Xaricdə qanunsuz silahlı birləşmələrə qoşulan Azərbaycan vətəndaşları həbs ediliblər - VİDEO
İyun 22
09:21
2023
Xarici ölkə ərazisində qanunsuz silahlı birləşmələrə qoşulan Azərbaycan vətəndaşları həbs ediliblər.
Qlobal.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytı məlumat yayıb.
Qeyd olunub ki, DTX-də aparılmış araşdırmalar nəticəsində Azərbaycan vətəndaşlarından ibarət, ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə qeyri-leqal yollarla Suriya Ərəb Respublikasının ərazisinə keçdikdən sonra həmin dövlətin İdlib şəhərində xüsusi hazırlıq düşərgəsində təlimlərə cəlb olunaraq müxtəlif növ odlu silahlardan istifadə qaydalarına yiyələnib, "Taifatul Mansura” adlı qanunsuz silahlı dəstənin tərkibində döyüşlərdə iştirak etmiş sabit qrupun üzvləri müəyyən olunmuş və barələrində beynəlxalq axtarış elan edilib.
Sözügedən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratma, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.