Vaxtı keçmiş, saxta dərmanlar… – “Zeytun” apteklər şəbəkəsi məhkəməlik oldu
Avqust 02
10:16
2022
Azərbaycanda böyük apteklər şəbəkəsinə malik "Zeytun Pharmaceuticals” MMC barəsində növbti dəfə məhkəmə iddiası qaldırılıb.
Qlobal.Az "Qafqazinfo”ya istinadla xəbər verir ki, şirkət sanitariya-gigiyena və epidemioloji qanunvericiliyi pozmaqda təqsirli bilinir.
Belə ki, "Zeytun Pharmaceuticals” İnzibati Xətalar Məcəlləsinin 221.1-ci (bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, saxta dərman vasitələrinin istehsalı, satışı) maddəsi ilə ittiham olunur.
İnzibati protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. İşə hakim Hüseyn Səfərovun sədrliyi ilə baxılacaq. İddia təsdiqini taparsa, şirkəti 5 min manatdan 7 min manatadək cərimə gözləyir.
Qeyd edək ki, "Zeytun” apteklər şəbəkəsini özündə birləşdirən "Zeytun Pharmaceuticals”in qanuni təmsilçisi Bəhruz Şirəliyevdir. O, "Nurgün Holding”in rəhbəri Nuru Əliyevə yaxınlığı ilə bilinir.
Təsadüfi deyil ki, vaxtilə Nuru Əliyevin sponsoru olduğu "Rəvan” futbol klubunun vitse-prezidenti Bəhruz Şirəliyev olub.