Yaponiya Rusiyanı Kuril adalarında hərbi təlim keçirməkdən imtinaya çağırıb
İyul 28
14:59
2022
Yaponiya hökuməti Rusiyanı Kuril adalarının cənub rayonlarında hərbi təlim keçirməkdən imtina etməyə çağırıb.
"Report” TASS-a istinadən xəbər verir ki, bunu Yaponiya hökuməti Baş katibinin müavini Yosixiko İsodazaki bildirib.
"İyulun 27-də diplomatik kanallar vasitəsilə Rusiyaya regionda, o cümlədən şimal rayonlarında hərbi təlimlə bağlı təqdimat göndərmişik. Çünki bu təlimin keçirilməsi ölkəmizin ərazi məsələsi ilə bağlı mövqeyinə ziddir”, - o qeyd edib.
Məlumata görə, bir müddət əvvəl Rusiyanın Müdafiə Nazirliyi bölgədə "Vostok-2022” adı altında təlimlər keçirilməsinin planlaşdırıldığını açıqlamışdı. Təlimlərin avqustun 30-dan sentyabr 5-dək Şərq Hərbi Dairəsinin 13 poliqonunda keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Yaponiya Kuril zəncirinin dörd cənub adasına – İturup, Şikotan, Kunaşir və Habomaiyə İkinci Dünya müharibəsinin sonundan, yəni Sovet İttifaqı tərəfindən ilhaq edildikdən bəri iddia edir. 1956-cı ildə rəsmi Moskva və Tokio hərbi əməliyyatların dayandırılması haqqında bəyannamə imzalayıblar, lakin sülh müqaviləsi heç vaxt bağlanmayıb.
Yaponiya diplomatları 2003-cü ilə qədər adaları rəsmi olaraq "qanunsuz işğal edilmiş", 2012-ci ilə qədər isə "dədə-baba torpaqları" adlandırırdı. 2012-ci ildən hökumət Rusiya ilə kompromis əldə etmək ümidi ilə bu cür dildən yayınıb.
Yaponiya 1956-cı il Adalar Bəyannaməsinə qayıtmağa hazır idi. Həmin sənəddə SSRİ iki ölkə arasında sülh müqaviləsi imzalandıqdan sonra Habomai və Şikotan adalarının Yaponiyaya qaytarılmasına razılıq verib. 2019-cu ildə Yaponiyanın Baş naziri Sindzo Abe Kuril adaları ilə bağlı məsələyə son qoyacağına and içdiyini deyib. Lakin onun dövründəki danışıqlar heç bir nəticə verməyib.