Xarici İşlər Nazirliyi Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Mart 14
11:06
2024
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa Parlamentinin 13 mart 2024-cü il tarixli qətnaməsinə şərh edib.
"Avropa Parlamentində Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən irəlilədilən bu qətnamə, "sülhün təşviq edilməsi” kimi təqdim olunmasına və guya Avropa İttifaqı-Ermənistan münasibətlərinə həsr olunmasına baxmayaraq, bütün faktların saxtalaşdırıldığı Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir.
Qətnamədə beynəlxalq əlaqələrin mahiyyətinə zidd olaraq siyasi etik normalardan kənara çıxan cəfəng və təhqiramiz ifadələrin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı açıq pozuntu dolu fikirlərin əks olunması qətnaməni irəli sürmüş Avropa Parlamenti üzvlərinin əsl mahiyyətini izah edir.
Avropa Parlamenti Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə müdaxilə əvəzinə Avropanı bürüyən daha ciddi problemlər, o cümlədən irqi ayrı-seçkilik, İslamofobiya, ksenofobiya, ekstremizm və miqrantlara münasibətdə qeyri-insani davranış kimi məsələlərlə məşğul olsa daha faydalı quruma çevrilər.