SON XƏBƏR

Vüqar Bayramov: Azərbaycan pambıq istehsalı həcminə görə yaxın illərdə dünyada ilk onluğa daxil ola bilər

May 04
12:00 2018
«Azərbaycan pambıq istehsalı həcminə görə yaxın illərdə dünyada ilk onluğa daxil ola bilər. Bu sahədəki dövlət siyasəti kənd təsərrüfatı ilə yanaşı, iqtisadiyyatın digər sektorlarının da inkişafı üçün əlverişli zəmin yaradıb». Bu fikirləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı ekspert Vüqar Bayramov deyib.
 
Prezident İlham Əliyevin sədrliyi ilə Bərdədə keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində müzakirə olunan məsələlərin önəmini xatırladan V.Bayramov bildirib ki, pambıqçılığın inkişafı ilə bağlı dövlət siyasətinin gücləndirilməsi məhsul istehsalının kəskin artmasına səbəb olub. Onun sözlərinə görə, post-neft dövründə kənd təsərrüfatında ənənəvi sahələrin dəstəklənməsi yeni iş yerlərinin yaradılmasına səbəb olmaqla, ölkənin ixrac qabiliyyətinin genişlənməsinə gətirib çıxarıb. 2017-ci ildə 207 min ton pambıq istehsal olunub ki, bu da 2015-ci illə müqayisədə 6 dəfə çoxdur. Belə ki, 2015-ci ildə Azərbaycanda 35 min ton pambıq istehsal olunmuşdu.
 
«Pambıqçılığın inkişafı eyni zamanda, regionlarda məşğulluğun gücləndirilməsi baxımdan da vacibdir. Bu sahədə artıq 200 minə yaxın iş yeri yaradılıb. Pambıqçılığın inkişafı gələcəkdə bu sahədə daha çox vətəndaşın çalışmasına imkan yaradacaq. Bu, regionlarda işsizlik səviyyəsinin azaldılmasına səbəb olmaqla yanaşı, həmçinin daha çox gəlirin əldə edilməsi baxımdan da vacibdir. İlkin qiymətləndirilmələr göstərir ki, pambıq istehsalının artırılması yaxın illərdə bu sahədə 300 minə yaxın insanın işlə təmin olunmasına imkan verəcək. Müşavirədə məhsuldarlığın artırılması da əsas hədəflərdən biri kimi qiymətləndirildi. Bu, bir tərəfdən əhalinin daha çox gəlir etməsinə, digər tərəfdən isə intensiv metod ilə istehsal olunan pambıq həcminin artırılmasına səbəbə olacaq. Yəni, növbəti illərdə pambıq istehsalının artırılması daha çox məhsuldarlığın yüksəldilməsi hesabına baş verəcək. Bu isə Azərbaycanda ənənəvi sektor olan pambıqçılığın inkişafı üçün yeni mərhələnin başlandığından xəbər verir»-deyə, iqtisadçı-ekspert qeyd edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook