Yaqub Mahmudov: “Bu gün milli dəyərlərimizə sel kimi basqı var”
Fevral 25
00:15
2018
"Fikrimcə, dünyada gedən proseslərin hansı məcraya yönəlməsi informasiyadan çox asılıdır. Əgər güclü dövlət başçılarının beyninə düzgün informasiya çatarsa, siyasət humanistləşər və bəşəriyyət dinc nəfəs alar. Amma bu, təəssüf ki, belə deyil!”
Tarix İnstitutundan verilən məlumata görə, bunu Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov bildirib.
Yaqub Mahmudov qeyd edib: "Tarixçi olaraq, müqayisə aparmaq istəyirəm. Məncə, tarixin inkişaf dövrlərinə təzə birini də daxil etmək lazımdır. Bunu ironiya ilə yox, həqiqət olaraq deyirəm: bizim bir neçə - Paleolit, Neolit, Eneolit və Dəmir dövrümüz var. Bugünkü isə informasiya texnologiyaları dövrüdür”.
Deputat deyib ki, Cümhuriyyət dövründə ölkənin böyük ziyalıları - Ceyhun bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Xəlil İbrahim və Üzeyir bəy Hacıbəyli "Azərbaycan” qəzetinin baş redaktorları olublar: "Azərbaycan” qəzeti 1918-20-ci illər ərzindəki saylarında Azərbaycanın dövlət, ictimai-siyasi, iqtisadi və mədəni həyatını geniş əks etdirib. Qəzetdə erməni-daşnak qulduru Andronikin Zəngəzur, Naxçıvan və Qarabağda Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı, vəhşiliklər, Ermənistan Respublikası ərazisində yaşayan azərbaycanlıların acı taleyi, onların kütləvi surətdə məhv edilməsi və ata-baba torpaqlarından qovulması haqqında çoxlu məlumatlar dərc edilmişdi”.
Akademik bildirib: "Üzeyir bəy Hacıbəyli sadəcə olaraq bizim peşəkar musiqimizin və jurnalistikamızın dahisi deyil, o, eyni zamanda Azərbaycan xalqının dövlətçilik tarixinin misilsiz ictimai, siyasi və dövlət xadimidir. Yeri gəlmişkən deyim ki, bu il buraxdığımız təqvim Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, onun hər vərəqi isə cümhuriyyəti quran siyasi və dövlət xadimlərinə həsr edilib. Cümhuriyyət tarixinin bəzi xadimləri ağır təqiblər şəraitində ölkəni tərk etsələr də, Üzeyir bəy onu nələr gözlədiyini bildiyi halda heç yana getmədi. Yəni vətən yolunda şəhid olmağı şərəf sayaraq, ölümün gözünə dik baxıb burada yaşadı”.
"Bu gün bizim mənəvi dünyamıza və milli dəyərlərimizə sel kimi basqı var. Bu basqılar xaricdən olanlardır. Məqsəd də budur ki, milli-mənəvi dəyərlərimizdən məhrum edilək, "müasir insan” olaq, torpağa bağlılıq hislərimiz azalsın və üzümüzü çevirək Qərbə doğru, oradan nə gəlirsə, kor-koranə qəbul edək!”, - deyə Y.Mahmudov qeyd edib.
Tarixçi alim bildirib: "Azərbaycan xalqı təcrübəsindən bilir ki, bu torpaqların ən qədim aborigen xalqı bizik. Bizim adımızı dünənə-srağagünə kimi "gəlmə” qoymuşdular. Guya, haradansa bura gəlmişik, kökümüz bilinmir, türkə dəxlimiz yoxdur və s. Nə bilim, irq olaraq aparıb Əfqanıstana çıxarırdılar. Stalin də deyirdi ki, İranın haradansa içərilərindən gəliblər...
Buraların ən qədim aborigenləri kim olsa yaxşıdır? Erməniləri Qafqazın ən qədim aborigenləri sayırdılar! Bax bu cür cəfəng informasiyalar bizim beynimizə yeridilmişdi. Hamı düşünürdü ki, biz elə, yəqin, gəlməyik də. Çox təəssüf ki, saç-saqqalı ağarmışlar belə kəndə gedəndə sual verirdilər: "Biz bura haradansa gəlmişik?” Yəni beyinlərə bu yeridilmişdi.
Amma Tarix İnstitutunun əməkdaşları Prezidentimizin birbaşa qayğısı ilə bu buzu sındırdı, əsl həqiqəti üzə çıxartdı. Ona görə də cənab Prezident cəbhə bölgələrində və konfranslarda bizdən danışır. YAP-ın bu yaxınlarda keçirilən VI qurultayında da ölkə başçısı əməyimizə yüksək qiymət verdi. Tarix İnstitutunun əməkdaşları sübut etdilər ki, Qafqazın aborigen əhalisi bizik. Bura köçürülüb gətirilmə əhali isə ermənilərdir. Onların burada dövləti olmayıb.
Son 14 ildə Tarix İnstitutunda 400-dən çox əsər çap olunub. Tariximizin bütün dövrlərini xalqımıza yenidən təqdim edirik”.
Qlobal.az