SON XƏBƏR

Veteran futbolçu AFFA-dakı dəyişikliklərdən danışdı: “Bu tarakanlar haradan çıxır?”

Aprel 06
13:17 2024
Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Qarabağ”a 0:4 hesabı ilə məğlub olan "Neftçi”nin durumu hələ gündəmdədir.
 
Məğlubiyyət yarımfinal mərhələsinin cavab qarşılaşamaları çərçivəsində "Neftçi”nin finala adlamaq şanslarının üstündən böyük ehtimalla xətt çəksə də, ümidlər tam ölməyib. Bəs komanda niyə bu gündədir?

"Neftçi”nin sabiq futbolçusu Vladislav Qədirov gündəmdəki suallara aydınlıq gətirib. O, Qaynarinfo-ya açıqlamasında Bakı təmsilçisinin hazırkı vəziyyətinin səbəblərini izah edib, ardından AFFA-dakı dəyişikliklərə toxunub:

"Oyuna baxanda, "Neftçi”nin nə istədiyini, məşqçinin fikrini anlamaq olmur. Bir oyun udur, ikisini uduzur. Komanda buna layiq deyil. Əlbəttə, çətin olacaq, çünki birinci yer üçün oynayırlar. "Qarabağ” futbol oynayırdı, istədiyi vaxt təzyiqi artırırdı, qol vururdu. Məzmun görünür. "Neftçi”də isə bu yoxdur. Fikrimcə, bu tez-tez məşqçi dəyişdirilməsindən asılıdır. Komanda bir məşqçiyə uyğunlaşa bilmir, başqasını gətirirlər. Əslində, bu fikirləri çoxdan, illərdir deyirik. Bəlkə də komandanı düzəltmək istəyirlər. Sadəcə, işlərini düz qurmurlar”.

Qədirov klub rəhbərliyindəki dəyişikliklərdən sonra nəyə ümid edir? "Bilmirəm "Neftçi”yə kim gələcək. Ancaq ətraflarına futbol adamlarını yığmalıdırlar. Yoxsa, boş-boşuna kimlərisə gətirirlər. Şura-mura, hamısı boş söhbətlərdir. Futbolun içindən çıxmış adam sözünü deyir, istiqamət göstərir. Sadəcə, əl qaldırmaq düzgün deyil”.

Veteran futbolçu AFFA-dakı dəyişikliklərə də toxunub:

"Hamı kimi mənim də ümidlərim var, dəyişiklik olmasını gözləyirəm. Qan dəyişdirməli idilər, bunu etdilər. Amma necə olacaq? Futbol adamlarını toplasınlar, uşaq futboluna diqqət yetirsinlər. Bunu 15 il əvəl də deyirdim. "Niyə də yox” şüarları səsləndirirdilər. Həmin dönəmlərdə müvəqqəti də olsa qrupda liderliyə yüksəlmişdik. Sonra nə oldu? Yaxşı ki, San-Marino vardı. O şüarlar hamısı boş söhbətlər idi. Sonda bizi Norveç, Şimali İrlandiya da keçdi. Axırda beşinci olduq. "Zato” hamı yaxşı pullar qazandı. Nəticə isə yoxdur. Yadınızdadırsa, həmin vaxt San-Marinonun futbolçularından birindən soruşmuşdular ki, "sizə pul mükafatı verilirmi”. O da demişdi ki, "Azərbaycana ikinci dəfədir gəlirəm, bu elə mənim üçün mükafatdır” (gülür). Xorvatiya futbolçuları demişdilər ki, onlara mükafat verilmir. Mükafat birinci, ikinci yerləri tutanda verilməlidir. Bizimkilərə isə həmişə mükafat verdilər, amma sonda beşinci yeri tutdular. Bu nə startegiyadır? Futbolçu Azərbaycan bayrağını qaldırdığı üçün fəxr etməlidir. Pul verilməsi normaldır, amma bayrağımızı da düşünməlidirlər”.

Veteran futbolçu millinin baş məşqçi postuna yerli mütəxəssisin tərəfdarı olduğunu düşünür:

"De Byazi bizə nə verəcəkdi? Arif Əsədov işləsəydi ondan yaxşı olardı. De Byazi kimi uddu ki? Qazaxıstanı məğlub etdilər. Hansı ki, qazaxlar qrupu birinci yerlə bitirmişdilər və həmin oyun onlar üçün o qədər də önəmli deyildi. Bura turist kimi gəlib-getdilər. Slovakiya da o komanda deyildi. Lazım olan nəticəni qazanmamışdılar deyə, eniş yaşadılar, heyətdə dəyişikliklər aparıldı. Yeni komanda formalaşdırırdılar. İndi oynasaydılar, tam başqa olacaqdı”.

Bəs AFFA-nın yeni rəhbərliyinin tərkibində cəmi iki futbol adamının olması nə dərəcədə effekt verəcək:

"Fikrimcə, yeni tərkibdə 5-6 futbol adamı olmalı idi. İki nəfərlə heç nə edə bilməyəcək. Bundan əvvəl Kazbek Tuayev, Vaqif Sadıqov, İsgəndər Cavadov orada idi. Nə etdilər ki? Belə çıxır, yenə çətin olacaq. Fkri uşaq futboluna yönəltmək lazımdır. Yerindən duran əlinə fit alıb məşqçi olur. Necə ki, pul verib sürücülük vəsiqəsi alanlar, sonra da səviyyəsiz şəkildə maşın sürənlər var, futbolumuzda da belə məşqçilər çoxdur. 500 manat verib gedib məşqçi olurlar. Bu tarakanlar hardan çıxır? Onlar futbola nəsə vermirlər, əksinə, alırlar. Nəzarətçi olmalıdır, baxmalıdırlar. Belə insanları məşqçiliyə buraxanları cəzalandırmaq lazımdır”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook