SON XƏBƏR

Vasif Durarbəyli: Olimpiadada Azərbaycanın ikinci komandası üçün əsl uğur ilk “10-luğ”a düşmək olacaq

Sentyabr 05
17:07 2016
Rəqibim güclü qrossmeyster idi. Hər şey plana uyğun gedirdi. Lakin hindistanlı şahmatçı Pentala Harikrişna səhv etmədi və görüş heç-heçə tamamlandı. Yekunda son şans olaraq rəqibə tələ qursam da, o, aldanmadı.
 
Bu sözləri sentyabrın 4-də Azərbaycanın kişilərdən ibarət ikinci milli komandasının üzvü Vasif Durarbəyli mətbuat konfransında deyib.
 
Qeyd edək ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasının üçüncü turunda Hindistan yığması ilə qarşılaşan ikinci milli komandamızın heyətində birinci lövhədə yarışan Vasif Durarbəyli Pentala Harikrişna ilə sülh bağlayıb.
 
Turnirin ilk günlərində uyğunlaşma ilə bağlı müəyyən çətinlik yaşadığını vurğulayan şahmatçımız deyib: "Birinci tur mənim üçün uğurlu olmadı. Mozambik şahmatçısı ilə görüşdə səhvə yol verdim və yekunda heç-heçə qeydə alındı. Halbuki bir piyada üstün idim. İlk günlər çətinliklər oldu. Amerikadan yeni gəldiyimdən saat fərqinə uyğunlaşmaq üçün vaxt lazım idi”.
 
ABŞ-da təhsil alan şahmatçımız bunun elə də asan olmadığını söyləyib: "Dərslə şahmat asan alınmır. Buraya gəldikdən sonra kapitanımız ev tapşırıqlarını yerinə yetirməyə imkan vermir. Geri qayıtdıqdan sonra gecə-gündüz oxuyacağam ki, boşluğu aradan qaldırım”.
 
V.Durarbəyli birinci lövhədə mübarizə aparmasının səbəbini belə açıqlayıb: "Reytinqə görə mən komandada ikinciyəm. Lakin belə qərara alındı ki, ilk lövhədə mübarizə aparım. Çünki güclülərə qarşı yaxşı, zəiflərə qarşı pis oynayıram. Məqsədim mümkün qədər çox xal toplamaqdır. Ən pis halda, güclü şahmatçılarla heç-heçə etməliyəm”.
 
Qrossmeyster komandasının hədəfi barədə danışarkən deyib: "Reytinqə görə 28-ci sıradayıq. İlk "20-lik”də yer almağımız realdır. Amma bu nəticəni uğur yox, uğursuzluq hesab edəcəyəm. Bizim üçün uğur ilk "10-luğ”a düşmək olacaq”.
 
Şahmatçımız gələcək planları ilə bağlı konkret qərar qəbul etmədiyini bildirərək deyib: "ABŞ-da iqtisadiyyatı öyrənirəm. Gələcək planlarımla bağlı qərar qəbul etməmişəm. Dərslər çox vaxt aparır. Vaxtım olanda şahmatla məşğul oluram. Orada da güclü oyunçular var. Vyetnamın bir nömrəli şahmatçısı mənim otaq yoldaşımdır. Qrossmeysterlər çoxdur. Sent-Luis şahmat üçün uğurlu yerdir”.
 
Azərbaycanın ikinci komandasının kapitanı Emil Sutovski ilə bağlı suala cavabında şahmatçımız deyib: "Sutovski bir neçə ildir ki, bizimlə birgə "Odlar Yurdu” komandasında çalışır. Bir-birimizi çox yaxşı tanıyırıq. Qərarları o, qəbul edir, lakin bizim fikirlərimizə də qulaq asır”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook