SON XƏBƏR

Xalq şairi deputata şeir yazdı: "Yaşını demə"

Noyabr 27
21:39 2024
Xalq şairi Sabir Rüstəmxanlı Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlıya şeir həsr edib.
 
Sabir Rüstəmxanlı "Yaşını demə" adlı şeirini feysbuk səhifəsində paylaşıb. 
 
Qlobal.az xalq şairinin şeirini oxuculara təqdim edir:

YAŞINI DEMƏ

Tənziləyə

Ad günün mübarək, sevincim, dərdim,
Bu günə ən gözəl duyğumu verdim,
Sözüm gül-çiçəkdir, yoluna sərdim,
Çiçək yaşındasan, yaşını demə!

Bəlkə bahar gəldin, bəlkə qış gəldin,
Bəlkə məzarıma soyuq daş gəldin,
Nə zaman gəldinsə, mənə xoş gəldin,
İstək yaşındasan, yaşını demə!

Həsrətim sel idi – axını sənə,
Nə qədər nəğməm var, oxunur sənə,
Gülün ləçəyi də toxunar sənə,
Kövrək yaşındasan, yaşını demə!

Günəş şəfəqindən endirib bəlkə,
Məni bəxt atına mindirib bəlkə,
Allah cənnətindən göndərib bəlkə,
Mələk yaşındasan, yaşını demə!

Qanımı qaynadır səndən hər soraq,
Ruhumu dincəldir bu ev, bu otaq,
Sirrimi oxuyan, dərdimə ortaq,
Kömək yaşındasan, yaşını demə!

Sevgi yaşayırsa, ilin fərqi yox,
Könlüm sənindirsə, dilin fərqi yox,
Sinəmdə, sinəndə, gəlin, fərqi yox,
Ürək yaşındasan, yaşını demə!

28 noyabr



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook