1,4%), ən aşağı paya "Amrahbank” (0,6%) malik olub. "AGBank” isə aktivlərinin həcminə görə 15-ci yerdə olub. Kredit bazarına gəldikdə bu bankların payı təxminən 7%-dən az olub. Yenə də ən böyük paya (2,6%) "Ata Bank”, ən az paya "Amrahbank” (0,79%) olmaqla kredit bazarında ilk 10-luğa düşə bilməyiblər.

Depozit bazarında 4 bankın bazar payı 4%-dən az olub. Bu bankların depozit portfeli 2019-cu ilin sonuna 800 milyon manatdan çox, kredit portfeli isə 1 milyard manata yaxın olub.

Hazırda adıçəkilən banklarda əmanətlərin qaytarılması prosesi davam edir. Bu zaman ortaya böyük problemlər çıxdı ki, bu da əmanətçilərin kütləvi etirazlarına səbəb olub. Belə ki, banklar ötən ilin iyul ayının 23-də Mərkəzi Bankın əmanət qəbul etməmə xəbərdarlığına məhəl qoymadan əhalidən depozitlər qəbul etməyə başlayıb. Bəzi müştərilərin özlərindən xəbərsiz depozit tarixçələri, gəlir faizləri dəyişdirilib. Nəticədə Əmanətlərin Sığortalanması Fondu həmin əmanətçilərə pullarını qaytarmaqdan imtina edib. Davamlı etirazlardan sonra şikayətlərə Konstitusiya Məhkəməsinin Plenumunda baxıldı və əmanətçilərin xeyrinə qərar çıxarıldı. Beləliklə, bağlanan banklarda qalmış 800 milyon amatdan çox vəsait Fondun hesabına qaytarılacaq. Bankların bu vəsaitin yerini dolduracağı sual altındadır. Çünki daha əvvəl bağlanan 11 bankda olan milyardlarla manat əmanət dövlət hesabına qaytarılıb.

Təəssüf ki, sektorda problemli bankların sıradan çıxması prosesi yekunlaşmayıb. Daha bir kommersiya təşkilatı – "Yelo Bank” pis idarəçilik ucbatından həm dövlətə, həm müştərilərə, həm də burada çalışan personala ciddi başağrısı yarada bilər. Məlumatlı mənbədən əldə etdiyimiz məlumata görə, 4 ildir Bankın İdarə Heyətinin sədri olan Nikolay Şurqaia ilə kollektiv arasında münasibətlər qarşıdurma həddinə çatıb. Rəhbər olduğu 4 ildə 6 komanda qəbul edib işdən qovan Şurqaia may ayından kollektiv qarşısında yeni tələblər qoyub:

"Hər kəsin maaşı 20 faiz azaldılacaq, bununla razılaşmayanlar dərhal işdən gedə bilər!”. Əməkdaşların bir qismi N. Şurqaianın bu tələbi ilə razılaşmayaraq işdən çıxıb. Bundan əlavə İdarə Heyətinin sədri kollektivdə ixtisarlar aparıb. Müqavilə müddəti başa çatan bir çox əməkdaşlarla bankın yolları ayrılıb. Xatırladaq ki, "İşsizlikdən sığorta haqqında Qanun”-una görə, işini itirənlər 6 ay ərzində orta aylıq əmək haqqı qədər dövlətdən vəsait alırlar. Beləliklə Şurqaia bağlanan banklara görə yaranmış işsizlər ordusunun sıralarını doldurmaqla büdcəyə və səhmdarlara yeni problemlər yaradır.

Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında "Yelo Bank” ASC-nin aktivləri 451,5 milyon manat, kredit portfeli 305,2 milyon manat, depozitlər 307,1 milyon manat, rüb üzrə xalis zərər isə 7,3 milyon manat təşkil edib. Bankın məcmu kapitalı 54,1 milyon manatdır.

Mənbə kifayət qədər böyük aktivlərə malik olan bankın zərələ işləməsinin səbəblərinə belə aydınlıq gətirir:

"Son illərdə bankın verdiyi, xüsusən korporativ müştərilərə ötürülən kreditlərin əksəriyyəti problemlidir. Çünki bəzi müqavilələr ümumiyyətlə saxtadır, rəhbər şəxslərin "dost-tanışlarına” verilib və burada təbii ki kifayət qədər qaranlıq məqamlar var. İlk yarım ilin hesabatından açıq-aydın görünür ki, səhmdarların vəsaitləri böyük risq altındadır, bu həcmdə kapitalla 7.3 milyon manat xalis zərər etmək bilavasitə Nikolay Şurqaia komandasının yarıtmaz idarəçiliyinin nəticəsidir. Hansı ki, İdarə Heyətinin üzvləri, baş direktorlar, departmanet direktorları və onların cəlb etdikləri şöbə müdirləri bu səmərəszi idarəçilikdə onunla birgə məsuliyyət daşıyırlar”.

Məlumatlı mənbə daha bir məqama diqqət çəkir: "Bankın Gürcüstanın "TBC Bank”-la birləşəcəyi ilə bağlı məsələ gündəmə gələndə xeyli sayda gürcü əsilli Gürcüstan vətəndaşları işə cəlb olunmuşdu. Şurqaia onları müxtəlif vəzifələrə yerləşdirmişdi, amma indi onların əksəriyyəti yoxa çıxıb. Ehtimal etmək olar ki, onlar ya İdarə heyətinin sədri tərəfindən qovulub, ya da bərbad şərtlərə görə özləri çıxıb gediblər”.

"Yelo Bank”-da N. Şurqaiadan sonra söz sahibi vəzifəcə ondan sonra gələn müavinlər deyil. Mənbənin məlumatına görə Azərbaycanda fəaliyyət götərən TBC Bank Olmayan Kredit Təşkilatının rəhbəri Nukridir. Əsl adı Spartak Tetraşvili olan bu şəxs N.Şurqaianın yaxın dostu bə biznes ortağıdır. Bu yaxınlıq Nukrinin "Yelo Bank”-da qeyri rəsmi əsas fiqurlardan birinə çevirib. İdarəçilikdə belə halların qanunvericiliyə və bankın iş prinsiplərinə, kollektivlə münasibətlərə zərbə vurduğunu deyən mənbə, İdarə Heyətini sədrinin bu amilləri nəzərə almadığını vurğulayıb.

Mənbə Maliyyə Bazarlarına Nəzarət Palatasının vaxtı ilə "Yelo Bank” haqqında təshih tədbirləri barədə məktub göndərdiyini xatırladaraq orada bir sıra qanunsuzluqlarla bağlı məsələlərin əks olunduğunu qeyd edib. "Palatanın fəaliyyətinə xitam verilərkən yəqin ki, Şurqaia başının üstünü alan problemlərin həll olunduğunu düşünüb sevinib. Amma sevinmək hələ tezdir. Şübhəsiz ki, böhran içində çabalayan bank sektoruna daha bir problemin əlavə olunmasına imkan verilməyəcək. Elə "Yelo Bank”-ın səhmdarları da buna hazır deyil. Yəqin ki, ciddi tədbir görüləcək”-deyə mənbə vurğulayıb.

Qeyd edək ki, "Yelo Bank”ın əsas səhmdarları Rusiyanın "Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərovdur. Ona məxsus "Topaz Investments” QSC bankın 95.68 faizinə, fiziki şəxslər 4.22 faizinə, "İSR Holdinq” isə 0.10 faizinə sahibdir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook