SON XƏBƏR

Vidadi İsayevlə sahibkar kəndin otlağını necə ələ keçirdi? - 32 milyonluq skandal

İyun 16
14:23 2016
Azərbaycanda sahibkarlığın inkişafına xərclənən milyonlarla dövlət vəsaitinin bəzən məmurlarla iş adamlarının əlbir olaraq talan etdikləri haqqında bir neçə gün öncə məlumat vermişdik. 

Arqument.Az-a daxil olan məlumatda deyilirdi ki, "Sahibkarlığa Kömək Milli Fondu”nun 32 milyon manatlıq (kohnə ekvivalentlə 40 milyon dollar) güzəştli krediti hesabına başa gələn Qarabağ Aqrar Sənaye Kompleksində ciddi maxinasiyalar baş verib. 

Belə ki, ötən il istifadəyə verilmiş Qarabağ Aqrar Sənaye Parkının tərkibində 5 min tonluq logistik mərkəz, 4200 başlıq ətlik və südlük istiqamətli heyvandarlıq kompleksləri, illik 5,4 min ton istehsal gücünə malik ət kəsimi və emalı fabriki, saatda 10 ton yem istehsal edən zavodunun olması ehtimal olunurdu. 

Müəssisə istifadəyə verilən zaman yayılan rəsmi məlumatda vurğulanırdı ki, Qarabağ Aqrar Sənaye Parkında 300 nəfər daimi iş yeri ilə təmin olunacaq. Amma proses göstərdi ki, bütün bunlar sadəcə məlumat xatirinə yayılıb...
 


İcra başçısı sahibkarla birləşib kəndin otlağını "işğal” etdi...

Arqument.Az-a daxil olan ilginc məlumata görə, təməlindən ciddi korupsiya hallarına yol verilmiş müəssisədə hazırda göstərilən rəqəmin yarısı qədər də işçi çalışmır. Belə ki, burada çalışan işçilərin böyük əksəriyyəti ilə ümumiyyətlə əmək müqaviləsi bağlanmayıb. Bundan başqa Fondun maliyyə dəstəyi ilə yaradılan "Qarabağ Aqrar Sənaye Kompleksi”ndə ən böyük maxinasiyalardan biri müəssisənin tikintisi üçün 35 hektarlıq ərazinin alınması zamanı baş verib. Belə ki, guya 3 milyon manata alınan 35 hektar torpaq sahəsi əslində Bərdə rayonunun Mehdili kəndinin otlaq sahəsi olub. Sənaye müəssəsinin həmin otlaq sahəsində tikintisindən sonra kənd əhalisinə heç bir kompensasiya ödənilməyib. Əvəzində isə hazırda Bərdə rayonunda maldarlığın geniş yayıldığı 1500-ə yaxın təsərrüfatı olan Mehdili kəndinin əhalisinin heyvanlarının otlaq yeri yoxdur. 

Onu da qeyd edək ki, məlumata görə, Mehdili kəndinin müəssisə tərəfindən zəbt olunan 35 hektarlıq otlaq sahəsi əvvəlcə qeyri-qanuni olaraq pay torpağı kimi müəyyən şəxslərin adlarına sənədləşdirilərək sonradan "satın alınıb”.  

Müəssisədə heyvan artımı niyə baş vermir?

Azərbaycanda ət və süd məhsullarının bolluğunun yaranması məqsədi ilə 2009-cu ildən ölkəyə Almaniya, Fransa və Avstriyadan cins inəklər gətirilir. Qarabağ Aqrar Sənaye Kompleksi də bu cür sort heyvanların saxlandığı müəssisələrdəndir. Bu kompleksdə məlumata görə, əsasən Fransadan gətirilən "Şarole” və "Holşteyn Friz” cins inəkləri bəslənilir. Böyük həcmdə dövlət vəsaiti hesabına gətirilən bu heyvanların arasında ciddi tələfat faktlarının olduğu da deyilir. Səbəb isə kifayət qədər aydındır. İlk səbəb budur ki, "Qarabağ Aqrar Sənaye Kompleksi” bu cür cins inəklərin saxlanılması üçün əlverişli məkanda yerləşmir. Belə ki, adıçəkilən cins inəklər kompleksdə ancaq qapalı şəraitdə saxlanılırlar. Əslində isə bu cins inəklər ana vətənləri Fransada olduğu kimi gün ərzində (xüsusən sərin vaxtlarda) 6-8 saat təbiət qoynunda gəzərək təbii qida qəbul etməlidir. İstifadəyə verilən zaman məlumatlarda iddia olunduğu kimi 4200 baş iribuynuzlu cins inəklərin saxlandığı, ümumi ərazisi 35 hektar olan "Qarabağ Aqrar Sənaye Kompleksi”ndə isə sadəcə bu mümkün deyil. Bu müəssisədə saxlanılan hər bir baş heyvana 83.5 kvadratmetrdən də az yer düşür. Bütün sadaladığımız faktlardan sonra belə qənaətə gəlmək olur ki, dövlətin maddi dəstəyi hesabına yaradılan "Qarabağ Aqrar Sənaye Kompleksi”ndə əsas məqsəd sadəcə bir qrup adamın dövlətin ayırdığı külli miqdarda vəsaiti müxtəlif yollarla talamaq olub.

Qeyd edək ki, 1992-ci ildə əsası qoyulan sahibkarlığa, o cümlədən kiçik və orta biznesə Dövlət büdcəsinin vəsaiti hesabına güzəştli kreditlər verəcək ilk maliyyə qurumu – "Sahibkarlığa Kömək Milli Fondu” Respublikada sahibkarlığın dirçəldilməsi ilə bağlı bir sıra addımlar atıb. 

2002-ci ildə "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi Qaydaları"nın təsdiq edilməsi ilə fondun fəaliyyəti və sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi mexanizminin yenidən qurulması bu maliyyə qurumunun inkişafına böyük ümidlər yaradıb. 

2009-cu ildə ölkə başçısı İlham Əliyevin imzaladığı fərmanla "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”nda yenidən dəyişikliklər edildi. Fərmana əsasən Fondun kiçik, orta və böyük həcmdə verdiyi kreditlərin miqdarı və zamanı artırılıb. 

Bu fərman qeyri-neft sektorunun dirçəldilməsi məqsədilə verilmişdi. Məhz bundan sonra ölkədə Fondun dəstəyi ilə yüzlərlə fermer təsərrüfatları, sənaye kompleksləri - fabriklər yarandı. Ancaq bütün bunlarla yanaş, "Sahibkarlığa Kömək Milli Fondu”nun fəaliyyəti haqqında yerli mətbuatda zaman-zaman ilginc məlumatlar yayılıb. Bu məlumatlarda isə bir çox hallarda ciddi sual doğuracaq məqamlara toxunulub. Belə ki, Fondun verdiyi güzəştli kreditlər ayrı-ayrı müəssisələr tərəfindən mənimsənilib və ya düzgün xərclənməyib. Bu da əsasən regionlarda mövcud olan müəssisələrdə özbaşınalıq və nəzarətsizlikdən qaynaqlanıb. 

Qeyd edək ki, Aqrar Sənaye Kompleksinin direktoru Vahid Rzayevdir.  

Yazıdakı iddialarla bağlı sözügedən qurumların və şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
 
(Mənbə: Arqument.az)
 
Qlobal.az





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook