SON XƏBƏR

Yapon nəhəngi Rusiyadakı biznesinə son verdi – “Uniqlo” bütün mağazalarını bağladı, 10 milyard itirdi

Avqust 22
12:55 2023
Yapon pərakəndə geyim satışı şirkəti "Uniqlo” Rusiyadakı mağazaları üçün bütün icarə müqavilələrinə xitam verib.

"AzPolitika.info” xəbər verir ki, bu barədə "Vedomosti” nəşri yazıb.

Bu məlumatı nəşrə "Uniqlo” mağazalarının yerləşdiyi ticarət mərkəzlərinin sahibləri təsdiqləyiblər. Cərimələr ödənilərək icarə müqavilələrinə xitam verilib, bütün işçilər hər biri 11 aylıq maaş ödənilməklə işdən çıxarılıb, yapon menecerlər başqa ölkələrə köçürülüb.

Moskvada "Uniqlo” mağazalarının saytında "Lime”, "Gloria Jeans” və "Just Clothes” brendlərinin satış məntəqələri açılıb.

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlamasından sonra "Uniqlo” Rusiyadakı mağazalarını müvəqqəti dayandırdığını elan edib, lakin işçilərə daha bir il maaş verməkdə davam edib. 2022-ci ilin mart ayına qədər Rusiyada "Uniqlo” brendi altında 50 mağaza fəaliyyət göstərirdi, 2023-cü ilin yanvar ayının sonunda onlardan 27-si qalmışdı, lakin daha sonra hamısının fəaliyyəti dayandırıldı. "Kommersant” yazır ki, 2022-ci ilin sonunda "Uniqlo” Rusiyadakı biznesini bağlamasından 10 milyard rubldan çox pul itirib.

"Uniqlo”nun keçmiş rusiyalı tərəfdaşları "Vedomosti”yə bildiriblər ki, yapon pərakəndə satış şirkəti Rusiyadakı hüquqi şəxsini ləğv etməyi planlaşdırmır, çox güman ki, nə vaxtsa işini bərpa edəcəyinə ümid edir.

Nəşrin müsahibə verdiyi ekspertlər qeyd edirlər ki, "Uniqlo” təbii bahalı materiallardan istifadə edilməsinə baxmayaraq, malların dəyərini aşağı salmağa imkan verən unikal istehsal texnologiyalarına malikdir. Ekspertlərin fikrincə, indiyədək nə Rusiya, nə də başqa şirkətlər texnologiya və qiymət baxımından "Uniqlo”nun yerini tuta bilməyib.

Ümumilikdə Rusiyanın Ukraynaya hücumundan sonra mindən çox biznes qurumu Rusiyada fəaliyyətlərini məhdudlaşdırıb, onlardan 297-si ölkəni tamamilə tərk edib. ABŞ və Avropa ölkələri mütəmadi olaraq Rusiya şirkətləri ilə əməkdaşlığı qadağan edən və ya məhdudlaşdıran sanksiyalar tətbiq edir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook