Vaqif Bəhmənli ömrünün illəri və əsərləri
Oktyabr 22
14:12
2015
Müasir Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, şair, tərcüməçi, publisist, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənlinin 60 yaşı tamam olub. Ədəbiyyat xadiminin yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanası tərəfindən tərtib olunan "Vaqif Bəhmənli. Biblioqrafiya" kitabı çapdan çıxıb.
Nəşrin tərtibçiləri Rəna Orucəliyeva, Cəlalə Məmmədova, ixtisas redaktoru və buraxılışa məsul Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov, redaktoru Əməkdar mədəniyyət işçisi Gülbəniz Səfərəliyevadır.
Kitaba geniş ön söz yazan AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov Vaqif Bəhmənlinin yaradıcılığından söz açır, poeziyasının özünəməxsusluğunu vurğulayır. Ədəbiyyatşünas alim yazır: "Vaqifin, demək olar ki, hər bir şeirinin "pasport"u var - ya mövzudan, ya ideya-məzmundan, ya dil-üslubdan, yaxud intonasiyadan, ya da (çox zaman!) hər üçündən bilirsən ki, müəllifin əhvalı necədi. Və bu mənada Vaqif Bəhmənli poeziyasına həmin poeziyanı yaradanın əhval-ruhiyyəsinin, ruhunun, düşüncələrinin ritminin tərcümeyi-halı (kardioqramı!) kimi də baxmaq olar. Çünki o, Sözdə yaşayır..."
"Azərbaycan ədibləri" seriyasından hazırlanan biblioqrafik nəşrdə Vaqif Bəhmənlinin həyat və yaradıcılığı, ictimai fəaliyyəti haqqında zəngin məlumat toplanıb. Həmçinin kitabda şairin Azərbaycan və digər dillərdə işıq üzü görən əsərləri - poeziyası, publisistik məqalələri, tərcümələri, tərtibçisi və redaktoru olduğu, ön söz yazdığı kitablar, haqqında dərc olunmuş materialların geniş biblioqrafiyası yer alıb.
Biblioqrafik göstəricidə materiallar bölmələr və yarımbölmələr üzrə xronoloji qaydada, daxildə isə əlifba sırasına uyğun qruplaşdırılıb. Kitab ədəbiyyatşünaslar, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.