SON XƏBƏR

Vergidən yayınanları hamı tanıyacaq

Yanvar 06
10:19 2020
Vergi ödənişi zamanı qaydaları gözardı edən və üzərində şübhə qalan ödəyiciləri hamı tanıyacaq. Bu, Vergi Məcəlləsinə əlavə edilən son dəyişikliklərdə öz əksini tapıb.
 
Xəzər TV xəbər verir ki, riskli vergi ödəyiciləri barədə məlumat kommersiya sirri kateqoriyasına aid edilməyəcək. Onların siyahıları Dövlət Vergi Xidmətinin internet saytında açıqlanacaq və hər bir vergi ödəyicisi başqa bir vergi ödəyicisi ilə müqavilə bağlayarkən onun bu siyahılarda mövcud olub-olmaması ilə bağlı araşdırma aparacaq.

İqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, bu dəyişiklikdə əsas məqsəd qanuni iqtisadiyyatın dairəsinin genişləndirilməsidir.

Eskpert qeyd edir ki, vergidən toplanan vəsaitlər bütün vətəndaşların həyat şəraitinə təsir etdiyindən riskli vergi ödəyicilərinin adının ictimailəşdirilməsi önəmlidir. Bu həm də ödəyicilərin bir növ imic məsələsinə çevriləcək.

Rəşad Həsənov bildirir ki, növbəti mərhələ kimi həmin şəxslərin dövlət satınalmalarından uzaqlaşdırılması da həyata keçirilə bilər. Bu isə maliyyə fəaliyyəti şəffaf olmayan şəxslərin dövlət satınalmalarının sonrakı risklərini öncədən aradan qaldırmış olar.

Qeyd edək ki, hansı şəxslərin riskli vergi ödəyicisi olmasını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müəyyən edəcək. Onların həmin siyahılardan çıxarılması qərarını da Dövlət Vergi Xidməti verəcək. Riskli vergi ödəyiciləri çatışmazlıqları aradan qaldırmasalar onların barəsində maliyyə sanksiyaları da tətbiq oluna bilər. Buna görə ekspertlər vergi ödəyicilərinə bu siyahılara düşməmək üçün şəffaf vergi hesabatları ilə işləməyi tövsiyə edirlər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook