SON XƏBƏR

Xəstəxana və apteklərə şprisləri kim verir? - ARAŞDIRMA

May 13
10:30 2022
"Dövlət xəstəxanalarına, poliklinikalara və apteklərə külli miqdarda mənşəyi məlum olmayan, keyfiyyətsiz, hətta yararsız olduğu görünən şprislər paylanılıb. Bu şprislər ölümlərə səbəb ola bilər”. Qlobal.az xəbər verir ki, bu barədə Bizim.Media-ya "Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) rəhbəri Eyyub Hüseynov məlumat verib. Onun sözlərinə görə bu ilin fevralından etibarən AİİB-in qaynar telefon xəttinə məsələ ilə bağlı coxsaylı istehlakçı zəngi daxil olur:

"İstehlakçıların bildirdiyinə görə standartlara uyğun olmayan, qara porşenli və hətta silindir üzərindəki bölgü şkalası əllə toxunmaqla pozula bilən, porşenin sonluğunda yağa bənzər maddə olan, iynələrinin sonluğu paslanmış şprislər barədə məlumatlar verirlər, nümunələrini ofisimizə gətirirlər. AİİB-ə daxil olan və ardı kəsilməyən istehlakçı zəngəri bizi məcbur etdi k,i apteklərdə kiçik bir manitorinq aparaq və 2019-cu ildən bu sahədə bu günə olan dəyişikliyə nəzər yetirək. Məlum oldu ki bazarın 80%-dən çox apteklərində 2019-cu ildə ekspertizada standartlara uyğunsuzluğu təsdiqlənən şprislər bu gün də satılır. Üstəlik çeşid bolluğu var”.

Eyyub Hüseynov saxta şprislərlə bağlı Səhiyyə Nazirliyinin "Analitik Ekspertiza Mərkəzi” MMC-nin direktoru Murad Süleymanovun AİİB-ə ünvanlanmış məktubundan da söz açıb.

O, deyib ki, qurum rəsmisi cavab məktubunda "sizdəki şprislərin hansı mal partiyası ilə və kim tərəfindən gətirildiyini müəyyən etmək mümkün deyil. Əgər idxalina icazə verilməyibsə, bu məsələ inzibati və cinayət məsuliyyəti yaradır ki, bu hüquq mühafizə orqanlarının səlahiyyətləri daxilindədir” yazıb.

AİİB sədri həmçinin müxtəlif apteklərdən tələblərinə cavab verməyən şprislər aldıqlarını, kassa qəbzi ilə birlikdə ofislərində saxlanıldığını bildirib:

"A.A.Mirqasımov ev 2, S. Vurğun küçəsi, ev 112 ünvanında "Buta farm” MMC –də satışda olan İnjekt şprisləri istehsalçı adı "Nicomed LTD” göstərilsə də, istehsalçı haqqında digər məlumatlar ünvan, website, telefon nömrəsi və s. ümumiyyətlə qeyd olunmayıb.

Araşdırmamız zamanı məyyən olub ki, belə bir istehsalçı ümumiyyətlə mövcud deyil. Bu ad altında "Nicomed MMC” yerli şirkət çıxıb ki, onlar da istehsalçı deyillər. İstisna olunmur ki, "Nicomed” şirkəti bu şprisləri ölkəyə öz adı altında naməlum istehsalçıdan idxal edir və ya gizli bir şəraitdə özü istehsal edir.

Ağa Nemətulla küçəsi, ev 45, m 32 ünvanında yerləşən "Avis” aptekindəki (Maymed-Avis” MMC) "Braumann” şprisləri, istehsalçı adı "Care Medical Anhui” göstərilsə də digər məlumatlar qeyd olunmayıb. Belə bir istehsalçı da mövcud deyil.

Daha sonra Mirzəbala Məmmədzadə ev11 ünvanında yerləşən "Loğman”Aptekində satılan şprislərinin idtehsalçı adı "Nicomed LTD” göstərilib. əlavə məlumatlar barədə heç nə yoxdur. "Dr Para” şpirsləri, istehsalçı adı "Fada Medical Disposable İnstruments” göstərilib.

Belə bir istehsalçılar da mövcud deyil. Azadlıq prospekti, ev132, m5-də yerləşən "Sonar Farm” MMC (Elnur Depo kimi tanınan) "Regula” şprislərinin etiketlərinin üzərində istehsalçı məlumatları yoxdur, sifarişçi kimi isə "Doc. Pharma Srl” göstərilib. Həmin şirkət adı altında da məlumat tapmaq mümkün olmayıb.

Ən təhlükəlisi isə odur ki, şprisin üzərində "Paraldehidlə istifadə olauna bilməz” sözləri yazılıb. "istehsalçı” etiketdə xammalın tərkibi ilə bağlı əhəmiyyətli neqativ bir həqiqəti ortaya qoysa da, belə bir şpris növü heç bir standarta cavab vermir. Üstəlik heç bir istifadəçi xarici dildə, xırda şriftlərlə yazılmış bu yazıya əhəmiyyət vermir”.

Eyyub Hüseynv xatırladıb ki, "Regula” şprisləri ilə bağlı məsələ 2019-cu ildə də gündəmdə olub. Hətta, 2020-ci ildə bu təhlükəli şprislərlə bağlı ölüm hadisəsi baş verib.

"Həmin dövrdə dövlət orqanlarının səyi ilə təhlükəli şprislər bir müddət apteklərdə görünmədi. Bu gün yenidən ölkəni saxta və təhlükəli şprislər bürüyüb. Maraqlıdır, ölkəyə bu şprisləri kim idxal edir və idxal zamanı "Analitik Ekspertiza Mərkəzi” hansı rəyi bildirib? Gömrük Komitəsi təhlükəli şprislərin idxalında hansı mövqeni tutub? Ola bilsin ki, hansısa mərhələdə yenə də xeyir-dua məsələsi öz işini görüb”.

Qeyd edək ki, AİİB əldə olunan materialları təhlil edərək, istehlakçıların həyatı və sağlamlığı üçün təhlükə törədən şprislərin bazardan yığişdırılıb, ictimai məhvedilməsi üçün Nazirlər Kabinetinə, Daxili İşlər Nazirliyinə, Analitik Ekspertiza Mərkəzinə, Dövlət Gömrük Komitəsinə, İqtisadiyyat Nazirliyi yaninda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, Səhiyyə Nazirliyinə rəsmi müraciətlər göndərib.

Xatırladaq ki, 2019-cu ilin sentyabr ayında Azərbaycan Standartlaşdırma İnstitutunun o zamanki direktoru Namiq Tağıyev ölkədə standartların tələblərinə cavab verməyən, Türkiyə, Çin və digər ölkələrdən idxal olunan, insan sağlamlığı üçün təhlükə törədən şprislərin satıldığı barədə məlumat yaymışdı. Namiq Tağıyevin bu açıqlamasından sonra təhlükəli şprislərin aptek və klinikalara daxil olması müəyyən qədər məhdudlaşmışdı.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook